Əsas Səhifə > Partiya, Güney Press > Azərbaycan türkmən məsələsində niyə susur

Azərbaycan türkmən məsələsində niyə susur


25-10-2016, 08:54
Azərbaycan türkmən məsələsində niyə susur
İraqda Mosul əməliyyatları çərçivəsində son bir həftədə bölgənin türk əhalisi olan türkmənlərin qırğınlara məruz qalması hər kəsi ciddi şəkildə narahat edir. Türkiyə və Azərbaycan cəmiyyətlərinin əsas mövzusu məhz budur.

Amma maraqlıdır ki, iki qardaş ölkənin əhalisi dini, soykökü eyni olan türkmənlərə qarşı baş verənləri sərt şəkildə qınasalar da, narahatlıqlarını ifadə etsələr də, dövlət səviyyəsində bunların şahidi olmuruq.

İqtidaryönlü deputat Zahir Oruc bildirdi ki, türkmənlərin taleyi Azərbaycan hökumətini yaxından narahat edir: “Zənn etmirəm ki, qeyd olunan sükut mövqeyi müşahidəsizlik, diqqətdən kənarda qoymaq, onların taleyinə biganəlik kimi qavranmalıdır. Hansi siyasi addımların atılması başqa məsələdir. Bu məsələnin cəmiyyətin müxtəlif təbəqələrində parlamentdə, partiyalarda, beyin institutlarında müxtəlif notalar, bəyanatlarla qarşılanmasını istəyirlər. Düşünürlər ki, terrordan təmizləmək adı altında bu əməliyyatlarda əsas rol oynayan Amerikanın Azərbaycandakı səfirliyinə, dövlətin özünə müxtəlif reaksiyalar göstərmək, yaxud müraciət etmək lazımdır. Bir qisim şəxslər də var ki, daha irəli gedərək, türkmənlər məsələsinə biganəlik göstərməyin düzgün olmadığını və Türkiyə ilə birlikdə türkmənlərə hərbi yardımın göstərilməsini vacib sayırlar. Burada dövlətin maraqları nəyi tələb edir? Düşünürəm ki, Türkiyə ilə kardinal hərəkət etmək çox vacibdir. Çünki qardaş ölkə bütün hallarda bu problemlərin içərisindədir. Həmin məkandan gələn təhlükələr Türkiyənin üzərindədir. Biz bu məsələdə mövqeyimizi həmin ərazilərin tarixi Azərbaycan torpaqları olması, yaxud milli-etnik amil üzərindən deyil, eyni zamanda Türkiyənin təhlükəsizliyi üzərindən çıxış edə bilərik. Deputatlar, dövlət rəsmiləri səviyyəsində bu məsələyə aktiv şəkildə münasibət göstərilə bilər. Bunu zəruri sayırıq. Burada dövlətin ali rəhbərliyindən qərarlar və hərəkət gözləmək də düzgün olmazdı. Çünki çox mürəkkəb bir dövrə qədəm qoymuşuq. Dünyanın yenidən bölüşdürülməsi əməliyyatları getməkdədir. Bu gün göstərdiyin reaksiyalar, sanki səni böyük hərbi, siyasi oyunun içərisinə salır. Ona görə də bunları nəzərə alaraq, deputatlar, siyasi institutlar, partiyalar səviyyəsində məsələyə münasibət sərgilənə bilər”.

“Azərbaycan” qəzetinin baş redaktoru, YAP-çı deputat Bəxtiyar Sadıqov bildirdi ki, ərazi bütövlüyü ilə bağlı yaşadığı problemləri həll edə bilməyən bir ölkənin bununla bağlı mövqe bildirməsi düzgün deyil: “Azərbaycanın özünün əraziləri təcavüzə məruz qalıb, torpaqlarımız işğal altındadır. BMT-nin məlum 4 qətnaməsi indiyə qədər icra olunmayıb. ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələr heç bir iş görə bilməyiblər. Son dərəcə dişsiz ”fəaliyyət" göstərirlər. Bir misal var, “özünə umac ova bilmir, özgəsinə əriştə kəsir”. İndiki vəziyyətdə öz problemlərimizin həllinə nail ola bilməmişik. Bu baxımdan, hesab edirəm ki, Azərbaycan kimi dövlətin bu məsələ ilə bağlı hansısa addımı atması, açıqlama verməsi uyğun deyil. Sən öz problemini həll edə bilmisənmi, başqasına kömək edirsən. Humanitar yardım məsələsi gündəmə gəlsə, Azərbaycan daim buna hazırdır. İndiyə qədər belə yardımlar dəfələrlə olub. Dövlətimiz yenə də hazırdır. Amma kimə necə çatdırılacağı, kimin çatdıracağı, hansı yollarla bunu edəcəyi də müəmmalıdır. Çünki hazırda hərbi əməliyyatlar gedir. Biz azərbaycanlı, müsəlman olaraq, türkmənlərə ürəyimiz yanır. Rəngli inqilablardan, hansısa “bahar”lardan əziyyət çəkən, öz yurd-yuvasından didərgin düşən, dənizlərdə boğulanların vəziyyətlərini başa düşürük. İlk növbədə, insan kimi acıyırıq. Dünyanı idarə edən güclər qan çanağı yaradırlar. Bunlar bizim yardımlarımız, köməyimizlə həll olunan məsələ deyil. Arzu edək ki, o insanlar, siyasətçilər ağıla gəlsinlər, hamının insan olduğunu, hər bir ölkənin vətəndaşlarının insan kimi yaşamaq hüququnun olduğunu qəbul etsinlər. Özü də onların öz evlərində, vətənlərində yaşamaq hüquqlarını anlasınlar və buna şərait yaratsınlar".

Geri qayıt