Əsas Səhifə > Partiya, Güney Press > "Elçibəyin ruhu qarşısında səhvimiz yoxdur"

"Elçibəyin ruhu qarşısında səhvimiz yoxdur"


21-06-2016, 09:26
"Elçibəyin ruhu qarşısında səhvimiz yoxdur"
Vaxtilə AXC-nin (1995-dən AXCP) funksionerlərindən olan, mərhum prezident Əbülfəz Elçibəyin ən yaxın silahdaşlarından sayılan Ülvi Həkimov facebook səhifəsində etiraflarla dolu bir status paylaşıb. O, 2000-ci illərdə Elçibəyin rəhbərlik etdiyi partiyanı parçaladıqlarına görə vicdan əzabı çəkdiyini bildirib.

Ü.Həkimovun həmin statusunu təqdim edirik: “1 iyul 2000-ci ildə AXCP-nin Elçibəyin iştirakı ilə keçirilən sonuncu Məclisindən sonra Əbülfəz bəylə görüşüm oldu. Elçibəy xəstəliyi ilə bağlı Türkiyəyə yola düşəcəkdi. Heç nə diqqətindən yayınmırdı. Oğul nəvəsinin doğumu ilə bağlı onu təbrik etdim. Bəy də məni oğlumun anadan olması münasibətilə təbrik etdi və qayıdandan sonra qeyd edəcəyimizi bildirdi. Ancaq bu son görüşdə mənə dediyi sözlər indiyə qədər yadımdan çıxmır və günahkar kimi vicdan əzabı, xəcalət çəkirəm. Elçibəy: ”AXCP-dən çox narahatam, iç dedi-qodularla bizim başımızı qatıb parçalamaq istəyirlər... buna yol verməyin!"

Biz də optimist çıxışlar edərək bəyimizə “arxayın ol, hər şey yaxşı olacaq... imkan verməyəcəyik” deyib yalançı vədlər verdik. Və biz o kişinin sonuncu istəyinə xəyanət etmiş olduq. Bizə əmanət qoyduğu AXCP-ni parçaladıq. Bəlkə illər sonra Rəsulzadə-Elçibəy ideyaları iqtidar olsa, cəbhəçilər hakimiyyətə gəlsə, Tanrı bizi bağışlayar və Elçibəyin də ruhu şad olar".
Qeyd edək ki, Ü.Həkimovun xatırlatdığı həmin hadisə 2000-ci ildə Elçibəyin vəfat etməsindən sonra baş vermiş, onun rəhbərlik etdiyi partiya iki hissəyə ayrılmışdı. AXCP Əli Kərimlinin rəhbərlik etdiyi AXCP (islahatçılar), Mirmahmud Mirəlioğlunun sədr olduğu KXCP (klassiklər) qanadlarına ayrılmışdı. Həmin vaxtdan indiyə qədər Elçibəyin rəhbərlik etdiyi zamanlarda vahid şəkildə fəaliyyət göstərən partiya müxtəlif adlarda bir neçə qoldan ibarətdir. Artıq Elçibəy AXCP-sinin içərisindən çıxan şəxslərin yaratdıqları siyasi qurumların bəzən say-hesabını itiririk.

Ü.Həkimovun statusunun bir ucunun toxunduğu KXCP sədri Mirmahmud Mirəlioğlu səslənən fikirlərə belə münasibət sərgilədi: “Hazırda Azərbaycanda əsas müzakirə mövzusu Peterburqda keçirilən Azərbaycan-Ermənistan prezidentləri arasındakı görüşdür. Amma biz heç bir mətbuat orqanına deyə bilmərik ki, planlaşdırmada nələr edin. Jurnalistin suallarına cavab vermək də borcumuzdur. Bu məsələ bu gün aktuallıq kəsb etmir. Çünki o dövrdən artıq 16 il keçir. Ülvi bəyin özü bu məsələlərə aydınlıq gətirib və bu onun şəxsi fikirləridir. O cümlədən əsaslı fikirlərdir. Xalq Cəbhəsi məsələsinə gəlincə, Elçibəyin sağlığında özünün iştirakı ilə partiyanın 1998-ci il yanvarın 30-31-də keçirilən qurultayında məsələlər hər kəsə gün kimi aydın idi. Hətta qurultaya gəlmiş şəxslər gözləyirdilər ki, Xalq Cəbhəsi bu qurultaydan necə çıxacaq.

