Əsas Səhifə > Partiya, Güney Press > “Sayın Baxçalı və tərəfdarları doğru yoldadır”
“Sayın Baxçalı və tərəfdarları doğru yoldadır”13-05-2016, 08:53 |
Türkiyənin öndə gedən siyasi qurumlarından olan Milliyyətçi Hərəkat Partiyasında sular durulmur. Türkiyə milliyyətçilərinin əfsanəvi lideri Alparslan Türkeşin oğlu Yıldırım Toğrulun partiyadan çıxarılması ilə başlayan gərginlik artan xətlə inkişaf edib. MHP üzvlərinin qurultay tələblərinin yerli məhkəmələr tərəfindən rədd edilməsi prosesləri daha da gərginləşdirib. Hazırda qardaş ölkədə dəyişiklik tərəfdarı olanların da diqqəti MHP-yə yönəldiyinə görə narazılıq səngimək bilmir. Qarşı tərəf MHP-də olacaq başqan dəyişikliyinin Türkiyənin siyasi düzənini dəyişəcəyini və son illərdə qurumun itirdiyi nüfuzunun bərpa olunacağını düşünür. Bunların fonunda isə hazırkı MHP başqanı Dövlət Baxçalı rəhbərlikdən getməməkdə qərarlı görünür. Şübhəsiz ki, MHP daxilində baş verənlər ölkəmizin müxalifət düşərgəsi tərəfindən də narahatlıqla izlənilir. Çünki Türkiyədə bu qurum qədər Azərbaycana bağlı olan, siyasi partiyalarımızla yaxın əlaqələri olan ikinci bir təşkilat yoxdur. Təsadüfi deyil ki, MHP keçirdiyi hər qurultaya Azərbaycandan öndə olan siyasi liderləri dəvət edir. Hazırda Türkiyədə olan Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı MHP-də yaşananları diqqətlə izlədiyini bildirdi: “MHP bütün türk dünyası üçün önəmli siyasi qurumlardan biridir. Onun ideyaları, yolu, milliyyətçilik yolunda gördüyü işlər bir partiyanın çərçivələrinə sığan məsələ deyil. Bunlar tarixi əhəmiyyət daşıyır. Bu partiyanın güclü olması, seçkilərdə qalib gəlməsi, parlamentdə çoxsaylı şəxslərlə təmsil olunması, rəhbərlikdə güclü şəxsin olması bizi dərindən düşündürür. İllərdir MHP ilə sıx əlaqələrim var. Partiyada gedən proseslər, qüvvələrin parçalanması təkcə məni deyil, çoxlarını narahat edir. MHP başqanlığına namizəd olanların hamısı ilə yaxın əlaqələrimiz var. Onlara hörmətimiz çoxdur. Çox istərdim ki, MHP qurultay gərginliyini parçalanmadan itkisiz geridə qoysun. Təbii ki, bu partiyanın parçalanmasında maraqlı olan qüvvələr var. İstənilən siyasi qurumda narazılıq olanda rəqiblər bundan istifadə etməyə çalışırlar. İndiki proseslərə də bu cür baxanlar var. Hazırda qurultayla bağlı məhkəmənin qərarını gözləyirlər. May ayı ərzində məhkəmənin tarixi bilinəcək. Ola bilər ki, ayın 15-də partiyada qurultay tərəfdarları toplansınlar. Bu, müəyyən fikir ayrılıqlarına səbəb olur. Ümid edirəm ki, qurultay Türkiyənin qanunları çərçivəsində keçiriləcək. Baxçalının bu barədə fikirlərini eşitdim. Qanunlara sayğı ilə yanaşacaqlarını bildirdi. Hər halda, qurultayın nə zaman keçirilməsindən asılı olmayaraq, hamımız MHP-nin proseslərdən güclü çıxmasını istəyirik. Güclü şəxslərin partiyada olduğu göz qabağındadır. İnanıram ki, birlik olsa, qurultay nəticələrinə hörmətlə yanaşılsa, yaxın zamanlarda MHP Türkiyənin ən güclü siyasi qurumlarından birinə çevrilər. Gedən proseslər bunu göstərir. İndiyə qədər keçirilən qurultaylar da bunu sübut edib. MHP hər zaman Türkiyə siyasətində mühüm rol oynayan siyasi qurum olub”. MHP ilə yaxın əlaqələri olan KXCP sədri Mirmahmud Mirəlioğlu da qurumda cərəyan edən hadisələrdən narahatlığını gizlətmədi: “MHP-də baş verənlər təbii ki, bizi ciddi narahat edir. Amma üzücü deyil. Çünki uzun zamandan sonra yeni xətt ortaya qoyulub. Bunu doğru sayırıq. MHP-yə uzanan əllərin bir-bir sıradan çıxarılmasını biz də istəyirik. Hesab edirəm ki, sayın Baxçalı və tərəfdarları doğru yoldadırlar. Onlara bu yolda uğurlar arzulayıram. Bundan başqasını da gözləmirdik. MHP müraciətlərimizə ehtiyacı olmayan təşkilatdır. Açığı, Azərbaycanın siyasi partiyaları ilə Türkiyədəkiləri müqayisə etmək doğru olmazdı. Bu mənada ki onlar işlərini çox gözəl bilirlər. Dəstəyimizə ehtiyacları yoxdur. Zamanında biz də bu prosesləri keçmişik...” Geri qayıt |