Əsas Səhifə > Partiya, Güney Press > “Ölənə qədər elmlə məşğul olacağam”

“Ölənə qədər elmlə məşğul olacağam”


25-10-2016, 09:15
“Ölənə qədər elmlə məşğul olacağam”
ADP sədri Sərdar Cəlaloğlu Azərbaycanda siyasi fəaliyyətin getdikcə sanki əhəmiyyətsiz fəaliyyət növünə çevrildiyi, müxalif siyasi liderlərin get-gedə siyasətdən kənar fəaliyyətlərə meylləndiyi, şəxsən özünün siyasətdən elmə transfer olduğu barədə deyilənlərə münasibət bildirdi.

Sərdar Cəlaloğlu qeyd etdi ki, o və bir çox həmkarları siyasətə siyasətdən nəsə qazanmaq üçün yox, siyasətə nəsə vermək üçün qoşulublar. Həyatlarını riskə qoyub müstəqillik uğrunda mübarizəyə qalxıblar və əldə etdikləri nailiyyət əslində çox nəhəng bir nailiyyətdir: “Bizim siyasi fəaliyyətimiz dövründə Azərbaycanın müstəqilliyinə nail olmuşuq. Bu, bir siyasətçi üçün çox böyük nailiyyətdir. Nə qədər indiki hakimiyyətdəkilər desələr də ki, müstəqillik sanki göydən düşüb, əslində belə deyil. Onlar üçün göydəndüşmədirsə də, bizim üçün həyatımızı riskə qoymaq bahasına əldə edilmiş nailiyyətdir.

Şəxsən mən hər gün meydanlarda mübarizə apardığım dövrlərdə də elmi yaradıcılıqla məşğul olmuşam, kitablar yazmışam. Məsələn, “İlahi siyasət”adlı kitabım, 3500 səhifəlik “Tərəqqinin metofizikası”nı mən ADP meydanlarda olan vaxtlar yazmışam. Kitab yazıramsa, bu, o demək deyil ki, siyasi fəaliyyətlə məşğul deyiləm, siyasətdən gedirəm. Mənim elmi işimlə siyasi fəaliyyəti əlaqələndirmək əsassızdır. Mən “Mahiyyət” adlı kitabımı 1994-cü ildə yazmışam. Həmin kitaba görə mənə birbaşa elmlər doktoru adı elmi dərəcəsi vermək istəyirdilər. “İlahi siyasət” kitabını 1996-cı ildə başlayıb 2010-cu ildə bitirmişəm. Bu həmin dövrlər idi ki, siyasi fəaliyyətimin ən aktiv dövrləri idi. Rəsul Quliyev bizim partiyada olan dövrlərdə partiyanın ən aktiv meydan mübarizəsi dövrləri idi. Mən hətta o dövrlərdə də kitab yazmışam, elmi araşdırmalar aparmışam. Elmi fəaliyyət, kitab yazmaq mənim üçün adi bir həyat normasıdır. Bu işlə məşğulamsa, siyasətdən getməliyəm? İndiyə qədər 6 kitabım çap olunub, amma çapa hazır 10 min səhifəyə yaxın 6 dənə də kitabım var. Maliyyə tapsam bu saat həmin kitabları da çap elətdirərəm. Allah buyurur ki, ölənə qədər elmlə məşğul ol. Mən də bir müsəlman kimi buna əməl edirəm, ölənə qədər elmlə məşğul olacağam. Mən bayram günləri də, istirahət günləri də, bir sözlə, gecə-gündüz həm oxuyuram, həm yazıram. Mən bizim bəzi alimlərimiz kimi onun-bunun kitabından köçürmürəm. Mən fundamental şəkildə, bəşəriyyətin cavab verə bilmədiyi suallarla məşğul oluram və çox ciddi nailiyyətlər əldə eləmişəm. Hansısa partiya sədrləri siyasi tədbirləri olmadığı vaxtlarda oturub televizora baxırsa, sosial şəbəkələrdə qurdalanırsa, vaxtını boşuna keçirirsə, mən elmlə məşğul oluram. Amma mən siyasi fəaliyyətimdən ekonomiya edib elmlə məşğul olmuram. Mövcud şərtlər, imkanlar daxilində tam həcmdə siyasi işlə məşğul oluram. Amma siyasi fəaliyyətin lazımi effektinin olmadığı artıq mənimlə bağlı deyil, ölkədəki vəziyyətlə bağlıdır. Elmi fəaliyyətlə məşğul oluramsa, o demək deyil ki, siyasətdən gedirəm".

