Əsas Səhifə > Partiya, Güney Press > Elçibəyin kürəkənindən Tofiq Qasımova “yerlibaz” ittihamı...

Elçibəyin kürəkənindən Tofiq Qasımova “yerlibaz” ittihamı...


14-06-2016, 10:04
Elçibəyin kürəkənindən Tofiq Qasımova “yerlibaz” ittihamı...
Eks-prezident Əbülfəz Elçibəyin kürəkəni, tanınmış siyasətçi Aqil Səmədbəyli moderator.az-a açıqlamasında AXC iqtidarı daxilindəki münasibətlər və Elçibəyin hakimiyyətdən gedişi ilə bağlı danışıb. A.Səmədbəyli “AXC-nin içində olanlar yaxşı bilirlər ki, Tofiq Qasımov heç də Elçibəyi sevən adam deyildi. Bunun səbəblərindən biri də Azərbaycandakı xəstə yerliçilik təfəkkürüdür” - deyə qeyd edib:

“Nə yazıq ki, sovet dövründə Azərbaycanda bu xəstəlik kifayət qədər inkişaf etdirilib. Bu xəstəlik yalnız Elçibəy dönəmində aradan qalxmışdı. Elçibəy kadrlara haradan olmağına görə qiymət və vəzifə vermirdi. Hətta naxçıvanlıların və qərbi azərbaycanlıların Elçibəy dönəmində iqtidarda çox az sayda təmsil olunması da onun devrilmə səbəblərindən biri kimi göstərilir. Tofiq Qasımov devrimdən və həbsindən xeyli sonra bir müddət Ankarada yaşadı. Orda da Elçibəy haqqında ağzına gələni danışırdı. Buna son vermək üçün dostum Raqiblə Ankaraya getdik - onu ”görməyə". Görüşdən qaçdı. Telefonda Raqib ona yaxşıca xəbərdarlıq etdi. Bundan sonra Tofiq Qasımov susdu.

Hakimiyyətin devrilmə səbəbi kimi hamı daxili problemləri qabardır. Bu, tamam yanlış yanaşmadır. Əsas səbəb qətiyyən bunlar deyil. İnanın ki, Elçibəy komandası gerçəkdən monolit olsaydı da devriləcəkdi. Səbəbi də neft idi. 20-ci əsrdə ən azı 15 dəfə çevrilişə, milyonlarla insanın qanının axmasına səbəb olan neft. Məsələnin bütün mahiyyəti burda gizlidir".

A.Səmədbəylinin sözlərinə görə, əgər Elçibəy iqtidarda qalmaq üçün dirənsəydi, Azərbaycan təkrar parçalanacaqdı: “Bunun üçün ssenari hazırlanmışdı. Ruslar Elçibəyin iqtidardan rahat çəkiləcəyini hesab etməmişdilər plan yaparkən. Onlar sovet imperiyasına qarşı savaş bayrağı açan birinin, rus ordusunu Azərbaycandan çıxaracaq qədər cəsarət göstərən birinin iqtidar üçün savaşacağını düşünürdülər. Hesabları da belə idi ki, bu halda Gəncədəki ”Birlik" Surət Hüseynovun şəxsində rusları Azərbaycana dəvət edəcək və onlar da “barışcıl”’ məqsədlə təkrar ölkəmizi “xoşbəxt” edəcəklər. Bu planı Moskvadakı güvənilir qaynaqlar Elçibəyə çatdırmışdılar. Bəy Kələkiyə getdikdən sonra rus mətbuatı yazırdı: “Uçitel nas obmanul!” Onlar Elçibəyə “uçitel” deyirdilər öz aralarında.

Bu gün Suriyaya, İraqa, Yəmənə, Liviyaya baxıb hər gün Elçibəyə minnətdar olmalıyıq. O, hakimiyyətə gəlməsi ilə də, getməsi ilə də Azərbaycana xidmət etdi".

Geri qayıt