Əsas Səhifə > Partiya, Güney Press > “Azərbaycan rəsmi çevrələrinin narahatlığına haqq qazandırıram”
“Azərbaycan rəsmi çevrələrinin narahatlığına haqq qazandırıram”18-06-2016, 10:41 |
İran prezidenti Həsən Ruhaninin təcavüzkar Ermənistana planlaşdırılan səfəri, son vaxtlar Tehranın İrəvana dəstək xarakterli davranışı Azərbaycan iqtidarı və cəmiyyətində narazılıq yaradıb. Hakimiyyətə yaxın media orqanları, ayrı-ayrı deputatlar və vəzifəli şəxslər yaxın qonşumuz olan müsəlman ölkəsi İranın işğalçı Ermənistanla yaxınlaşmasından narazılığı ifadə etməkdədirlər. Hiss olunur ki, rəsmi Bakı Həsən Ruhaninin Ermənistana səfərini heç də yaxşı qarşılamır. Bəs müxalifət düşərgəsi hakimiyyətin bu narahatlığını haqlı sayırmı, bölüşürmü? ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, birincisi, beynəlxalq hüquqa görə beynəlxalq hüququn subyektləri olan bütün dövlətlər öz xarici və daxili siyasətlərini aparmaqda suverendirlər, başqa bir dövlətin iradəsinə tabe deyillər. İkincisi, iki dövlət arasında əlaqələr üçüncü dövlətin əleyhinə yönələ bilməz: “Buradan aydın olur ki, İranın Ermənistanla əməkdaşlıq etməsi beynəlxalq hüquqa uyğundur. Bizim buna etiraz etmək ixtiyarımız yoxdur. Amma Ermənistanla İranın arasındakı əməkdaşlıq Azərbaycan dövlətinin əleyhinə istiqamətlənibsə və Azərbaycan dövlətinin əleyhinə işləyəcəksə, onda beynəlxalq hüquqla Azərbaycan dövləti birmənalı şəkildə bu əlaqələrin əleyhinə çıxmalıdır. Bunun üçün isə biz ortalığa sübut qoymalıyıq. Sadəcə, ”İranla Ermənistanın yaxınlaşması düz deyil" deməklə bu iş alınmaz. Biz İranla Ermənistan arasındakı əlaqələri tənqid ediriksə və bu əlaqələrin Azərbaycan dövlətinin maraqlarına uyğun olmadığını iddia ediriksə, konkret olaraq sübutlar təqdim etməliyik. Məsələn, indiki şəraitdə Ermənistanla hərbi əməkdaşlıq edən bütün dövlətlərin bu addımı Azərbaycan dövlətinin maraqlarına ziddir. Ona görə ki, Ermənistan Azərbaycanla müharibə vəziyyətindədir. Əgər Ermənistana hərbi dəstək xarakterli addım İran tərəfindən atılarsa, Azərbaycan mütləq buna öz etirazını bildirməlidir və etirazda haqlıdır". Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev isə bildirdi ki, İran dövləti müstəqil siyasi-hüquqi vahiddir. Xarici siyasət kursunu öz maraqlarına uyğun qurmaq haqqı var. Biz onların daxili işlərinə qarışa bilmərik. Bu məsələnin beynəlxalq davranış münasibətlərinə dair rəsmi tərəfidir. Lakin məsələnin mənəvi və digər aspektləri mövcuddur: “İran prezidenti İslam respublikasının təmsilçisidir və davranışları ictisnasız müqəddəs Kitabımızla tənzimlənməlidir. Qurani Kərimdə isə müsəlmanlara birbaşa əmr mövcuddur. Təqribən belədir: "Onlardan (yəni başqa dinlərdən olanlardan) özünüzə dost tutmayın". Bu, məsələnin İlahi tərəfi. İslam dini daxili vəziyyəti dəyərləndirdikdə, İran İslam dövləti olmaqla yanaşı, dünyada Cəfəri cərəyanlı dövlət ideologiyasına malik yeganə təmsilçisidir. Azərbaycan ərazisində say etibarilə şiələrin çox yaşadığı ikinci dövlətdir. İran dünyada ən çox Azərbaycan türkü yaşayan dövlətdir. Erməni tərəfi isə İran vətəndaşı olan türklərin Şimalda yaşayan qanbir qardaşlarına məxsus torpaqların 20%-ni qəsb etmiş, insanları qətlə yetirmiş, 1 milyon insanı yalnız son 30 ildə dədə-baba yurdundan qovmuş, dünyanın aparıcı xristian dövlətlərinin Türk-İslam aləminə aid 2 dövlətə- Türkiyə və Azərbaycana qarşı təzyiqi üçün maşa rolu oynayan mənfur bir dövlətdir. Bunları cənub qonşularımız bilməmiş deyil". Partiya sədrinin sözlərinə görə, belə tarixi şəraitdə Ermənistanla bağlı qonşu İranın mövqeyindən rahatsız olmağın yeri, əsası vardır: “İran deyilən reallıqlar daxilində Azərbaycan-Ermənistan müharibəsində ən azı Türkiyə qədər, bir qədər də aşırı prinsipial mövqe qoymalıdır. Biz ən azından qardaş dövlətdən bunu umuruq. Düzdür, son dövrlər İran hakim çevrələrinin sərgilədiyi mövqe, İran-Azərbaycan əlaqələri iqtisadi, ticari, lojistik və bir sıra digər məsələlərdə xeyli irəli gedə bilib. Lakin İran dövləti işğalçıya qarşı siyasətində ardıcıl olmalıdır. Başa düşüləndir ki, yeganə həmsərhəd xristian dövləti ilə xoş münasibətlər İranın çıxarlarına uyğun görünür. Mənə görə bu halda ilahi ədalətə söykənmək daha doğru olardı. Qəsbkarı heç bir halda ruhlandırmaq olmaz. İran siyasi çevrələri imamımız Əlinin qəsb edilmiş Vilayətini qoruduqları qədər də, bizim təcavüzə məruz qalmış hüquqlarımızı da düşünməlidirlər. Azərbaycan rəsmi çevrələrinin narahatlığını başa düşürəm və tam şəkildə haqq da qazandırıram”. Geri qayıt |