Əsas Səhifə > Partiya, Güney Press > "Kənd təsərrüfatı naziri bir metr torpaqda taxıl əkməyib"

"Kənd təsərrüfatı naziri bir metr torpaqda taxıl əkməyib"


5-08-2016, 09:01
"Kənd təsərrüfatı naziri bir metr torpaqda taxıl əkməyib"
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev “Yeni Müsavat”a müsahibə verib.
H.Hacıyev öncə keçiriləcək referendumla bağlı sualımızı cavablandırıb:

- Ölkədə dəyişikliklər gözlənilir, prezidenti çalışır ki, Azərbaycanı irəli aparsın, dünyada daha da geniş təbliğ etsin, tanıtsın. Amma onun ətrafında olan bəzi qüvvələr buna imkan vermir, bu, birmənalı şəkildə belədir. Özünüz də görürsünüz ki, prezidentə nə qədər basqılar var - istər daxildən, istərsə də xaricdən. Prezident sərəncam verir, sərəncamlar icra olunmur. Məsələn, sizə bir fakt deyim: prezident İlham Əliyev 8-9 ay bundan əvvəl bir sərəncam verdi, “Ərzaq məhsullarının tədarükü və təchizatı” ilə bağlı böyük ASC qurumunu yaratdı, Kənd Təsərrüfatı Nazirliyinə tapşırıq verdi ki, iki ay müddətinə bununla bağlı Nazirlər Kabineti prezidentə hesabat versin. İnanırsız ki, bu günə qədər o fərman yerinə yetirilməyib?! Nəinki həmin fərman, bir neçə fərmanlar da var ki, yerinə yetirilməyib. Prezident də görür ki, verdiyi tapşırıqlar “sobataj” olunur, ona güclü komanda lazımdır.

Bu baxımdan, konstitusiyaya edilən dəyişiklikləri normal qarşılamaq lazımdır. Doğrudur, bəzi dırnaqarası müxalif qüvvələr bunu ölkədə şahlıq, hakimiyyətin bir əldə cəmləşməsi kimi qələmə verirlər. Mətbuata baxıram, indidən vitse-prezident kimi bəzi adlar çəkilir. O adların arasında çox layiqli adamlar var. Onun ətrafındakı xəyanətkar insanlardansa belə bir etibarlı insanlar olsa, daha yaxşıdır. Və yaxud mən Hafiz Hacıyev, cənab prezidentin yanında vitse-prezident olsam, bunun nəyi pis olar? Həqiqəti deyə, xalqımın problemlərini birbaşa prezidentə çatdıra və onun həll edilməsində böyük xidmətlərim ola bilər.

Referendumdan sonra yenə də həmin “qocalar evində”ki pensiyaçıları, yaltaqları, rüşvətxorları, üzdə prezidentə yaltaqlanıb, arxada xəyanət edənləri gətirib ora yığsalar, bu, dövlətçilik ənənələrinə böyük zərbə olacaq. İstərdim ki, referendum keçirilsin və ləyaqətli insanlar seçilsin. Azərbaycan xalqı yeni simalar, üzlər görmək istəyir. İstərdim ki, müxalifət də bu məsələdə prezidentə kömək etsin ki, prezident ətrafını 30 illik kif basmış insanlardan təmizləsin.

- Belə çıxır ki, vitse-prezident olmaq arzusundasınız?

- İlham Əliyevin ətrafında mənim kimi etibarlı insan olsa, bunun nəyi pisdir?! Özüm nazir işləmişəm, böyük həyat təcrübəm var, kifayət qədər yaxşı vaxtımdır. Sizi inandırım ki, mən prezidentin yanında olsam, bir dənə yalan informasiya çatdırmayacam. Yoxsa ki, hamısı bir-biri ilə kirvədir, qız verib, qız alıblar. Bu insanları aparıb ətrafında vitse-prezident qoysa, çatışmazlıqların üstünü ört-basdır edəcəklər. Kənd təsərrüfatı naziri bir metr torpaqda taxıl əkməyib, yalandan deyir ki, guya ki, taxıl ehtiyatı 6 faiz artıb. Artıbsa, çörəyin qiyməti niyə qalxır?!

- Deyilənə görə, bəzi məmurlar referendumun keçirilməsini istəmir. Güman edirlər ki, bu referendum gələcəkdə onlar üçün bir təhlükə ola bilər.

- Nazirlər Kabineti “qocalar evi”ndən ibarətdir. “Qocalar evi”ndəki qoca kişilər bilirlər ki, referendumdan sonra səlahiyyətlərin əksəriyyəti vitse-prezidentlərə keçəcək. Onlar çöldəki ab-havanın, millətin duyğularını, sadə insanların yas yerinə gedib siyahıya 5 manat yazıla bilmədiklərindən xəbərsizdilər.

- Bugünlərdə ANS telekanalının lisenziyasına xitam verildi. Bu qərara sizin münasibətiniz necədir?

- ANS-in bağlanması ilə qətiyyən razı deyiləm. Mən prezidentdən xahiş edərdim ki, bu televiziya kanalı ilə bağlı öz humanistliyini göstərsin. Hər bir insan xətaya yol verə bilər. Mirşahin çıxıb həm Azərbaycan, həm də Türkiyə xalqından üzr istədi. ANS-in səhvləri olsa da Azərbaycanın müstəqillik tarixində böyük xidmətləri var, bunu danmaq olmaz.

- Hazırda yay mövsümünün qızğın vaxtlarını yaşayırıq. Dövlət məmurlarının demək olar ki, hamısı artıq məzuniyyətdə, istirahətdədir. Amma siz hələ də iş başındasız. İstirahətə getməyi düşünmürsüz?

- Sual versəydiz ki, “sabah çörək almağa pulunuz varmı?”, onda sizə dolğun cavab verərdim. O məmurlar ki, Azərbaycanı sümürüb talayıblar, deyirlər ki, “Azərbaycanda turizmi inkişaf etdirək”. Baxın, görün, birinin belə telefonuna zəng çatır? Qoy gedib Qubada, Göygöldə, Qəbələdə və digər gözəl guşələrimizdə dincəlsinlər, amma hamısı xaricdəki bahalı villalarında dincəlir. Hər halda, yaxın günlərdə onların da aqibətini görəcəyik.

- Deputatların məzuniyyət pulu da mətbuatda və sosial şəbəkələrdə müzakirə olundu. Onlar bu müzakirələrə cavab olaraq deyirlər ki, həmin müavinət onların istirahətinə yetmir. Siz necə düşünürsüz?

- Deputatlar gərək ilk növbədə onları seçən xalqı düşünsün. Bəziləri heç hansı rayondan seçildiyini bilmir. Həmin 6 min manat məzuniyyət müavinətini aldıqlarına gərək deyərdilər ki, “gəlin birləşib sosial təminatların ləğvinə, çörəyin qiymətinin qalxmasına imkan verməyək”.

- Ötən il şortik geyinənlərə qarşı mübarizəyə başladığınızı demişdiniz. Bu geyimdə olan kişiləri ayaqlarına “kislota” tökəcəyinizlə hədələmişdiniz. Bəs bu il də “şortiklilər”ə qarşı mübarizə aparmaq fikriniz var?

- Yox. Belə olanda insanların azadlıqları əlindən alınmış kimi hesab olunur. Qoy o şortik tikənlərin də Allah işini avand etsin, onların şortikləri satılsın... Hər halda, qoy kim necə istəyirsə, o cür dincəlsin".

Geri qayıt