Əsas Səhifə > Hadisə, Manşet > Dövlətin dava-dərman siyasəti Gəncədə yürüməz...

Dövlətin dava-dərman siyasəti Gəncədə yürüməz...


3-09-2015, 11:13
Dövlətin dava-dərman siyasəti Gəncədə yürüməz...
Ötən saylarımızda dərc etdiyimiz bir neçə materialda, biz Gəncə şəhər səhiyyə sisteminin fəaliyyətində müşahidə olunan bəzi neqativ hallardan bəhs etmişdik. Yerli mənbələrdən aldığımız məlumatlar əsasında hazırlanmış həmin materiallarda qeyd olunmuşdu ki, bu gün Gəncə səhiyyəsinin ən zəif nöqtələrindən biri kimi məhz şəhər Psixonevroloji Dispanseri çıxış etməkdədir. Redaksiyamıza daxil olan məlumatlarda bu müəssisənin baş həkimi Yaşar Əliyevin öz fəaliyyətində vəzifəsindən sui-istifadə, rüşvətxorluq və digər ciddi qanun pozuntularına yol verdiyi bildirirlir. Məlumatlarda iddia olunur ki, şəhərdə formalaşmış ümumi ictimai rəyə görə məhz Y.Əliyevin yarıtmaz fəaliyyəti nəticəsində bu gün dispanserdə vəziyyət son dərəcə acınacaqlı hal almışdır. Bu xüsusda mənbələr bildirirlər ki, əhaliyə psixonevroloji, psixoprofilaktik tibbi xidmət göstərmək, psixi qüsuru olan xəstələrin sosial əmək reabilitasiyasını təşkil etməyə borclu olan səhiyyə ocağının baş həkimi özbaşına işlərlə məşğuldur. İddialara görə dispanserdə müalicə alan insanlar, həmçinin tibbi personal baş həkimin qanunsuz fəaliyyətindən beziblər. İş o yerə çatıb ki, baş həkimlə razılığa gələn sağlam şəxslər də burdan “dəlilik kağızı” ala bilirlər. Daha sonra məlimatlarda bildirilir ki, dispanserdə müalicə olunan xəstələr müəssisə rəhbərliyi tərəfindən dözülməz haqsızlıqlara məruz qalırlar. Belə ki, dispanserdə müalicə alan xəstələr bəzi hallarda ayrı-ayrı işlərə cəlb olunurlar. Baş həkim onların əməyindən dispanserin həyatyanı sahəsinin təmizlənməsində və müəyyən tikinti işlərində istifadə edir. Bu isə məlum olduğu kimi psixo-nevroloji xəstələrin istismarı kimi xarakterizə olunan yolverilməz haldır. Həm də məlumatlara görə görə, Gəncə şəhər Psixonevroloji Dispanserində heç bir xəstənin pulsuz müalicə və müayinə olunmaq şansı yoxdur. Həkimlər isə Yaşar Əliyevin tapşırığı əsasında müalicənin müddətini uzatmağa çalışırlar. Bundan başqa, açıqlamalarda vurğulanır ki, məhz ictimai baxımdan daha çox təhlükə törədə biləcək bir məqam da vətəndaşlara işə qəbul üçün tələb olunan arayışların verilməsi ilə bağlıdır. Məlum olduğu kimi, təhlükəsizlik baxımından, bəzi vəzifələrə işə qəbul zamanı vətəndaşların narkoloji və əsəb dispanserlərində müayinədən keçmələri tələb olunur. Yəqin ki, bu prosedurun və ən əsası da müayinənin nəticələrinin nə dərəcədə ciddi əhəmiyyət kəsb etdiyini izah etməyə ehtiyac yoxdur. Mənbələr isə bildirirlər ki, məhz Gəncə şəhər Psixonevroloji Dispanserində müəyyən məbləğdə rüşvət verməkdən imtina etməyən şəxslər hətta müayinə olunmadan belə tələb olunan arayışı ala bilərlər. Bununla belə məlumatlarda belə bir məqam da vurğulanır ki, Yaşar həkim daha çox sürücülük vəsiqəsinin alınması üçün tələb olunana arayışların yazılması sahəsində “ixtisaslaşır”. Həmçinin daxil olan məlumatlarda, dispander rəhbərliyinin buraya Səhiyyə Nazirliyi tərəfindən ayrılan dərman preparatları ilə də müəyyən maxinasiyalar törətdiyi bildirilir. Vurğulanır ki, dispanserdə əsəb xəstəliyindən əziyyət çəkən xəstələrə dərmanlar ikiqat bahasına satılır. Belə ki, müalicə alan xəstələrə pulsuz verilməli olan dərmanlar Gəncə şəhərində və qonşu rayonların müxtəlif ərazilərində fəaliyyət göstərən apteklərə satılır, elə bu səbəbdən də xəstələr zəruri dərman preparatlarını baha qiymətə həmin apteklərdən almağa məcbur olurlar. Bir çox mənbələr isə, həmin apteklərdən də bəzilərinin elə baş həkimin özünə aid olduğunu iddia edirlər...
\\bizimdovr.az\\
Geri qayıt