Əsas Səhifə > Hadisə, Manşet > Bakı Avropa Oyunları Azərbaycan dövləti üçün hansı əhəmiyyəti daşıyır

Bakı Avropa Oyunları Azərbaycan dövləti üçün hansı əhəmiyyəti daşıyır


10-04-2015, 11:05
Bakı Avropa Oyunları Azərbaycan dövləti üçün hansı əhəmiyyəti daşıyır
DİA.AZ: - Bu gün Azərbaycan çox mühüm bir tədbirin astanasındadır. Əslində Bakıda keçiriləcək Avropa Oyunları təkcə hakimiyyətin yox, bütünlükdə olaraq Azərbaycan dövlətinin, Azərbaycan xalqının qayğısı olmalıdır. Amma acınacaqlı bir hal müşahidə olunmaqdadır. Bu gün siyasi baxımdan iqtidara opponentlik edənlər ənənələrinə sadiq qalaraq, əslində hakimiyyətə heç bir siyasi divident gətirməyən və realda Azərbaycan dövlətinin namına xidmət edəcək bu hadisəyə düşmən Ermənistandan da aqressiv bir mövqe sərgiləməkdədirlər ki, bu da anlaşılan deyil.

Belə müxalifət olmaz…

Təbii ki, Azərbaycan müstəqil dövlətdir və dəfələrlə bəyan olunub ki, Azərbaycanda demokratikləşmə prosesinin inkişafı hakimiyyətin də birbaşa marağındadır. Yəni demokratik ölkə olan Azərbaycanda müxalif fikrin olması da təbiidir. Vacibdir.

Amma müxaliflik o demək deyil ki, hakim komandanın dövlət adına gördüyü işlər belə düşmən münasibətin hədəfinə çevrilsin. Təbii ki, belə müxaliflik olmaz.

Əvvəllər müxalifət adına çıxış edən qüvvələr hətta Qarabağ cəbhəsində baş verən olayları belə siyasi manevr predmetinə çevirməkdə idilər. Kimsə iddia edə bilməz ki, Azərbaycanda hansısa məmur və yaxud da iqtidar təmsilçisi Qarabağ cəbhəsində düşmən tərəfinin uğur qazanmasını, əsgərlərimizin şəhid olmasını, Azərbaycan ordusunun böyük itki verməsini arzulayır. Təbii ki, bu, mümkün deyil, imkansızdır.

Amma buna rəğmən müxalifət zamanında gəbhədəki itkilərimizi də bir siyasət alətinə çevirərək «ordu morqa dönməsin, əsgərlərimiz ölməsin» şüarı kimi absurd və təxribatçı şüarlarla əslində hakimiyyət yox, dövlət əleyhinə bir dəst-xətt nümayiş etdirməkdə idilər.

Doğrudur, son zamanlar belə hallar müşahidə olunmasa da, konkret olaraq Avropa Oyunlarına Azərbaycanın ev sahibliyi etməsinə müxalifət qüvvələri həmin yanlış, əslində düşməncəsinə olan mövqeni sərgiləməkdədirlər.

Nə baş verir?

Biz hər birimiz hansı siyasi düşərgədə dayanmağımızdan asılı olmayaraq ilk növbədə Azərbaycanın vətəndaşlarıyıq və atdığımız bütün addımlarda - əgər bu ictimai xarakter daşıyırsa - mütləq və mütləq şəkildə ilk olaraq dövlətimizin maraqlarını düşünməliyik. Əgər bu gün hansısa müxalif təşkilat, müxalifyönümlü QHT hansısa əcnəbi donorun pullarının müqabilində əslində Azərbaycan üçün dövlət əhəmiyyətli sirr sayılacaq informasiyaları bir layihə şəklində ictimailəşdirirsə və yaxud da Azərbaycanda olmayan hansısa etnik, dini zəminli qarşıdurmanı körükləyən bir layihənin icrasını həyata keçirirsə, bunun başqa bir adı yoxdur və buna VƏTƏNƏ XƏYANƏT deyilir.

Hansısa vətəndaşı hansısa məmurun fəaliyyəti qane etməyə bilər. Amma bu o demək deyil ki, həmin vətəndaş bu bəyənməzliyinə görə Azərbaycan dövlətinin əleyhinə çıxış etməlidir, Azərbaycan dövlətinin sütunlarını hədəfə almalıdır.

Avropa Oyunları hakimiyyətin uğuru deyil…

Bəli, Avropa Oyunlarının Azərbaycanda keçirilməsi heç də təkcə hakimiyyətin uğuru deyil. Bu, bütünlükdə olaraq beynəlxalq müstəvidə Azərbaycan dövləti adına yazılan bir uğurdur. Biz bir dövlət olaraq özümüzü beynəlxalq müstəvidə sübutlayırıq. Azərbaycanın dövlət müstəqilliyinə müsbət münasibət möhkəmlənir. Azərbaycan bu kimi vasitələrlə öz dövlət mexanizmlərinin möhkəmliyini dünyaya nümayiş etdirir.

Hər halda, hansısa oyuncaq dövlətə belə bir mühüm tədbirə ev sahibliy etməsi rəva görülmür. Və bu gün konkret olaraq düşmən Ermənistanın belə bir mühüm tədbirə ev sahibliyi etməsi üçün nələri qurban verməyə hazır olduğunu təxmin belə etmək olmaz…

Nə etməli?

Təbii ki, biz ev sahibiyik. Və qapımıza, evimizə gələn qonağı layiqincə qarşılamalıyıq. İnanın ki, Bundan çox şey asılıdır. Azərbaycan türkünün adına yazılan bu tarixi hadisənin yaratdığı fürsəti qaçırmaq bizim üçün bağışlanmaz olacaq.

O ki, qaldı siyasi rəqabətə… Bunu qonaq gedəndən sonra da edə bilərsiniz, cənablar… Hansı ailədə ev sahibləri qonağın qarşısında bir-biri ilə savaşır ki…

DİA.AZ - Araşdırma Qrupu

Geri qayıt