Əsas Səhifə > Partiya, Güney Press > “Mənim cəbhəyə getməyim işlərə kömək etməz, əksinə, mane olar

“Mənim cəbhəyə getməyim işlərə kömək etməz, əksinə, mane olar


3-05-2016, 08:30
“Mənim cəbhəyə getməyim işlərə kömək etməz, əksinə, mane olar
AMİP lideri Etibar Məmmədov uzun fasilədən sonra “Yeni Müsavat” qəzetinə müsahibə verib. Qarabağ ətrafında baş verənlərdən bəhs edən söhbətimizi təqdim edirik:

- Etibar bəy, Qarabağ cəbhəsində baş verən aprel toqquşmalarından sonra “nə hərb, nə sülh” vəziyyəti mövcud olsa da, hesab olunur ki, qarşıdakı günlərdə vəziyyət yenidən gərginləşə bilər. Siz nə gözləyirsiniz?

- Hərbi əməliyyatlar hər an başlaya bilər və realdır. Bunu həmişə gözləmək lazımdır. Aprel ayında ümumi situasiyada bir dönüş yarandı. Çünki 1994-cü ildən sonra heç vaxt belə ciddi əməliyyat keçirilməmişdi və ancaq cavab tədbirləri görülürdü. 2 apreldə isə ilk dəfə hərəkət oldu və həmin miqyasdakı hərəkətin nəticəsində uğurlar əldə olunub. Ancaq bunun hərbi əhəmiyyətindən başqa siyasi əhəmiyyəti böyük oldu. Çünki Azərbaycan, nəhayət, qəti şəkildə bildirdi ki, yaranmış status-kvo vəziyyəti ilə barışmaq fikrində deyil və hərəkət etmək iqtidarındadır, buna hazırlığı, imkanları da var. İndi belə bir vəziyyət yaranıb ki, indiyədək Ermənistanı müdafiə edən, bu status-kvonun uzanmasının tərəfdarı olan qüvvələr də başa düşürlər ki, nə isə dəyişməlidir. Ermənistan da bunu başa düşür. Ola bilsin ki, yaxın zamanda vəziyyəti öz xeyrinə dəyişmək üçün nə isə hərəkət etsin. Bununla demək istəyəcək ki, hərbi baxımdan onu heç nəyə məcbur etmək olmaz və havadarları da onlara kömək edə bilər. Mənim fikrim odur ki, elə vəziyyət yaransa, bu dəfə daha çox irəliləmək lazımdır. Ən əsası isə hesab edirəm ki, İranla sərhədi bağlamaq lazımdır. Azərbaycanın İranla sərhədindəki ərazilər erməni işğalından azad olunmalıdır ki, İranla Dağlıq Qarabağın əlaqəsi kəsilsin.

- İddialar və xəbərlər var ki, Şuşanın işğal günü böyük savaş başlaya bilər. Adətən ermənilər həmin günü bayram edir, Azərbaycanın bu situasiyanı, sadəcə, müşahidə edəcəyi real görünmür...

- Həmin günlər var ki, məsələn, aprelin 23-dən sonra, mayın əvvəllərində bunlar nə isə etmək istəyirlər. Azərbaycan Silahlı Qüvvələri belə hərəkətlərə qarşı həmişə hazır olmalıdır. Mənim fikrimcə, hazırdırlar da. Ancaq bundan daha qətiyyətli mövqeni siyasətçilər tutmalıdır. Bizim hərbçilərimiz onsuz da qətiyyətlidir.

- Rusiya atəşkəsə nail olsa da, tərəfləri masa arxasında oturtmaq üçün israrlı mövqe nümayiş etdirmir. Görünən budur ki, Kremli Azərbaycanın Gömrük İttifaqına qoşulması daha çox maraqlandırır, nəinki işğal altındakı ərazilərin azad olunması. Şimal qonşumuzun Qarabağ siyasəti ilə bağlı nə deyə bilərsiniz?

- Yox, Azərbaycanın Gömrük İttifaqına qoşulması real məsələ deyil, Rusiya da bunu çox yaxşı bilir və onu istəmir də. Ən əsas məsələ odur ki, Rusiya “həlledici qüvvə olduğunu” hamıya göstərmək istəyir. Bunun da əsasında özünün silahlı qüvvələrini “sülhməramlı” adı altında yeritmək istəyir.

