Əsas Səhifə > Partiya, Güney Press > Rüstəm İbrahimbəyovun "əfv" edilməsinin səbəbi

Rüstəm İbrahimbəyovun "əfv" edilməsinin səbəbi


31-03-2016, 10:11
Rüstəm İbrahimbəyovun "əfv" edilməsinin səbəbi
Milli Şuranın fəxri sədri, Moskvada yaşayan xalq yazıçısı, kinorejissor Rüstəm İbrahimbəyov üç illik fasilədən sonra Azərbaycana gələ bildi. Qardaşı, yazıçı Maqsud İbrahimbəyovun dəfn mərasimində iştirak edib-etməyəcəyi sual altında olsa da, yazıçı martın 23-də Bakıya döndü.

Hələ R.İbrahimbəyov Milli Şuranın sədri olarkən, 2013-cü ildə prezidentliyə namizədliyini irəli sürəndən sonra ona cinayət işinin açıldığı barədə məlumat yayılmışdı. Vergilər Nazirliyi tərəfindən kinorejissorun rəhbərlik etdiyi Kinematoqrafçılar İttifaqında səyyar yoxlamalara başlamış, 2009-cu ildə XI “Şərq-Qərb” Bakı Beynəlxalq kinofestivalının keçirilməsi üçün ayrılmış pulların mənimsəndiyi barədə rəsmi xəbər yayılmışdı.

Fakt üzrə Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə başlanmış cinayət işi üzrə Kinematoqraflar İttifaqının nümayəndəsi Lalə Əfəndiyevaya ittiham elan olunmuşdu. İttifaqın rəhbəri Rüstəm İbrahimbəyov isə bu ittihamları qurama adlandıraraq, siyasi fəaliyyəti və hakimiyyəti tənqid edən fikirləri ilə əlaqələndirib məqsədin onu susdurmaq olduğunu bildirmişdi. Son nəticədə R.İbrahimbəyovun prezidentliyə namizədliyi qeydə alınmadı və o, mühacirətə yollandı.

2013-cü ildən indiyə qədər R.İbrahimbəyovun geri dönəcəyi təqdirdə həbs ediləcəyi haqda dəfələrlə xəbərlər yayılıb. Xüsusən hakim partiya nümayəndələri tez-tez belə bəyanatlarla çıxış ediblər. Qeyd edək ki, prezident seçkiləri ərəfəsində mətbuata verdiyi açıqlamalarda kinorejissor özü də “həbs olunacağımı bilsəm belə, Bakıya gələcəyəm” deyirdi, ancaq gəlmirdi. Onun uzun fasilədən sonra Bakıya maneəsiz gələ bilməsi suallar doğurub. Bir çoxlarında belə düşüncə var idi ki, haqqında cinayət işi olduğu üçün R.İbrahimbəyov Bakıya gələrsə həbs ediləcək. Ancaq bəlli oldu kimi, o, qardaşının vəfatı ilə əlaqədar Bakıya gəldi, bu günə qədər də nə həbs olunmayıb, nə də ona hansısa maneə yaradılmayıb. R.İbrahimbəyova “yaşıl işıq” yandırılmasında kimin rolunun olması, onun bağışlanmasının səbəbi çoxlarını maraqlandırır.

İstənilən halda R.İbrahimbəyovun Bakıya, dəfn mərasiminə qatılmasına yuxarı səviyyədə razılıq verilməsi və önəmli şəxsin qarant durması şübhəsizdir. Bəzi müşahidəçilər hesab edir ki, kinorejissorun vətənə girişinə problem yaradılmaması son zamanlar ölkədə müşahidə olunan islahatların cəmiyyətə yönəlik açılımın, imzalanan əfv fərmanının, həmçinin bir neçə tanınmış məhbusun azadlığa buraxılması siyasətinin tərkib hissəsidir.

Tanınmış kinorejissorun bağışlanması, hakimiyyətin ona münasibətinin yumşalmasının səbəblərindən biri onun səhhətində xeyli vaxtdır yaranan problemlərin ciddiləşməsidir. Hakimiyyətin ən yuxarı qatlarına R.İbrahimbəyovun xəstəliyinin ciddi olduğu barədə dəqiq məlumat daxil olub. Onun bağışlanması və nəinki vətənə dönüşünə, hətta burada qalmasına razılıq verilməsi də bununla bağlıdır.

Onu da qeyd edək ki, Maqsud İbrahimbəyov kimi Rüstəm İbrahimbəyov da zamanında hakimiyyət mənsubları ilə çox yaxın dostluq münasibətlərində olub. Görünür, iqtidarın ona münasibətinin yumşalmasında bu amil də rol oynayıb.

Geri qayıt