ADP sədri siyasətçilərin fəaliyyətinin məhdudlaşmasının səbəblərinin olduğunu dedi. Onun sözlərinə görə, son illərdə hökumət Azərbaycanda çox ciddi şəkildə siyasi fəaliyyəti məhdudlaşdıran addımlar atıb. Birincisi, qanunvericilikdə sərt qaydalar, yüksək məbləğdə cərimələrin tətbiqi qaydaları tətbiq edilib. İkincisi, ölkədə ağır iqtisadi vəziyyətdir və bu vəziyyətdən müxalifət cinahındakı siyasətçilər ikiqat əziyyət çəkirlər.

Bir çox müxalifətçilər hətta bu üzdən, yaşamaq üçün partiyalardan uzaqlaşmağa məcbur oldular: “Müxalif partiyaların maliyyələşmə qaynaqların hökumət tam olaraq kəsib. Kim hansısa partiyaya maliyyə yardımları edirdisə, ya həbsxanaya atıldı, ya biznesdən məhrum edildi. Beynəlxalq təşkilatların Azərbaycandakı demokratik qüvvələrə münasibəti də 180 dərəcə dəyişdi son 10 ildə. Əvvəllər müxalif siyasi liderləri xaricə dəvət edirdilər, xaricdən bura gələn beynəlxalq təşkilatların və bir sıra dövlətlərin rəsmiləri müxalifətlə görüşürdü. İndi bu ənənə aradan qaldırılıb. Digər tərəfdən, demokratiyaya dəstək verən beynəlxalq təşkilatların Azərbaycanda nümayəndəlikləri bağlanıb. Yəni siz əvvəlki illərlə son illərdə müşahidə olunan vəziyyəti müqayisə etsəniz görəcəksiniz ki, beynəlxalq ictimaiyyətin əvvəlki diqqəti 180 faiz tərsinədir.

Bu da bizim işimizdə əks olunur. Müxalifətə qarşı hökumətin iqtisadi sanksiyalar tətbiq etmədiyi dövrlərdə kifayət qədər aktiv olan müxalif siyasi qüvvələr indi blokada dövründə böyük əziyyət çəkirlər. Azərbaycan müxalifəti bu gün iqtisadi blokadaya alınıb. Türkiyədə partiya var ki, büdcəsi Azərbaycanın dövlət büdcəsi qədərdir. Dünyanın normal ölkələrində partiyaların pul problemi yoxdur. Azərbaycanda isə müxalif partiyalar, müxalif siyasətçilər pulsuzluqdan elementar toplantını təşkil etməkdə çətinlik çəkir. Təşkilati, təbliğati iş pul tələb edir. Müsavat Partiyasının başqanı və bir neçə müavinləri bugünlərdə Almaniyaya səfərə getdilər. Çox güman ki, onların səfər xərclərini xaricdəki müsavatçılar öz üzərlərinə götürüblər. İndi Azərbaycanın daxilində Arif Hacılı Lənkərana müsavatçıların konfransına getmək istəsin, görüm gedə biləcək?

Bir tərəfdən maliyyə problemi, bir tərəfdən də hakimiyyət strukturlarının əngəl yaratması imkan verməyəcək. Bir partiya sədri üçün bir rayon təşkilatının konfransında iştirak etmək 200-300 manata başa gəlir. 60-70 rayonun hərəsində bir dəfə olanda böyük məbləğdə vəsait lazım olur. Həmin vəsait isə müxalif siyasətçilərdə yuxarıda qeyd etdiyim səbəblərdən yoxdur. Ona görə də bizim rayonlara da səfərimiz azalıb, siyasi tədbirlərimiz də azalıb. Eləcə də Azərbaycanda telekanallar bizim üzümüzə qapalıdır. Əvvəllər nisbətən ANS-də çıxışlarımıza az-çox imkanlar var idi, lakin son zamanlar ANS o biri telekanallardan betər olmuşdu, ona görə də yaxşı oldu bağlandı. Yəni bizim siyasi fəaliyyətimizi qura biləcəyimiz vasitələrin böyük əksəriyyəti bizim iradəmizdən asılı olmayaraq əlimizdən alınıb. Nəticədə də isə kimlərdəsə belə təsəvvür yaranır ki, Sərdar Cəlaloğlu, filankəs siyasətlə məşğul olmur, siyasətdən gedir”.

S.Cəlaloğlu vurğuladı ki, siyasətçilər olaraq onlar daha aktiv siyasi fəaliyyət, iş aparmaq istəyirlər, lakin yuxarıda sadaladığı problemlər imkan vermir.

Geri qayıt