Əsas Səhifə > Hadisə, Manşet > Dələduzluqla üzləşən Əbülfəz Əliyevə iki icra başçısı hansı vəzifələri təklif etdi

Dələduzluqla üzləşən Əbülfəz Əliyevə iki icra başçısı hansı vəzifələri təklif etdi


10-02-2015, 11:03
Dələduzluqla üzləşən Əbülfəz Əliyevə iki icra başçısı hansı vəzifələri təklif etdi
Qəzetimizin 28-31.01.2015 və 05.02.2015-ci il saylarında redaksiyamıza şikayət ərizəsi ilə müraciət edən, vaxtilə məsul vəzifələrdə çalışan Əliyev Əbülfəz Cəlal oğlunun bəzi yüksək çinli məmurlar tərəfindən aldadılaraq külli miqdarda pulunun mənimsənildiyi barədə ətraflı məlumat vermişdik.

Zərərçəkən bizimlə söhbətində bildirmişdi ki, Xızı Rayon İcra Hakimiyyətinin başcısı Xəzər Aslanovun qardaşı, Neftçala Rayon İcra Hakimiyyətinin başcısı İsmayıl Vəliyevin qaynı, vaxtilə Azərbaycan Respublikası FHN-nin Gəncə Regional Mərkəzinin rəisi vəzifəsində işləmiş, etdiyi özbaşnalığa görə tutduğu vəzifədən qovulmuş Aslanov Rövşən Qəşəm oğlu onun etibarından sui-istifadə edərək yarım milyon dollara qədər pulunu mənimsəyib: "Aslanov Rövşənlə bizim yaxın münasibətimiz, hətta dost münasibətimiz olub. O mənə Türkiyənin İstanbul şəhərində tekstil fabriki aldığını və özünə şərik axtardığını bildirdi. Hətta qaynı olan Neftçala Rayon İcra Hakimiyyətinin başcısı İsmayıl Vəliyevin də şəriklər arasında olduğunu, bu işə kifayət qədər kapital yatırdığını bildirdi. O bildirdi ki, bu işdə yaxşı pul var, əgər şərik olsa ayda ən azı 20-30 min ABŞ dolları gəlir götürə bilərəm. Mən isə Aslanov Rövşənə inandığımdan onun təklifini qəbul etdim. Özümün, anamın və yaxın qohumlarımın evini banklarda girov qoyaraq, bəzi mülkləri isə sataraq (ümumilikdə mənə və ailə üzvlərimə məxsus 6 mülk satılmışdı) ayrı-ayrı vaxtlarda ümumilikdə 482.000 ABŞ dolları pul toplayıb Rövşən Aslanova verdim. O isə pulu alandan sonra mənə vəd verdi ki, yaxın zamanda kapital dəyəri 2000000 dollar olan fabriklərinin 30 faizinə şərik olacaqsan. Amma aradan xeyli vaxt keçməsinə baxmayaraq, Rövşən mənə verdiyi vədi yerinə yetirməkdən yayındı. O gündən 2 ildən çox vaxt keçməsinə baxmayaraq, mən pulumu bu adamlardan ala bilmirəm.

- Əbülfəz müəllim, keçən dəfə demişdiniz ki, sizə verdiyiniz pulun müqabilində vəzifə təklif ediblər. Bu barədə ətraflı məlumat verərdiniz?

