Əsas Səhifə > Partiya, Güney Press > “Torpaq məsələsində Azərbaycanda iqtidar-müxalifət anlayışı aradan qalxmalıdır”

“Torpaq məsələsində Azərbaycanda iqtidar-müxalifət anlayışı aradan qalxmalıdır”


26-04-2016, 09:24
“Torpaq məsələsində Azərbaycanda iqtidar-müxalifət anlayışı aradan qalxmalıdır”
Azərbaycan müxalifətinin öndə gedən simalarından olan Qərbi Azərbaycanlılara Qayıdış Birliyinin sədri, “EL” hərəkatının sədr müavini və Milli Şuranın keçmiş üzvü Köçəri Nağıbəylinin siyasi proseslərdən uzaqlaşdığı müşahidə olunur. Təsadüfi deyil ki, son 1 ildə demək olar ki, onun mətbuat səhifələrində bir açıqlamasına belə rast gəlməmişik. Nağıbəyli əsasən fikirlərini ara-sıra sosial şəbəkələr üzərindən cəmiyyətə çatdırır.

O, siyasi proseslərdən son ildə uzaqlaşdığını təsdiqləyərək, buna səbəb kimi anasının vəfatını göstərdi: “Anamın ili çıxmamış siyasi proseslərdə iştirak etmək etik cəhətdən düzgün olmazdı. Ona görə proseslərdə iştirak edə bilmədim. Anamın ili fevralda çıxdı. Bizdə adət-ənənə var. Yasımızı yola verməmiş, başqa proseslərdə iştirak etmirik. Gələcək baxımından təbii ki, vətənimiz, ərazi bütövlüyümüz, torpaqlarımızın işğaldan azad edilməsi üçün gedən proseslərdə siyasi xadim kimi iştirak edəcəm. Hazırda siyasi proseslərdə susqunluğun olduğu ortadadır. Amma buna birmənalı cavab vermək mənim üçün çətindir. Çünki son bir ildəki proseslərdən uzaq olmuşam. Liderlik hər şəxsin işi deyil. Fəaliyyətimizdə səhnədən gediş yoxdur. Proseslərdə olmasam da, təşkilatımız daim baş verənlərə münasibətini bildirib. ”EL" hərəkatının sədri Eldar Namazovun səhhətində son iki ildə problemlər oldu. Ona görə proseslər bir qədər uzandı. Artıq o, müalicəsini başa vurub, aktiv siyasətə qayıdır.

Onunla görüşmüşəm. Yaxın zamanlarda siyasətdə gedən proseslərdə Eldar müəllim aktiv iştirak edəcək. Onunla daim birlikdə fəaliyyət göstərmişik, yenə də belə olacaq. Bundan sonra Milli Şura və başqa qurumlarda təmsil olunmaq fikrim yoxdur. Amma müxalifətin toparlanmasına böyük ehtiyac var. Yeni bir güc mərkəzi yaradılmalıdır. Müxalifətdə intriqa aparanlarla birlikdə olmaq bəri başdan düzgün deyil. O şəxslər bəllidir. Əgər bir-biri ilə intriqa aparacaqlarsa, birliyə ehtiyac qalmır. İllər öncə yaratdığımız İctimai Palata böyük işlər gördü. Hazırda belə bir qurumun yeri görünür. Ziyalıların və öndə gedən siyasətçilərin yeni birliyinə ehtiyac var. Belə bir birlik yaranarsa, biz də iştirak edərik. Çünki güclü müxalifət olmasa, güclü dövlət də olmayacaq".

“EL” hərəkatının sədr müavini son bir ildə siyasi proseslərdə bəzi dəyişikliklərin olduğunu söylədi: “Siyasi məhbusların hamısı tam azad olunmayıb. Amma ötən ay bəziləri prezidentin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxdı. İqtidar bu prosesi davam etdirib, bütün məhbus siyasiləri azad etməlidir. Düşmənçiliyə son qoyulmalıdır. Qarabağ boyda dərdimiz var. İqtidar daxilində də islahatlara ciddi ehtiyac var. Qohumluğa görə vəzifələrə təyin olunma hallarına son qoyulmalıdır. Yalnız qeyd etdiyim yollarla Qarabağ savaşında daha önə gedə bilərik. Qarşıdan önəmli günlər gəlir. İqtidar bundan istifadə edib, siyasi məhbusları azad etməli, Avropadan gələn təzyiqlərin qarşısını almalıdır. Milli birlik buradan yaranır. Özüm də vaxtilə günahsız həbsdə olmuşam. Bunun nə demək olduğunu yaxşı bilirəm”.

