Əsas Səhifə > Partiya, Güney Press > Sərdar Cəlaloğlu yeni blok yaradır?

Sərdar Cəlaloğlu yeni blok yaradır?


3-05-2016, 09:42
Sərdar Cəlaloğlu yeni blok yaradır?
“Hələlik anti böhran koalisiyası çərçivəsində siyasi partiyalarla fəaliyyətimizi uzlaşdırmaqdayıq. Siyasi situasiya yeni birliklərin yaranmasını diktə etsə hansısa blokların və birliklərin yaradılması üçün addımlar atacayıq”.

Bu barədə Modern.az saytına açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

Partiya sədri bildirib ki, əvvəllər ADP-nin də təmsil olunduğu “Qarabağ” bloku qarşılıqlı razılıq əsasında buraxıldı:

“Qarabağ” bloku hansı məqsədlə yaradılmışdısa o məqsədlə də buraxıldı. Blok artıqlaması ilə öz fəaliyyətini yerinə yetirdi. Ümid Partiyası və ADP “Qarabağ” blokunun buraxılmasını daha münasib hesab etdi.

İndiki siyasi şərait hələ hansısa blokların və birliklərin yaradılmasını gündəmə gətirmir. Çalışmalıyıq ki, bunun üçün cəmiyyətin və situasiyanın siyasi sifarişi olsun.

Yaxın gələcəkdə siyasi blokların yaradılması ölkədəki siyasi atmosferin gedişindən asılı olacaq. Əgər bu gün hansısa siyasi blokların və birliklərin ortaya çıxması üçün tələb yoxdursa müxalifətin yenidən bir araya gələrək blok yaratmasının heç bir siyasi effekti olmayacaq.

Bu olsa-olsa siyasi oyunbazlıq ola bilər. Ona görə də hələ ki, gözləməliyik. Ölkədəki siyasi vəziyyət nəyi diktə etsə ona uyğun da addımlarımızı atacağıq”.

Qeyd edək ki, "Qarabağ" blokunda Ümid Partiyası və ADP təmsil olunurdu. Milli Məclisə ötən ilin noyabrın 1-də keçirilən seçkilərdən öncə blok buraxılmışdı.

Geri qayıt