Əsas Səhifə > Partiya, Güney Press > YAP mitinq keçirəcək?

YAP mitinq keçirəcək?


20-09-2016, 08:54
YAP mitinq keçirəcək?
Referenduma bir həftədən az müddət qalır. Ölkə müxalifəti təşviqatçı kimi proseslərdə iştirak etməsə də, indiyə qədər referendum əleyhinə üç mitinq keçirib. Amma maraqlıdır ki, referendum kampaniyasında “Yeni Azərbaycan” Təşviqat Qrupu kimi qeydiyyatdan keçən hakim partiya hələ təşviqat mitinqi keçirməyib.

Dia.az xəbər verir ki, “Azərbaycan” qəzetinin baş redaktoru, YAP-çı deputat Bəxtiyar Sadıqov “Yeni Müsavat”a açıqlamasında hakim partiyanın mitinq keçirməməsinin səbəblərini belə izah etdi: “YAP-ın funksionerlərindən deyiləm. Ona görə Yeni Azərbaycan Partiyasının adından danışmağa çətinlik çəkirəm, bu səlahiyyətim də yoxdur. Amma referendumla bağlı partiyamızın gördüyü məqsədəuyğun işlər var. Bu işlərin qrafiki tutulub.

”Yeni Azərbaycan" Təşviqat Qrupunun səlahiyyətli şəxslərindən biri mənəm. Rayondan təzə qayıtmışam. Ayın 21-22-23-də də rayonlarda olacam, azı 8 tədbirdə iştirak edəcəm. Referendumla bağlı danışıqlarımız olacaq. Stadionlarda görüşlər keçiririk. Bərdədə 3 min insanın iştirakı ilə görüşümüz oldu. Yağışlar yağdığına görə iritutumlu mədəniyyət evlərində görüşlər keçiririk. Mitinq nə verir ki?

Müxalifət, xüsusən Milli Şura qrant almaq, bunu fiksə etmək üçün elə tədbirlər keçirir. Məsələ bundadır ki, referendumun mahiyyətini insanlara çatdırmaq lazımdır. Əgər Azərbaycan inkişaf edirsə, islahatlar gedirsə, bu islahatlara dəstək varsa, mitinqlər nəyə lazımdır?”.

Geri qayıt