K.Nağıbəyli aprelin əvvəllərində cəbhədə baş verən gərginliyə də münasibət bildirdi: “Hadisələr başlayanda, buna biganə qala bilməzdim. Mən də öz fikirlərimi bildirdim ki, hər kəs ordunun yanında olmalıdır. Belə də oldu. Düşünürəm ki, torpaq məsələsində Azərbaycanda iqtidar-müxalifət anlayışı aradan qalxmalıdır. İqtidar, müxalifət və xalq Qarabağ məsələsində bir arada oldu. 4 günlük savaşda dünya Azərbaycan ordusunun bacarığını gördü. Şəxsən cəbhədə baş verənləri böyük uğur hesab edirəm. 25 ildən sonra ilk dəfə idi ki, xalqımızın üzü gülürdü, ruh yüksəkliyi yerində idi. Bu, çox sevindirici hadisə idi. Qarabağ məsələsində sülh yolu ilə baş tutmadı, hərbi yolla bu məsələni həll etmək lazımdır. Rusiya onsuz da daim erməninin yanında olub. Ermənilər kimdirlər ki, bizə qarşı mübarizə aparsınlar. Rusiya faktoru olsa da, bizim də arxamızda Türkiyə, Pakistan kimi böyük orduları olan, dünya siyasətində önəmli yerləri tutan ölkələr var. Daim ölkəmizlə bir yerdə olduqlarını deyirlər. Mənə elə gəlir ki, Rusiyadan və Ermənistandan çəkinmək lazım deyil. Onlar bizim torpaqları qaytarmırlarsa, hərbi yolla azad etməyə məcburuq. Ordumuzun hər cəhətdən güclü potensialı var. Özüm daxil olmaqla, istənilən yerə gedib torpaqlarımızı azad etməyə qadirik”.

Köçəri Nağıbəyli müdafiə naziri Zakir Həsənovdan da söz açdı: “Zakir Həsənovdan tam razı qaldım. O, peşəkar zabit, hərbçidir. Nizam-intizamı sevən şəxsdir. Hər halda, göz qabağındadır. Səfər Əbiyevlə Zakir Həsənov arasındakı fərqi görməmək mümkün deyil. Müxalifətdə olsaq da, gərək obyektivliyi söyləyək. Hər şeyə qara demək düzgün olmazdı. İndiki vəziyyət əvvəlkindən qat-qat yaxşıdır. Hərbidə olanlardan maraqlanmışam ki, Zakir Həsənov orduda da ciddi intizam yaradıb, qələbə əhval-ruhiyyəsini gücləndirib”.

Müsahibimiz son günlərdə “talış separatizmi” məsələsinin gündəmə gəlməsinə də toxundu: “Bu məsələyə qərbi azərbaycanlı kimi yox, bir vətəndaş kimi münasibət bildirirəm. Azərbaycanın ərazi bütövlüyü hər bir vətəndaş tərəfindən dəstəklənməlidir. Talış və digər məsələləri ortaya atanlar zaman-zaman çirkin siyasətlərindən istifadə ediblər. Məqsəd çaxnaşma yaratmaqdır. Bir neçə şəxsi talış millətinin simasında qələmə vermək düzgün deyil. Talışlar bizim kimi Qarabağda can qoyublar, qan töküblər. Sadəcə, bəzi avaraları ortaya atırlar. Onlar da düşmənin agentləri ola bilərlər. Azərbaycanın qərbi, şərqi, şimalı, cənubu vahid dövlətdir. Bu dövlətin bayrağın altında bir olmalıyıq. Rusların ölkəmizdəki bölücü fəaliyyətləri baş tutmayacaq. Azərbaycan türkləri burda yaşayan digər xalqlarla dost olub. Heç bir millət bizdən pislik görməyib. Burada türkün yaşayışı necədirsə, talışınkı da elədir”.

Geri qayıt