Əsas Səhifə > Partiya, Güney Press > YAP müxalifətlə dialoqa gedəcəkmi?
YAP müxalifətlə dialoqa gedəcəkmi?12-03-2016, 10:50 |
“Müxalifətin antiböhran qrupunun Yeni Azərbaycan Partiyasına dialoq təklifi daxil olubsa, nəzərdən keçirəcəyik”. Bunu AzVision.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib. YAP rəsmisi bildirib ki, hakim partiya hər zaman dialoqa hazır olan siyasi təşkilatdır: “YAP həmişə dialoqların təşəbbüskarı olub. Baş tutan dialoqlarda bütün məsələlər üzrə açıq müzakirələr keçirilib. Müxalifətin antiböhran qrupunun YAP-a müraciətinin nədən ibarət olduğundan, təklifin nəyin üzərində qurulduğundan xəbərsizəm. Amma, onların hazırkı iqtisadi proseslərlə bağlı konkret təkliflərinin olmadığından xəbərdaram. Mətbuatda iqtisadi vəziyyətlə bağlı müzakirə apardıqları, hansısa paket hazırladıqları barədə məlumat verilir, amma mahiyyəti barədə açıqlama yoxdur. Bu isə belə bir təəssürat yaradır ki, onlar yaranmış situasiyadan siyasi piar üçün istifadə edirlər. Müxalifətdən fərqli olaraq iqtidar Azərbaycanda qeyri-neft sektorunun inkişafı, insanların həyat səviyyəsinin yüksəlməsi, iş yerlərinin açılması üçün konkret addımlar atır və müsbət nəticələr göz qabağındadır”. A.Mirzəzadə qeyd edib ki, hazırda siyasi müxalifətin sosial bazası çox kiçikdir: “İqtidarın apardığı uğurlu daxili və xarici siyasət tərəfdarlarımızın sayını həddən artıq çoxaldır. Müxalifətin isə kiçik sosial bazasında onlarla siyasi partiya və təşkilatlar var. Bu gün müxalifət partiyaları öz aralarında razılığa gələ bilmir. Bu baxımdan partiyaya təklif göndərilibsə, bu təklifə kiçik müxalifətin, daha kiçik bir hissəsi kimi baxmaq lazımdır. Buna müxalifətin ümumi təklifi kimi baxmaq olmaz. Amma, təklif göndərilibsə, YAP bunu nəzərdən keçirəcək”. Geri qayıt |