Əsas Səhifə > Partiya, Güney Press > YAP-çılar referendumdan sonra inqilabi dəyişikliklər vəd edir
YAP-çılar referendumdan sonra inqilabi dəyişikliklər vəd edir30-08-2016, 09:12 |
Azərbaycanda keçiriləcək referenduma bir aydan az vaxt qalır. Sentyabrın 26-sı yaxınlaşdıqca referendum ətrafında müzakirələr qızışır. Müxalifət düşərgəsi gedən prosesləri ölkənin gələcəyi üçün təhlükə hesab etsələr də, iqtidar təmsilçiləri bunun əksini düşünür və gələn ayın 26-dan sonra Azərbaycanda bütün sahələrdə inqilabi dəyişikliklərin olacağının anonsunu verirlər. Aznews.az-a açıqlamasında YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə bildirib ki, sentyabrın 26-da konstitusiyada edilən dəyişikliklər Azərbaycan tarixində yeni bir səhifə açacaq: “İqtisadi sahədə inqilabi dəyişikliklər ediləcək. İndiki konstitusiya ilə vətəndaşın mülkiyyət hüququ toxunulmazdır. Ancaq təəssüflər olsun ki, bu toxunulmazlıq bəzən sui-istifadəyə gətirib çıxarır. Məsələn, özəlləşmə dövründə bir sıra şəxslər qanun əsasında böyük torpaq sahələrinə malik oldular. Hazırda isə həmin torpaq sahələrindən istifadə olunmur. Azərbaycanın əkinə yararlı torpaq sahəsi azdır, bir hissəsi isə sadəcə olaraq, şəxsi mülkiyyətdə olduğuna görə istifadə edilmir, onları yenidən dövriyyəyə çıxarmaqsa qeyri-mümkündür. Konstitusiyaya edilən dəyişikliklər isə bu problemin həllinə kömək edəcək. Belə ki, torpaq istifadə edilmədikdə məhkəmə yolu ilə hüquqi şəxsdən bazar qiymətinə ödəniş edilməklə alınıb və yenidən təsərrüfat dövriyyəsinə buraxılması mümkün olacaq. Dəyişikliklər problemlərin çevik həll olunmasına, yeniliklərin cəsarətlə həyatımıza daxil olmasına, iqtisadiyyatın güclənməsinə, ən əsası isə vətəndaşın hüquqlarının möhkəmlənməsinə, digər tərəfdən sosial vəziyyətin yaxşılaşmasına kömək edəcək”. Parlament üzvü Zahid Oruc isə “Yeni Müsavat”a verdiyi son müsahibəsində referendumdan sonra hökumətin fəaliyyətində "ASAN xidmət" modelinin tətbiqinin mümkünlüyündən söz açıb: “Referendumdan sonra hökumətin fəaliyyətində ”ASAN xidmət" modelinin sürətlənməsi daha çox qabardıla bilər ki, bu, hamının xeyrinədir. Dövlət başçısına komandasını yeniləşdirməyə heç kəs mane ola bilmir. Çünki cənab prezidentin iradəsi qarşısında özünü vaxtilə toxunulmaz kastanın üzvü sayanlar da duruş gətirə bilməyiblər. Referendum idarəçilikdəki təkmilləşməni həyata keçirmək, prezidentin xalqa uzanan əllərinə olan maneçilikləri ortadan qaldırmaq və insanların dövlətdən, hökumətdən gözləntilərini tam reallaşdırmaq üçündür". Göründüyü kimi, iqtidar təmsilçiləri referendumdan danışarkən birmənalı şəkildə inqilabi dəyişikliklərin olacağını deyirlər. Sabiq baş nazir, AXP lideri Pənah Hüseyn deyilənlərin əksini düşünür. O hesab edir ki, azad siyasi rəqabət mühiti referendumdan sonra ciddi şəkildə geriləyəcək: “Azərbaycan, hər halda, çağdaş dövrdə tutduğu yoldan əksinə doğru hərəkət etməyə başlayacaq. Konkret bu istiqamətdə indidən danışmaq tez olsa da, amma əlamətləri görünür. İnqilabi müsbət dəyişiklikləri kənara qoyuram, hər hansı bir cüzi müsbət dəyişikliyi belə görmürəm”. “Azərbaycan” qəzetinin baş redaktoru, YAP-çı deputat Bəxtiyar Sadıqov inqilabi dəyişiklər barədə fikir səsləndirməyin əleyhinədir: “Prezident Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi barədə Referendum Aktı imzalayıb. Yəni islahatlar aparmaq üçün bunun qanuni bazası yaradılır. Əsas qanunumuzda müəyyən dəyişiklər aparılır. Söhbət islahatlardan gedir, burada inqilabi dəyişikliklər sözlərini işlətməyi yerinə düşmüş hesab etmirəm. İndiyə qədər cənab prezident müxtəlif islahatlar keçirib. Bu islahatların hamısı da zərurətdən doğub. Prezidentimizin bir fikri var ki, siyasi islahatlar iqtisadi cəhətdən təmin olunduqda uğur gətirir. Siyasi həyatda inkişaf varsa, iqtisadi cəhətdən dövlət daxilindən dəstək olmalıdır. İqtisadi cəhətdən isə qarşıya müəyyən problemlər çıxırsa, burada da siyasi dəstək önəmlidir. Bütün hallarda bu məsələlər qanuni yolla həll olunmalıdır. Azərbaycanın inkişafı dövlət başçısının daim nəzarətindədir. Məhz indi də onun təşəbbüsü ilə referendum yolu ilə konstitusiyaya dəyişikliklər həyata keçirilir. Burada nə inqilab görürəm, nə də prosesləri inqilabi dəyişiklərə gedən yol kimi görürəm. Artıq üçüncü dəfədir ki, biz konstitusiyada dəyişikliklər etmək istəyirik. Bunu xalqın müzakirəsinə veririk. Xalqın dəstəyi ilə bu proses baş tutacaq. Əgər prezidentimiz bunların baş tutmasını lazım bilirsə, zərurət olduğunu hesab edirsə, o zaman xalqın buna dəstək verəcəyinə inanıram. Bunların Azərbaycanın inkişafı üçün yeni bir təkan olacağını düşünürəm. Söhbət inqilabi inkişafdan getmir, çünki biz daim inkişaf edirik, referendumu inqilabi dəyişiklik yox, zərurəti dəyişiklik kimi qiymətləndirirəm”. Geri qayıt |