Əsas Səhifə > Partiya, Güney Press > Elçibəy iqtidarının fevral səhvləri

Elçibəy iqtidarının fevral səhvləri


26-02-2016, 08:51
Elçibəy iqtidarının fevral səhvləri
1992-93-cü illər AXC hakimiyyətinin fevral ayı bir sıra mühüm hadisələrlə yadda qalıb. 23 il öncənin bu günlərində baş verən iki mühüm hadisə həmin dövrdə yaşayanların, Elçibəy iqtidarında təmsil olunanların yaddaşlarından silinməyib.

Söhbət Azərbaycan ordusunun 2-ci korpusunun komandiri Sürət Hüseynovun əsgərləri Ağdərədən geri çəkməsi və Elçibəyin həmin vaxt Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin sədri Heydər Əliyevlə 8 saatlıq görüşündən gedir. Məhz bu iki mühüm hadisəni Elçibəy hakimiyyətinin süquta uğradılmasına gedən yolda başlanğıc hesab edirlər.
Bu hadisələrdən sonra AXC-Müsavat hakimiyyəti süquta uğramaqdan qurtula bilmədi. Sonrakı bütün proseslər Elçibəy iqtidarının əleyhinə işlədi. Mərhum prezident fevral ayındakı hadisələrə görə bəzən tənqidlərə də məruz qalır. Səbəb Elçibəyin S.Hüseynova etdiyi güzəştlər, onun xəyanətindən sonra qətiyyət göstərməməsi və prezident ola-ola H.Əliyevlə 8 saatlıq görüşü göstərilir.

Bu qədər uzun görüşə ehtiyac nə olub? Bu sualın cavabı hələ də tapılmayıb. Doğrudur, keçən müddətdə Elçibəy hakimiyyətinin süqutunun başlanğıcı hesab olunan hər iki hadisə ilə bağlı həmin iqtidarın rəhbərliyində təmsil olunan şəxslərdən bəzilərinin açıqlamaları olub. Amma nədənsə bu açıqlamalarda gizlədilən nüanslar sezilir.

Elçibəy hakimiyyətinin baş naziri olmuş Pənah Hüseynin 1997-ci ilin fevralında “7Gün” qəzetinə verdiyi müsahibədə Əbülfəz Elçibəy və Heydər Əliyev arasındakı 8 saatlıq görüş barədə dedikləri, bəlkə də indiyə qədər həmin hadisə ilə bağlı deyilən ən doğru fikirlərdir. Pənah bəyin həmin fikirlərini oxucularımızın diqqətinə yenidən çatdırırıq: “...Cəmiyyətdə Əbülfəz Elçibəylə Heydər Əliyevin 8 saatlıq görüşü barədə çox söz-söhbətlər dolaşır.

Hərçənd ki, bu görüş xalq yaradıcılığı motivləri ilə xeyli zənginləşib. Nə isə... Biz o vaxt idarəçilikdə təxminən Amerika modelini əsas götürən bir islahat hazırlamışdıq. Həmin islahat Nazirlər Kabinetinin ləğvini nəzərdə tuturdu. Məhz Heydər Əliyevlə görüşdən sonra onun məsləhətləri nəticəsində Elçibəy həmin islahatdan imtina etdi. Və bundan sonra mənim baş nazir olmaq zərurətim meydana çıxdı”.

AXC-Müsavat hökumətinin Rusiyadakı səfiri Hikmət Hacızadə bildirdi ki, bu iki hadisənin Elçibəyin iqtidardan getməsinə aidiyyəti yoxdur: “Elçibəyin devrilməsi Rusiyanın Baş Qərargahının kəşfiyyatı tərəfindən çoxdan planlaşdırılırdı. Onlar bizi açıq şəkildə hədələyirdilər. Sonda da Surət Hüseynovu qabağa verdilər. Ona görə də Ağdərə hadisəsinin və Heydər Əliyevlə olan 8 saatlıq görüşün Elçibəyin hakimiyyətdən getməsinə səbəb olması barədə fikirlər doğru deyil. Açığı, görüş barədə eşitmişəm, amma orada olmamışam. Ona görə də nədən söhbət getdiyini bilmirəm. Amma görənlər deyir ki, 8 saatlıq görüşün çoxu xatirələrə həsr olunub. Hər ikisinin mehriban söhbət etdiklərini deyirlər. Elçibəy Heydər Əliyevin inzibati bacarıqlarını dəyərləndirirdi. Ondan ölkənin müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində istifadə etmək istəyirdi. Elçibəy deyirdi ki, o bacarıqlı, bilikli şəxsdir, niyə bir yerdə olmayaq, müstəqillik yolunda birlikdə çalışmayaq. İnanmıram ki, 8 saatlıq görüşdə xəyanət ola. Elçibəylə Heydər Əliyev çoxdan tanış idilər. Azərbaycan çərçivəsində baş verən hadisələrdə öndə olan şəxslər idilər. Niyə görüşməməliydilər? Belə görüşlər olur və təbiidir”.

Elçibəy hökumətinin mətbuat və informasiya naziri olmuş Sabir Rüstəmxanlı bildirdi ki, ən böyük səhvləri ölkə daxilində olan qüvvələrin güclərini nəzərə almamaları olub: “Həmin dövrdə hakimiyyət daxilindəki prosesləri nəzərə almadan müxalifətin, Elçibəyin hakimiyyətə gəlməsi tez idi. O dövrdə müxalifət çox güclü idi. İstənilən hakimiyyəti iradəsinə tabe etdirə bilərdi. Bu baxımdan həmin dövrün iqtidarını istədiyimiz istiqamətə yönəltmək daha doğru idi, nəinki hakimiyyətə gəlmək”.

Geri qayıt