Əsas Səhifə > Partiya, Güney Press > “O telefonları işlədənlər bizdən artıq deyillər”
“O telefonları işlədənlər bizdən artıq deyillər”16-05-2016, 08:07 |
Keçmiş baş prokuror, Milli Konqres Partiyasının sədri İxtiyar Şirinin “Yeni Müsavat”ın 14-15 may sayında gedən müsahibəsi geniş müzakirələrə səbəb olub. Partiya sədrinin şok açıqlamalarından çox onun iş masasının üstündəki mobil “vertu allegator” telefonu oxucuların diqqətini çəkib. Müsavat.com saytında gedən yazının altındakı oxucu rəyindən sonra bu məsələ daha çox müzakirə obyektinə çevrilib. Naməlum oxucunun rəyində bu sözlər yer alır: “İxtiyar müəllimin masasındakı telefon ”vertu allegatordu, 15.000 $ , xeyirli olsun". Bu fikirlərin böyüməsinə səbəb də bu tipli telefonların qiymətlərinin baha olmasıdır. Məsələnin fonunda Azərbaycan siyasətçilərinin yaşayış tərzi, maddi imkanları bir daha gündəmə gəlib. Belə ki, Azərbaycan insanı daim siyasətçilərin fəaliyyətlərindən çox onların maddi imkanlarını müzakirə edir. İ.Şirin barəsindəki telefon ittihamına belə aydınlıq gətirdi: “O fikirlər düzgün deyil. Çünki ”vertu"nun özü deyil, kopyasıdır. Bunun da cürbəcür qiymətləri var. 200 manatdan başlayaraq, 500 manata qədər qiyməti olur. Sadəcə, telefonum kopyalardan biridir. Təbii ki, 15 min dollarlıq telefonum olsaydı, daha yaxşı olardı. Çünki o telefonları işlədənlər bizdən artıq deyillər. İnsanların siyasətçilərin fəaliyyətləri, həyatları və məşğuliyyətləri ilə maraqlanmaları yaxşıdır. Bununla bağlı nəsə demək düzgün deyil. Borcumuz odur ki, onlara keçmişimiz, indiki həyatımız, eləcə də, gələcək fəaliyyətimiz barədə doğru məlumat verək. Oxucu istənilən məsələ ilə maraqlana və sualını verə bilər. Açığı, özümüzü indiki oliqarxlarla müqayisədə varlı hesab etmirik. Çünki onlar ağlasığmaz dərəcədə sərvət sahibidirlər. Amma bizim ailəmiz də daim normal yaşayıb. Varlı ailələrdən biri hesab olunuruq. Tarix boyu bu belə olub. Yəni ana-ata tərəfim kasıb ailə olmayıblar. Bunu Azərbaycanda bilməyən yoxdur. Hər bir ailənin ehtiyaclarını ödəməsini normal və vacib hesab edirəm. O cümlədən bizim ailə də daim öz ehtiyaclarını qarşılamağa hazır olan ailələrdən olub. Belə fikirlərin ortaya çıxmasına bəzən Azərbaycanda insanların yaşayış durumlarının aşağı səviyyədə olması səbəb olur". Bu arada tanınmış siyasətçilərimizin telefonlarının qiymətləri ilə maraqlandıq. Ümid Partiyasının sədri İqbal Ağazadə istifadə etdiyi telefonun sadə olduğunu söylədi: “Nokia” telefonu işlədirəm. Telefon mənim üçün sadəcə darıxmaq vasitəsidir. Amma avtomobil mənim üçün tamam fərqlidir. Bir yerdən başqa yerə rahat getmək vasitəsidir. Telefonun isə fərqi yoxdur. Biri ilə danışdığını digəri ilə də danışırsan. Ən yaxşı halda internet imkanı olanlarından istifadə edərəm ki, onun da elə bir bahalı qiyməti yoxdur. 15 min dollarlıq telefonu heç düşünməmişəm. Elə telefon nəyimə lazımdır? Minmirəm, çapmıram. Sənət və digər sahələrdə çalışanlar üçün belə telefonları işlətmək mümkündür. Amma bahalı telefon işlətmək xarakterimə uyğun deyil". “AĞ blok”un lideri Tural Abbaslı işlətdiyi telefonun qiymətini açıqladı: “İşlətdiyim telefon 300 manata alınmışdı. Məni qane edir. Bundan bahalı telefon almaq niyyətim yoxdur. Azərbaycan insanı bu məsələlərə müxtəlif istiqamətlərdən yanaşır. Əsasən, təmizlik sözü ilə kasıblığı sinonim görürlər. Sovet dövründən belə fikirlər formalaşıb. Kim varlıdırsa, həmin an onun təmizliyinə şübhələr yaranır. İndiki hakimiyyət ilk növbədə rəqiblərinin maddi dayaqlarına zərbələr endirdi. Dolayısı ilə müxalifət imkansızlıq mühasirəsinə alındı. Cəmiyyətimiz də bunu belə qəbul etdi ki, əgər müxalifətsənsə, kasıb olmalısan. Bu fikir hazırda da davam edir. Hər imkanlı şəxsi ləkələmək nə qədər düzgün deyilsə, hər kasıb şəxsə də vicdanlı demək düzgün deyil. Bunu zaman göstərəcək. Düşünürəm ki, siyasətçilər olaraq, vətəndaşlarımızın bu yöndə olan fikirlərini dəyişməyə cəhd etməliyik. Əks təqdirdə, gələcəkdə bu fikirlər bizlərə problemlər yaradar. Siyasət maddiyyət tələb edir. Siyasi fəaliyyət pul xərclənən sahədir”. Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev belə məsələlərə fərqli yanaşdığını qeyd etdi: “Xalq Cəbhəsi hakimiyyətdə olanda, bizə irad tuturdular ki, filan icra başçısı xarici maşında işə gedir, yaxud həyat yoldaşı da işləyir, o da maşınla işə gedir. Əgər bir şəxs dövlət işində çalışırsa, yaxud siyasətçi olaraq, müxtəlif gəlirlər əldə edirsə, həmin şəxslərə niyə bolşevik yanaşması ilə yanaşmalıyıq. Belə hallara normal baxıram. Amma telefonum sadədir, özünüz də baxa bilərsiniz. Səhv etmirəmsə, qiyməti 12 manatdır. Markası ”Nokia"dır. Milli Məclisə fərqli telefonlarla buraxılmamaq barədə qərar oldu. Buna əməl etməyə çalışıram. Bahalı telefon ala da bilərəm. Amma marağım yoxdur. İşimi görən istənilən telefondan istifadə edərəm. Başqalarına bunu irad kimi tutmağın da tərəfdarı deyiləm". Geri qayıt |