Əsas Səhifə > Partiya, Güney Press > YAP-dan Yevda Abaramova sərt CAVAB:
YAP-dan Yevda Abaramova sərt CAVAB:16-03-2016, 13:12 |
Dünən Milli Məclisin iclasında deputat Yevda Abramov hökumət üzvlərinin, nazirlərin televiziyalara çıxmaması məsələsini gündəmə gətirib. Deputat deyib ki, nazirlərin əvəzinə televiziyalarda müğənnilərin didişməsi və xörəklərin təbliği göstərilir. Maraqlıdır, bəs hökumət üzvləri televiziyalarda çıxış etməkdən niyə qaçırlar? Buna səbəb nədir?! Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Modern.az-a açıqlamasında bu barədə danışıb. Deputat deyib ki, hər bir nazir aktual məsələ olanda dövlət televiziyasında, İctimai televiziyada çıxış edirlər. “Amma ümumilikdə nazir şoumen deyil ki, hər gün televiziyaya çıxsın. Nazirlik tamam fərqli bir sahədir. Nazirlik ali icra hakimiyyətinə tabe olan qurumdur. Nazir dövlət başçısı qarşısında hesabat verir. Dövlət başçısı da onun işinin, fəaliyyətinin nəticəsi olaraq öz vəzifəsində qalıb-qalmaması məsələsi haqqında qərar qəbul edir. Bu baxımdan nazir şoumen deyil ki, gündə çıxıb televiziyada şou göstərsin. Və yaxud da müğənni deyil ki, gündə televiziyaya çıxıb mahnı oxusun. Aktual mövzu yarananda, dəvət olanda saytlara da geniş müsahibələr verirlər. Məsələn. yap.org-da tez-tez hər bir nazirin müsahibəsi gedir. Həmçinin, televiziyada aktual ekrana dəvət olunurlar, dəyirmi masalarda çıxış edirlər”. Siyavuş Novruzovun sözlərinə görə, hökumət üzvlərinin televiziyalarda hər gün çıxış etməsi kimi fikirlərin səslənməsi doğru deyil. ““Nazir televiziyaya çıxıb çıxış etməli və ya hər hansı məsələyə münasibət bildirməlidir”. Bu kimi fikirlərin özü səhvdir. Hansısa nazir hər həftə, hər gün, hər ay televiziyada çıxış edə bilməz. Əgər ortaya çox aktual bir problem çıxıbsa, həmin sahə ilə bağlı böyük bir məsələ varsa, bu başqa məsələ. Məsələn, gündəlik yaranan məsələ ilə bağlı ya partiya nümayəndəsi, ya da partiyanın mətbuat orqanı reaksiya verir. Götürək Xarici İşlər Nazirliyini. Bəlkə də Xarici İşlər Nazirliyinin mindən çox məsələsi var. Hər gün səfərlər, müxtəlif məsələlər və sairə. Xarici işlər naziri hər ay çıxıb televiziyada çıxış edə bilməz ki! Yaxud da ki hüquq-mühafizə orqanları. Bunların mətbuat orqanları, ictimaiyyətlə əlaqələr şöbəsi verilən sualları ictimaiyyətə cavablandırır”. Komitə sədri onu da vurğulayıb ki, artıq vətəndaşların müraciətlərində azalma müşahidə olunur. “Nazirlər il ərzində bütün regionlarda görüşlər keçirirlər. Vətəndaşlarla ünsiyyətdə olurlar. Qabaqcadan elan verirlər. Kimin hansı məsələ ilə bağlı problemi varsa, o problemlə əlaqədar da gəlib öz sözünü deyir. Nəticə etibarı ilə deyə bilərəm ki, artıq müraciətlərin 60%-dən çoxu azalıb. Çünki bu məsələlər yerində həll edilir”. Geri qayıt |