Əsas Səhifə > Partiya, Güney Press > Referendumdan sonra Nazirlər Kabinetinə ehtiyac qalmaya bilər...

Referendumdan sonra Nazirlər Kabinetinə ehtiyac qalmaya bilər...


24-08-2016, 08:39
Referendumdan sonra Nazirlər Kabinetinə ehtiyac qalmaya bilər...
Azərbaycan sentyabrın 26-da keçiriləcək referendumu müşahidə etmək üçün Avropa Şurası Parlament Assambleyasına (AŞPA) dəvət göndərib. Bu barədə APA-ya AŞ PA-dan məlumat verilib. AŞ PA bürosu sentyabrın 5-də keçiriləcək növbəti iclasında bu dəvəti nəzərdən keçirəcək.

Referendumla bağlı yaradılan təşəbbüs qruplarına təşviqat qrupu kimi qeydə alınmaq üçün 41 min imzanı və lazımi sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim etmələrinə qoyulan müddət isə dünən başa çatıb. Bəlli olub ki, ümumilikdə prosesə beş təşəbbüs qrupu qatılıb MSK-dan imza vərəqələri götürsə də REAL Vətəndaş Hərəkatı imza kampaniyasını yarımçıq dayandırıb. REAL təmsilçisi bunu qurumun rəhbərliyinə qarşı son vaxtlar həyata keçirilən həbslərlə və maneələrlə əlaqələndirib.

Təşəbbüs qruplarından üçü isə artıq qeydə alınıb. Bunlar YAP-ın yaratdığı “Yeni Azərbaycan”, bir qrup QHT-nin yaratdığı “Vətəndaş cəmiyyəti”, bələdiyyələrin yaratdığı “Bələdiyyə” təşviqat qruplarıdır. İmza vərəqələrini MSK-ya təhvil verən dördüncü təşviqat qrupu isə Müsavat Partiyasının yaratdığı “Respublika” təşəbbüs qrupudur. “Respublika” üçün toplanan 41 mindən yuxarı imza və lazımi sənədlər avqustun 22-də MSK-ya təqdim edilib. Müsavatdan bildirilib ki, respublika üzrə 88 seçki dairəsi əhatə edilib, 824 imza vərəqində 41 128 seçici imzası təhvil verilib MSK-dan müvafiq arayışı alınıb. Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, MSK “Respublika” təşviqat qrupunun qeydə alınması barəsində 7 gün ərzində qərar verməlidir.

Sentyabrın 3-dən isə referendumla bağlı təbliğat-təşviqat kampaniyasına rəsmi start veriləcək. Kampaniya sentyabrın 25-də səhər saat 8-də dayandırılacaq.

Təbliğat-təşviqat kampaniyasının aparılması üçün “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna uyğun olaraq şəhər və rayonlarda müəyyən edilmiş açıq və qapalı yerlərin siyahısı da dünən açıqlanıb. Şəhər və rayonlarda 117 seçki dairəsi üzrə 128 açıq və 128 qapalı yer (ümumilikdə 256 yer) müəyyən edilib.

Referendum öncəsi mitinq keçirilib-keçirilməyəcəyi hələ dəqiq bəlli olmasa da YAP icra katibinin müavini Siyavuş Novruzov bildirib ki, Azərbaycanda mövcud şərait insanları qane edir. Ona görə kütləvi etiraz aksiyalarının keçirilməsinə ehtiyac yoxdur. “Report”a açıqlamasında Siyavuş Novruzov deyib ki, referendumdan sonra etiraz aksiyalarının olacağını iddia edənlər proqnozlarında yanılırlar.

Referendumda Konstitusiyaya dəyişikliklər edildikdən sonra Azərbaycanda idarəçilik sistemində ciddi dəyişikliklər, islahatların həyata keçiriləcəyi, bunun bir konstitusiya tələbi olaraq reallaşdırılacağı deyilir.

Ən ciddi dəyişikliyin Nazirlər Kabineti ilə bağlı olacağı artıq xeyli vaxtdır müzakirə mövzusudur. Bu müzakirələrin təsadüfi olmadığı, reallığa əsaslandığını avqustun 23-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin APA-ya verdiyi açıqlamalardan da görmək olar. Ə. Hüseynli bildirib ki, Azərbaycanda son dövrlər həyata keçirilən islahatların sürəti ilə Nazirlər Kabinetinin idarəetmə sistemi arasında böyük təzad var.

Bu kontekstdə icra hakimiyyəti institutunda həyata keçirilən institusional islahatlar daha çox əhəmiyyət kəsb edir: “Bu, Azərbaycanda vitse-prezidentlər institutunun yaradılması ilə bağlı təklif edilən müddəalardır. Uzun müddətdir ki, cəmiyyətimiz, insanlarımız ölkə prezidentinin həyata keçirdiyi islahatlara birbaşa rəhbərlik etdiyini müşahidə edirlər. Başqa sözlə, prezidentin bu islahatları daha çox birbaşa administrasiyası vasitəsilə həyata keçirdiyi də görünür. Baxmayaraq ki, Nazirlər Kabineti mövcuddur, qərarlar qəbul edilir və o qərarlar müəyyən bir müddət çərçivəsində qəbul edilir. Amma ölkə prezidenti tərəfindən qəbul edilən qərarların sürətli icrasını müşahidə edirik. Bu, daha çox yeni institusional islahatları tələb edir. Bu baxımdan, prezident tərəfindən təyin ediləcək vitse-prezidentlər institutunun yaradılması bir zərurətə çevrilir. Bu, iqtisadiyyatın bütün sahələrində müşahidə etdiyimiz bir reallıqdır”.

Ə. Hüseynli Azərbaycanda son dövrlər həyata keçirilən islahatların sürəti ilə Nazirlər Kabinetinin idarəetmə sistemi arasında böyük təzad olduğuna diqqət çəkib: “Əlbəttə, Nazirlər Kabinetinin mövcud konstitusiyaya və qanunvericiliyə uyğun olaraq öz səlahiyyətləri var və öz icra mexanizmləri mövcuddur. Nazirlər Kabineti kollegial orqandır. Hüquq sahəsi ilə bağlı deyə bilərəm ki, çoxlu sayda sənədin, hətta qanunvericilik aktlarının qəbulu ilə bağlı müəyyən zamana ehtiyac olur. Nazirlər Kabineti həmin sənədlərə baxır, təbii ki, kollegial orqan olduğu üçün aidiyyəti nazirliklərə göndərir. Nazirliklərdə sənədlər hazırlanır, onlara viza qoyulur, yenidən Nazirlər Kabinetinə qaytarılır. Bu proses bəzən aylarla sürən prosesə çevrilir. Bu gün isə Azərbaycanın indiki inkişaf mərhələsi, onun regionda, dünyada tutduğu mövqe fonunda qərarların çox sürətlə, bir neçə gün, bəzən saatlarla ölçülən zaman çərçivəsində qəbulu və icraya yönəlməsi tələb olunur”.

Ekspertlər hesab edir ki, əslində Əli Hüseynli bu açıqlamaları ilə siyasi hakimiyyətin Nazirlər Kabineti ilə bağlı çox ciddi qərarlar vermək ərəfəsində olduğunun anonsunu verib.

Geri qayıt