Bəyin sağlığında Kələkidə olduğu 4 il 4 ay ərzində partiya daxilində strukturlaşmış ”Yurd" təşkilatı AXC-də idarəetməni ələ almışdı. Birinci müavinlik təyinatından sonra məsələlər daha da irəliyə doğru getmişdi. Elçibəyin bu məsələ ilə bağlı gördükləri, dedikləri ortada idi. Elçibəy Kələkidə olarkən sərəncam vermişdi ki, partiyadakı fəaliyyət, maliyyə ilə bağlı hesabatlar olsun. Bütün bunlar “Yurd həqiqətləri” kitabında var.

Orada komissiya tərəfindən toplanmış faktların 33%-i mövcuddur. Bunu oxuyan hər kəs həqiqətlərin şahidi olar. Bəy dünyasını dəyişəndən sonra məsələ tamam başqa cür idi. AXC-nin AXCP-yə çevrilməsi zamanında AXC-yə yaxın təşkilatların əksəriyyəti 1995-ci il qurultayında çalışırdılar ki, öz paylarını aparsınlar. Partiyalaşma ilə razılaşmayanlar, hərəkatın qalmasını istəyənlər getməli idilər, qalanların isə partiyada qalmaları nəzərdə tutulurdu. Bəzi məsələlər olur ki, onların qarşısını almaq çox çətin olur. Parçalanmanın qarşısını almaq olardı. Amma nə ilə?

Qurultayda qəbul etdiyimiz qərarı pozmaqla, özünün verdiyi bəyanatdan imtina etməklə, parlamentə getməyəcəm deyib getməklə? Bunlar olmasa, əlbəttə, qarşısını almaq olardı, razılığa gəlmək mümkün idi, hətta partiyanın möhürünü də bundan sonra ola bilərdik. Amma bunların heç birini etmədik. Əgər 2000-ci ildə parlamentə getsəydim, mandatdan imtina etməsəydim, partiyanın möhürü, adı, bütövlükdə özü bizdə qalası idi. Bunu öncədən demiş, mandatdan imtina etmişdim. Həmin vaxt müsavatçılar, VHP-çilər, “yurd”çular da parlamentdən imtina etmişdilər.

Milli Məclis bütövlükdə müxalifətsiz qalmışdı. Sonradan onların hamısı parlamentə getməli oldular. Bizim isə itkimiz partiyamızın adı oldu. Mahiyyət etibarı ilə təşkilatın özü bu günkü KXCP-də qaldı. O vaxtlar Ədliyyə Nazirliyi qərar verdi, 9 günlük AXCP də oldu. Sonradan ad qaytarıldı. Hazırda iki AXCP var. Onlar aparılan siyasətin nəticəsidir. Onun birinin adı “Yurd”, digərinin adı QHT-dir. Amma hər kəs bilir ki, əsl AXCP kimdir. Kimlər Elçibəyin əsl davamçılarıdır, bu gün onlar doğru yoldadırlar. Ülvi bəyə təşəkkür edirəm ki, bu yazısı ilə məsələni gündəmə gətirdi, mən də danışdım. Hər kəsin səhvi ola bilər. AXC, AXCP, Elçibəy məsələsində bizim zərrə qədər Allah qarşısında, təşkilatın üzvləri yanında, Elçibəyin ruhu qarşısında səhvimiz yoxdur".

Geri qayıt