Əsas Səhifə > Partiya, Güney Press > "95 faiz əhalimiz 5 faiz burjua sinifinə işləyir"
"95 faiz əhalimiz 5 faiz burjua sinifinə işləyir"23-05-2016, 09:32 |
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müxtəlif fikirlər səslənir. Bir qrup problemin həllini danışıqlar yolunda, digər qrup isə hərbi yolda görürlər. Maraqlıdır, görəsən, problemin həlli üçün sol təmayüllü partiyaların resepti nədir? "Reytinq"in bu və ya digər suallarını Vahid Azərbaycan Kommunist Partiyasının rəhbəri Musa Tükanov cavablandırır: - O vaxt SSRİ-ni dağıtmaq üçün Qarabağ kartından istifadə etdilər. Sonra da böyük bir problem kimi hər iki ölkəni asılı vəziyyətdə qoydular. Böyük dövlətlər - Rusiya, Amerika və digərləri Qarabağ kartından yenə istifadə edir. Regionda hər hansı bir yeni situasiya yaranan kimi, münaqişəni daha da qıcıqlandırır, amma həllinə imkan vermirlər. Kommunistlərin Qarabağ probleminin həllinə yanaşması tamam fərqlidir. Biz hesab edirik ki, böyük güclər bu problemi qızışdırıb, öz maraqlarını həyata keçirməyə çalışırlar... - Bəziləri Dağlıq Qarabağ münaqişəsinin həll yolunu Rusiyaya yaxınlaşmaqda, digərləri isə Amerikanın yanında dayanmaqda görürlər. Kommunistlər necə düşünür? - Birincisi, hazırki Rusiya Sovet Rusiyası deyil. Əgər Sovet Rusiyası olsaydı, Qarabağ məsələsi çoxdan həllini tapardı. Rusiya indi burjua Rusiyasıdır, Putinin də burada öz dövləti maraqları var. Ona görə də hesab edirəm ki, Qarabağ münaqişəsinin yeganə həll yolu kommunistlərin hakimiyyətə gəlməsindədir. Rusiyada, Ermənistanda, Azərbaycanda, eləcə də digər keçmiş sovet ölkələrində kommunistlər hakimiyyətə gəlməlidir, 1985-ci ilin sərhədləri avtomatik olaraq bərpa edilməlidir ki, bununla da münaqişələr həllini tapsın. - Siz, bu variantı real sayırsınız? - Bu gün sizə real görünməyə bilər. Amma problemin yeganə həll yolu budur. Bu gün kommunistlərin hakimiyyətə gəlməyi çətindir. Ancaq insanlar bilməlidirlər ki, iqtisadi, sosial və torpaq məsələlərini ancaq kommunistlər həllə edə bilərlər. Birinci dünya müharibəsinin qarşısını da kommunistlər aldı. Kommunistlər hakimiyyətə gəlməsəydi, nə qədər insan qırılardı, torpaqlar itirilərdi. İkinci dünya müharibəsində Hitlerin qarşısında ancaq kommunistlər dayana bildi. Bu gün də faktiki olaraq, üçüncü dünya müharibəsi başlayır. Yenə də bunun qarşısını bəyənmədikləri kommunistlər alacaq, torpaqları kommunistlər qaytaracaq. Yadınızda saxlayın, kapitalizm dünyası müharibəsiz yaşaya bilmir. Çünki müharibə ilə dövlətlər, sərvətlər bölünür. Ona görə də kapitalizm sistemi hər yerdə münaqişənin, müharibənin olmasında maraqlıdır. Bu səbəbdən də kapitalizmlə vidalaşmalıyıq. - Kapitalizmlə vidalaşıb kommunizm qura biləcəyikmi? Axı, Azərbaycanda ölkəni idarə edə biləcək kommunistlər yoxdur? - Sizinlə razıyam ki, Azərbaycanda kommunistlər ortada deyil, amma yetişdirmək lazımdır. Sov.KP-nin üzvlərindən nəsə gözləməyə dəyməz. Yeni kommunistlər yetişdirmək lazımdır. Bunun üçün birinci burjaziya sinfi yetişməlidir, istismar güclənməlidir, sonra proletariat yaranmalıdır. - Ölkənin 90 faizi kasıb, zəhmətkeşlərdir... - Zəhmətkeş ayrı şeydir, proletariat ayrı. Proletariat o sinifdir ki, öz zəhmətini