Əsas Səhifə > Partiya, Güney Press > AMİP-in sədr əvəzi Trampın müdafiəsinə qalxdı
AMİP-in sədr əvəzi Trampın müdafiəsinə qalxdı2-11-2016, 08:11 |
ABŞ-da prezident seçkilərinə sayılı günlər qalıb. Azərbaycanda hakimiyyət deputatlarının açıqlamalarından, hakimiyyət mediasında yazılanlardan belə qənaətə gəlmək olar ki, hakimiyyət düşərgəsi ABŞ-da Respublikaçılar Partiyasının namizədi Donald Trampın prezident seçilməsini istəyir. Müxalifət düşərgəsinin də böyük əksəriyyəti Demokratlar Partiyasının namizədi Hillari Klintonun ABŞ-da hakimiyyətə gəlməsini istədiklərini açıq şəkildə bəyan edirlər. Müxalifət düşərgəsi ümid edir ki, Hillari Klinton hakimiyyətə gələcəyi halda dünyada demokratiyaya ciddi dəstək verə, antidemokratik rejimlərə qarşı sərt mövqe ortaya qoya bilər. Onu da qeyd edək ki, vəziyyət belə davam etsə, ABŞ tarixinin ən maraqlı və namizədlərin bir-birinə qarşı sərt mübarizəsi ilə keçən seçkilərindən biri sayılan bu seçkilərin qalibinin məhz Hillari Klinton olacağı ehtimalı böyükdür. Azərbaycanda bəzi müxalifətçilər Respublikaçıların namizədi Donald Trampın təkcə seçilmək şanslarının Klintondan az olduğunu qeyd etmirlər, Trampı şizofrenik adlandırırlar. Məsələn, tanınmış politoloq Hikmət Hacızadə “Yeni Müsavat”a müsahibəsində deyib ki, Tramp şizofrenik adamdır. O bildirib ki, Hillari Klintonun seçilməsini istəyir: “Düşünürəm ki, Hillari seçilərsə, bu, Azərbaycan üçün müsbət hadisə olacaq. Tramp özü şizofrenik adamdır. Ondan, ümumiyyətlə, nə gözləyib-gözləmədiyimizi bilmirəm. Düzdür, indi deyirlər ki, guya o, Azərbaycanın dostudur, Azərbaycana pul qoyub və ya qoyacaq. Amma bunlar boş söhbətlərdir. Amma Hillari Klinton daha fərqlidir. Onun vəzifəsi Rusiyanı yerində oturtmaqdır. Və o, bunu eləməyə qadirdir. Obamanın etmədiyi, xarici siyasətdə qarışmadığı işləri Hillari edə bilər. Rusiyanı yerində oturtsalar, həm Ukraynaya, həm Gürcüstana, həm də bizə və ümumiyyətlə, ətrafdakı bütün keçmiş sovet respublikalarına böyük xeyri olacaq. Demokratik islahatlar gedəcək, rusun maneələri dayanacaq. Qarabağ münaqişəsi bizim xeyrimizə həll oluna bilər. Çünki indi erməninin arxasında rus dayanır, sabah isə mümkündür ki, olmasın. Ona görə də Hillari daha yaxşıdır". AMİP-in sədr əvəzi Arzuxan Əlizadə isə Donald Trampın prezident seçilməsini istəməyənlərdən olsa da onun şizofrenik adlandırılmasının əleyhinədir: “Mən bildiyim qədər Hikmət Hacızadə ixtisasca həkim deyil. Hətta həkim-psixiatrlar belə əhatəli müayinə etmədən kiməsə bu cür ağır diaqnoz qoymaqdan çəkinərlər. Xüsusilə də əgər belə diaqnoz ABŞ-ın artıq oturuşmuş iki aparıcı partiyasından birinin rəsmi namizədi olaraq prezident seçkilərinə qatılmış şəxs haqqında deyilirsə, bunu demokratik düşüncəli siyasətçiyə yaraşmayan münasibət hesab edirəm. Donald Tramp siyasət meydanında qeyri-adi çıxışları ilə fərqlənirsə, o demək deyil ki, şizofrenikdir. Onun prezident olmasını arzu etmədiyin üçün onu aşağılamalı deyilsən. Bizim Trampa necə münasibət bəsləməyimizdən asılı olmayaraq Tramp ABŞ-ın Respublikaçılar Partiyasının prezidentliyə namizədi olmaqla yanaşı, kifayət qədər tanınmış iş adamıdır və hesab edirəm ki, normal psixikaya və təfəkkürə malik olmadan belə uğurlara imza atmaq mümkün olmazdı. Ümumiyyətlə isə hər bir namizədin mənfi və ya müsbət cəhətləri ola bilər. Amma nəzərə almaq lazımdır ki, həmin şəxsin namizədliyini irəli sürən, ona dəstək olan və nəhayət, səs verən minlərlə, konkret olaraq haqqında danışdığımız halda isə milyonlarla seçici var. Milyonlarla insan ağılsız deyil ki, Trampa dəstək verir”. Geri qayıt |