Əsas Səhifə > Partiya, Güney Press > “Ermənilər Talışda Kosova ssenarisi hazırlayır”

“Ermənilər Talışda Kosova ssenarisi hazırlayır”


1-11-2016, 08:46
“Ermənilər Talışda Kosova ssenarisi hazırlayır”
Hazırkı reallıqda hərbi cəhətdən ermənilərlə növbəti təxribat hadisələri qarşısındayıq.

Bu sözləri Axar.az-a millət vəkili Zahid Oruc son günlər bütün cəbhəboyu ərazilərdə vəziyyətin gərginləşməsi barədə danışarkən deyib. Millət vəkilinin sözlərinə görə, müdafiə nazirinin Qarabağ bölgəsi üzrə zabitləri bir araya toplaması o deməkdir ki, ermənilərin hər bir addımı nəzarət altındadır:

“Lakin erməni KİV-ləri son günlər Aprel döyüşləri zamanı bütövlükdə köçkünlüyə uğramış Talış kəndinin, hətta ön cəbhədə sıravi ermənilərin yenidən öz yaşayışlarını bərpa etməsi ilə bağlı məlumatlar yayırlar. Başa düşüləndir ki, söhbət məhdud sayda ermənilərin o əraziyə qaytarılmasından gedir. Dördgünlük müharibə zamanı sayı 800-dən yuxarı olan erməni əhalisi Xankəndində müxtəlif mehmanxanalarda yerləşdirildi. Paralel şəkildə Azərbaycanın “növbəti bir soyqırım” sərgisini yaratmağa çalışsalar da, ATƏT və Avropa Şurasında guya çoxlu qətlə yetirilmiş ermənilərin şəkillərindən ibarət çarxları təqdim etsələr də, istəkləri baş tutmadı. Danışıqlara qatılmamaq, Talış kəndindən Azərbaycanın ermənilərə qarşı vandalizm səhnəsini formalaşdırmaq planları boşa çıxdı”.

Z.Oruc vurğulayıb ki, işğalçı dövlət indi də Azərbaycan tərəfindən nəzarət olunan ərazilərə müəyyən sayda erməniləri gətirməklə müxtəlif lokal toqquşmalar halında qətlə yetiriləcək ermənilərdən Kosova səhnəsi yaratmağa çalışır:
“Vaxtilə dünya serblərlə Kosova albanları arasındakı toqquşmada fərqli bir yol tutdu. Kandaliza Raysın təşəbbüsündən sonra Amerika tərəfdarları da qəbul etdi ki, serblər albanları qırıblar, yeni bir presedent yaranıb və soyqırıma məruz qalmış xalq müstəqilləşməlidir. Bu adla da Kosovanın azadlığını elan etdilər. İndi də deyirlər ki, Azərbaycan özü soyqırıma məruz qalmış tərəfdir, ona görə də onlar vəziyyəti bərabərləşdirmək üçün Talış kəndini və sakinlərini önə veriblər, bununla da göstərmək istəyirlər ki, yəqin paradı bu dəfə Talış kəndində Azərbaycan ordusu keçirəcək”.

Z.Oruc son günlər cəbhədə intensivləşən atəşin səbəblərini də açıqlayıb:

“Düşünürəm ki, bunlardan ikisini mühüm olaraq vurğulamalıyıq. Birincisi, beş rayonun qaytarılması məsələsi son dövrün ən aktual mövzusuna çevrilib. 1999-cu ildə parlamentin gülləbaranıyla ATƏT-in İstanbul sammitində Qarabağla bağlı çözümün üstündən necə xətt çəkdilərsə, indi də təxribatları genişləndirməklə buna nail olmağa çalışırlar.

İkincisi, Dördgünlük müharibə Ermənistanda hökumətin bütövlükdə qurban verilməsilə nəticələndi. Hazırkı müdafiə nazirinə qarşı silahlı qüvvələrdə böyük bir müxalif atmosfer dərinləşir. Vigen Sərksiyanın ordu birləşmələrinin onun ətrafında mövqe tutmağına cəhd göstərməsi yönündə belə təxribatlar baş verməkdədir.

Ancaq ermənilər təxminən də olsa bilirlər ki, Azərbaycan bu aylar ərzində hansı yeni silahları alıb və onların döyüş gücü hansı səviyyədədir”.

Millət vəkili hazırkı şəraitdə vəziyyətin Aprel hadisələrinin təkrarı kimi bir duruma gəlib çata biləcəyini də istisna etməyib:

“Beynəlxalq vasitəçilərin son aylar müəyyən səfərlərinə baxmayaraq, danışıqların tamamilə dayanması fonunda sanki hərbi qüvvələr prosesin önünə çıxır. Hesab edirəm ki, indiki reallıqda hərbi cəhətdən ermənilərlə növbəti təxribat hadisələri qarşısındayıq”.

Geri qayıt