satır. Həkim də, mühəndis də, fəhlə də proletariat ola bilər. Bu gün Azərbaycanın 95 faiz əhalisi 5 faiz burjua sinifinə işləyir. - Bəs, Siz deyən cəmiyyəti formalaşdırmaq üçün burjua sinfini neyləmək lazımdır? - Gərək sinfi mübarizə olsun, sonda proletariat qalib gəlsin. Bunu mən demirəm, Marks yazıb. Məsələn, Kərbəlayi ilə İman niyə vuruşurdu? Çünki biri bəyi idi, digəri nökər. - Belə çıxır ki, Azərbaycanın nicatı oliqarx-məmurlarla kasıb camaat arasındakı mübarizədən asılıdır? - Əsas sinfi mübarizədir. Həyat özü gətirib ona çıxaracaq. Çünki kasıb təbəqəni o qədər istismar edirlər ki, axırda ayağa qalxıb mübarizə aparacaq. Hazırda Rusiyada da, Azərbaycanda da istismar gedir. Ancaq sovet dövründə istismar yox idi. Zavod direktoru da, fəhlə də qol çəkib mühasibatlıqda maaşını alırdı, heç kim heç kimə işləmirdi, hamı dövlətə işləyirdi... - Yenidən mövzuya qayıdaq. Kommunist Partiyasının rəhbəri kimi real situasiyaya uyğun olaraq, Qara-bağ məsələsinin həllini necə görürsünüz? - Burada məsələ təkcə bizdən asılı deyil. Əgər biz istəsək də, Qarabağ münaqişəsini təkbaşına həll edə bilmərik, kapitalist dövlətlər buna imkan verməzlər. Münaqişənin həllinə cəhd etməyimiz Rusiyanın da, Amerikanın da xoşuna gəlməyəcək. Çünki Qarabağ probleminin qalması onlara xeyirdir, onlar bu müna-qişədən istifadə edib hakimiyyətə nələrisə diqtə edirlər. Əgər Qarabağ məsələsinin həll eləsək, sərbəst və heç kimdən asılı olmayan bir dövlətə çevrilirik. Təəssüf ki, bu gün kapitalist dövlətləri bütün imkanlarını səfərbər edərək münaqişənin həllinə imkan vermirlər. BMT 4 qətnamə qəbul edib, heç kim onunla məşğul olmur. Yəni, bu, o qədərə də sadə məsələ deyil. Düzdür, prezident məsələnin həllinə çalışır, amma təəssüf ki, ortada ciddi nəticə yoxdur. - Son günlər Rusiya münaqişənin həlli ilə bağlı bir sıra təkliflər irəli sürür. Bu təklifləri necə dəyərləndirirsiniz? - Rusiya da yaxşı başa düşür ki, iki ölkə arasında müharibə başlasa, onlara xeyir gətirməyəcək. Ona görə də məsələnin müharibəsiz həllinə çalışırlar. Daha doğru, münaqişənin hazırki kimi donmuş saxlanmasında maraqlıdırlar. Bir məsələ var ki, sülh yolu ilə heç yerdə torpaq alınmayıb. Bircə dəfə Çin Tayvanı sülh yolu ilə alıb, vəssəlam. Cənab prezidentimiz də elə düz edib müharibəyə başlayır. - Sizcə, müharibə variantı Azərbaycana nə verəcək? - Torpaq bizimdir, müharibə edib torpaqlarımızı ala bilərik. Müharibədən qalib çıxmaq da bizim ordudan, komandanlıqdan asılıdır. Əgər planımızı düzgün qursaq, qələbə qazanarıq. Digər tərəfdən, hazırda xalqın əhval-ruhiyyəsi də yüksəkdir, hamı müharibəyə getməyə hazırdır. Ancaq yenə də deyirəm, Amerika, Rusiya və digər böyük dövlətlər mümkün variantlarla bizə imkan verməyəcəklər. Cənab prezidentə də çətin olacaq, onlara başa salmaq ki, mən öz torpağımı azad edirəm. - Müharibə başlasa, kommunistlər hansı mövqedən çıxış edəcəklər? - Müharibə başlasa, kommunistlər birinci gedəcək, çünki həmişə qırılan kommunistlər olub. Hitlerin başını kim əzdi? Kommunistlər! Ona görə də biz hamımız birləşib Dağlıq Qarabağı erməni millətçilərindən boşaltmalıyıq. Orda Azərbaycan bayrağı asılmalı, Azərbaycanın Konsititusiya işləməlidir. Geri qayıt |