- 2012-ci ilin yay ayları idi, artıq mənə dediyi summanı, yarım milyon dolları ona vermişdim. O isə mənə verdiyi vədi yerinə yetirmədi və İstanbuldakı fabrikə şərik etmədi. Artıq mən aldadıldığımı anlayıb pullarımı geri tələb edirdim. O ərəfədə Rövşən Aslanov məni öz kabinetinə dəvət etdi. Bildirim ki, həmin vaxt o Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin rəhbəri işləyirdi. Məni kabinetinə dəvət edib bildirdi ki, pulu qaytara bilmir. Ona görə də Xızının icra başcısı olan qardaşı Xəzər Aslanov və Neftçalanın icra başcısı olan qaynı və şəriki İsmayıl Vəliyev məsləhətləşərək mənə etimad göstərdiklərini bildiriblər. Yəni pulun əvəzinə mənə icra başcısı olduqları rayonda istədiyim idarədə vəzifə verə bilərlər. Mən isə ona bildirdim ki, sizlərə verdiyim pul mənim deyil, başqalarınındır. Qohum-əqrabanın, dost-tanışın mülklərini satıb, borc götürüb vermişəm. O cümlədən həmin dövrdə mən onsuz da yüksək vəzifədə işləyərək dövlətimə sədaqətlə xidmət edirdim. Amma sənin mənə verdiyin yalan vədlər ucbatından vaxtından əvvəl işimdən oldum. Təbii ki, insan yaşamaq üçün, ailəsini dolandırmaq üçün işləməlidir. Amma mən sizin təklif etdiyiniz vəzifələrdə işləyə-işləyə bu qədər pulu necə qaytarım? Ona verdiyim bu suala isə cavabı o oldu ki, onda özün bilərsən. Mən sadəcə, icra başcılarının mənə dedikləri təklifi sənə çatdırdım.

- Əbülfəz müəllim, bəs siz işdən çıxmadan Rövşən Aslanovun vəd etdiyi işlərlə məşğul ola bilməzdiniz?

- Birincisi, dövlət qulluğunda xidmət edən bir adamın bineslə məşğul olması qanunla yasaq olduğunu bildiyimdəm, həmçinin Rövşən Aslanovun verdiyi vədlərə inandığımdan bu addımı atdım. Rövşən Aslanov təkidlə mənə bildirdi ki, ikimizdən birimiz işin başında durmalıyıq. Xatırladım ki, şirkətin həm Azərbaycanda, həm də Moskvada nümayəndəliyi varıydı. Hətta Moskvada Lyublina topdansatış ticarət mərkəzində mağazaları da fəaliyyət göstərirdi. Və o mağazanı Azərbaycan vətəndaşı olan Rahib adlı şəxs işlədirdi. Sonradan bildim ki "101 rakib" adlı şirkəti Rövşən Aslanov, Rahib və Kubar adlı şəxslər birlikdə qurublar. Amma o mənə demişdi ki, fabrik yalnız ona və ailə üzvlərinə məxsusdur və yeganə şəriki də mən olacağam.

- Sizinlə müsahibədən anlayıram ki, bu masştabda iş görmək üçün kifayət qədər vəsaitiniz olmayıb. Pulu da qohum-əqraba və dost-tanışdan alıbsınız. Niyə bu qədər riskə gedirdiniz?

- Birincisi, əvvəlki müsahibələrimdə də bildirmişəm ki, mənim Rövşən Aslanovla dostluq münasibətlərim olub. O cümlədən onun bu işdə bizə kömək edəcək yüksək vəzifəli adamlarının olduğunu deməsi məni bu addımı atmağa vadar etdi. İkinci isə mən düşündüm ki, əgər bu işdə hər hansı bir problem yaranarsa, adlarını qeyd etdiyi vəzifəli şəxslər məsələyə münasibət bildirib operativ qərar verəcəklər. Təəssüf ki, sonradan anladım ki, mənim düşündüyüm kimi olmadı. Həmin şəxslər mənə yox, Rövşən haqsız olduğu halda ona tərəf çıxdılar. Və bu keçən müddət ərzində bütün bunların şahidi oldum. Hətta pulumu ala bilmədyimi bu 2 il ərzində Rövşən Aslanov və himayədarları qaytarmaq əvəzinə etdiyim şikayətlərə görə mənə hədə-qorxu da gəliblər. Belə ki, özünü Daxili İşlər Nazirliyinin əməkdaşları kimi təqdim edən və kriminal aləmin nümayəndələri tərəfindən dəfələrlə hədə-qorxu mesajları almışam, hətta məni susdurmaq üçün övladımın oğurlanması ilə təhdid olunmuşam. Bu barədə dövlət qurumlarına teleqram və məktub vasitəsilə müraciət etsəm də, heç bir tədbir görülməyib.