- Nəyin müqabilində? Ətraf rayonların azad olunması nəticəsində?

- Sülhməramlıların yerləşdirilməsi qarşılığında Dağlıq Qarabağ ətrafındakı rayonların geri qaytarılması Azərbaycana ciddi heç nə vəd etmir. Çünki Rusiya qoşunlarının yeridilməsi o deməkdir ki, Azərbaycan ərazilərinin qalan hissəsindən birdəfəlik gözünü çəkməlidir. Azərbaycan tərəfi buna heç vaxt razı ola bilməz.

- Keçmiş prezident Levon Ter-Petrosyan Dağlıq Qarabağa gəldi. Sizcə, ermənilərin planı nədir?

- Gəlib, görünür, nə isə eləmək istəyirlər. Vəziyyəti öz xeyirlərinə dəyişməyə çalışırlar.

- Ermənilər güzəştə gedə bilərmi?

- İnanmıram güzəştə getsinlər.

- Qərbin baş verənlərlə bağlı hazırkı mövqeyini qənaətbəxş saymaq olarmı?

- Qərb adətən bir həftə kart-blanş verir ki, nə bacarırsınızsa, edin! Daha sonra isə təzyiqlərə başlayırlar.

- Necə bilirsiniz, növbəti dəfə böyük hərbi toqquşmalar baş verərsə, Rusiya və Qərb yenə də susacaqmı?

- Yox, onlar heç vaxt susmayacaqlar. Amma onların susub-susmamağına baxmağa da ehtiyac yoxdur.

- Etibar bəy, sizcə, Azərbaycanın siyasi qüvvələri hazırkı situasiyada nə etməlidirlər? Məsələn, siz 90-cı illərin əvvəllərində olduğu kimi, cəbhə bölgəsinə getmək, azad olunmuş Lələtəpə yüksəkliyində olmaq istəyirsinizmi?

- Yox. Mənim cəbhəyə getməyim işlərə kömək etməz, əksinə, mane olar. Özü də təkcə mənim deyil, ümumiyyətlə... İndiki vəziyyətin 90-cı illərin əvvəllərindən fərqi odur ki, indi könüllülər yox, rəsmi qüvvələr ön xətdədir. Məncə, hərbi ilə hərbçilər məşğul olmalıdır, siyasətçilərin işini isə hakimiyyətdə olanlar görməlidir. Digərləri ancaq Azərbaycanın milli mövqeyindən çıxış etməli və ruh verməlidir.

- Xalqın orduya dəstəyini, dünyaya mesajını çatdırmaq üçün çoxminli Qarabağ mitinqinin keçirilməsinə zərurət varmı?

- Siz gördünüz ki, ehtiyac olan anda bizim gənclərimiz heç kəsdən icazə almadan öz mövqeyini bildirdi və bu, kütləvi hal aldı, heç kəsi də narahat eləmədilər.
- Bu arada qısa müddət ərzində torpaqları tərk etmək üçün Ermənistana ultimatum verməyi təklif edənlər də var...

- Yox. Kənardan çox təklif vermək, fikir söyləmək mümkündür. Kimin ki, əlində vəzifə səlahiyyətləri var, onlar situasiyanı daha yaxşı bilirlər. Nəyisə etmək üçün də ultimatuma ehtiyac qalmır.

- Etibar bəy, bugünlərdə sosial şəbəkələrdə 90-cı illərin əvvəlləri ilə bağlı bir videokadrlar yayıldı. Türkiyənin indiki prezidenti, keçmiş müxalifət partiyası sədri Rəcəb Tayyib Ərdoğanın Azərbaycandan geri dönəndən sonra etdiyi çıxışdan söhbət gedir. Yəqin izləmisiniz...

- Bəli, görmüşəm. O vaxt belə bir şey olmuşdu. Türkiyənin o zamankı hakimiyyəti Ermənistana yardım etmişdi. Həmin 100 min ton taxıl real məsələ idi. Ona görə də hakimiyyətin bu addımı həm Azərbaycan tərəfdən, həm də Türkiyənin xalqı tərəfindən ciddi tənqidlərə məruz qalmışdı.

Geri qayıt