Bütün bunlara baxmayaraq, fürsətdən istifadə edib Rövşən Aslanov və onun himayədarlarına demək istəyirəm ki, bu cür əməllərlə məni susdura bilməyəcəksiniz. İnanıram ki, o cümlədən sizin də inanmağınızı istəyirəm ki, Azərbaycan Respublikasının Qanunları və Prezidentimin möhkəm iradəsi sahəsində ədalət qalib gələcəkdir. Bu əməllərinizə görə sonradan çox peşman olacağınıza əminəm.

Burdan Rövşən Aslanova və himayədarlarına onu da bildirmək istəyirəm ki, heç kimin nə tutulmasını, nə də işdən azad olunmasını istəmirəm və bu mənə lazım da deyil. Sadəcə, insanların dələduzluq yolu ilə əllərindən aldığınız əmlakını və pullarını geri qaytarın. Digər haqları tapdalanan insanlar kimi məni körpülərə, bina damlarına və yaxud özünü yandırmaq yolu ilə intihar etdirmək həddinə çatdırmayın.

Sonda zərərçəkmiş Əbülfəz Cəlal oğlu Əliyev Azərbaycan Respublikası Baş prokuroru Zakir Qaralova müraciət ünvanladı.

Müraciətdə deyilir!

Hörmətli cənab Baş prokuror!

Xızı rayon İcra Hakimiyyətinin başcısı Xəzər Aslanovun qardaşı və Neftçala Rayon İcra Hakimiyyətinin başcısı İsmayıl Vəliyevin qaynı və biznes şəriki, FHN-nin Gəncə Regional Mərkəzinin rəisi vəzifəsində işləmiş, həyata keçirmiş özbaşnalıq və dələduzluq əməllərinə görə tutduğu vəzifədən qovulmuş Aslanov Rövşən Qəşəm oğlu etibarımdan süi-istifadə edərək, əmlakımı və pulumu ələ keçirmək məqsədilə qabaqcadan düşünülmüş qaydada qrup şəklində dələduzluq edərək mənə külli miqdarda ziyan vurmaqla 482.000 ABŞ dolları məbləğində pulumu mənimsəmişdir.

Bu günədək etdiyim çoxsaylı müraciətlərə baxmayaraq, Aslanov Rövşən Qəşəm oğlunun himayədarlarının sayəsində araşdırılmayıb. Lakin Azərbaycan Respublikasının Baş Prokurorluğunun nümayəndəsi cənab Anar Nəsibovun imzaladığı 16.12.2014-cü il tarixli və cənab Vüqar Quliyevin 19.01.2015-ci il tarixli məktubunda məni dinləmədən araşdırma apardıqlarını və bu işin mülki xarakterli olduğunu bildirərək, məhkəməyə müraciət etməyimi tövsiyə etmişlər.

Hörmətli cənab Baş prokuror!

Göstərilənləri nəzərə alaraq, şikayət ərizəmdəki xüsusatlar üzrə araşdırılma aparılmasını, etibarımdan sui-istifadə edərək mənə külli miqdarda ziyan vurmaqla 482.000 ABŞ dolları məbləğində əmlakımı ələ keçirməklə dələduzluq cinayəti törətmiş Aslanov Rövşən Qəşəm oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi və edilməməsi barədə qərar çıxarılmasına göstəriş verməyinə sizdən xahiş edirəm.

İmza: Əliyev Əbülfəz Cəlal oğlu.

P.S. İki icra başcısının da adı hallanan 2 milyonluq şirkət qalmaqalında qarşı tərəfın mövqeyi məlum oldu. Bu barədə növbəti yazımızda.

(ardı var)
\\ GünBakı \\
Geri qayıt