Əsas Səhifə > Hadisə, Manşet > Şirvanda ananı susudurmaq üçün oğlunu həbs ediblər

Şirvanda ananı susudurmaq üçün oğlunu həbs ediblər


8-12-2014, 10:22
Şirvanda ananı susudurmaq üçün oğlunu həbs ediblər
Şirvan şəhərində skandal olay yaşanıb. JAM.AZ xəbər verir ki, Hacı Zeynalabidin Tağıyev küçəsi 2A ünvanında yaşayan Rasilə Şirinovanın göndərdiyi videogörüntüdə olduqca ilginc bir məsələdən bəhs olunur.

Rasilə Şirinova videoaçıqlamasında qeyd edir ki, onların yaşadığı binanın qarşısında uzun illərdən bəri yaşıllıqlar olub və camaat oranı abad saxlamaq üçün bağça şəklinə salıb. Şirvan sakini deyir ki, həmin bağçaları dağıdaraq, satmaq üçün dəfələrlə cəhdlər olsa da, bina sakinləri buna imkan verməyib. “Hər dəfə əraziyə baxan JEK-in müdiri Əyyub Gülməmmədov gəlib sakinlərdən pul alıb, söküntü işləri aparmırdı. Lakin günün birində qəfil əraziyə polis, İcra Hakimiyyətinin işçiləri, JEK-in əməkdaşları və digərləri gəlib, bağçaları sökməyə başladılar”.



Şirvan sakini bildirir ki, binada yaşayanlar aşağı düşərək, söküntüyə etiraz ediblər. Hətta onlar İcra Hakimiyyətinin nümayəndələrinə təklif də veriblər ki, əgər bu əraziləri satmaq fikirləri varsa, onu almağa hazırdırlar. Amma bu təklifləri qəbul olunmayıb. “Aşağıda etiraz edəndə JEK-in müdiri məni təhqir etdi. Bildirdi ki, saçımı qırxdırıb, özümü də Ramanaya göndərər. Bu vaxt oğlum da ordaydı və bu sözləri eşidəndən sonra Əyyub Gülməmmədova etiraz edib, ona cavab qaytardı. Tez polis çağıran JEK-in müdiri oğlumun həbs edilməsini tələb etdi və onun qoluna qandal vurmaq istəyəndə mübahisə yarandı. Nəticədə oğlumun qolu kəsildi”.

R.Şirinova qeyd edir ki, həmin vaxt həm söküntü işlərini, həm də oğlunun başına gələnləri əlindəki mobil telefonun kamerası vasitəsi ilə çəkə bilib. Bundan JEK müdiri də, İcra Hakimiyyətinin nümayəndələri də xəbərdar olublar. Elə problem də bundan sonra baş qaldırıb. “Əlimdəki videogörüntülər üzə çıxmasın deyə, məni təhdid etdilər. Oğlum polisdə olduğundan bir qədər susmalı oldum. Lakin bir neçə gündən sonra Şirvanın icra başçısının göstərişi ilə oğluma cinayət işi qaldırıldı. Onun üzünə çəhərdəki bir qrup əxlaqsız qadını durğuzudlar. Hazırda oğlum 2 saylı Cəzaçəkmə Müəssisəində həbsdədir”.

Hadisəni nəql edən şəxs bildirir ki, oğlu ilə bağlı qondarma ciyanət işini Şirvan Polis İdarəsinin müstəntiqi Anar Şirinov aparıb. İşlə əlaqədar görüşlərdən birində müstəntiq R.Şirinovaya təklif edib ki, əgər, 13 min manat verərsə, oğlunu azadlığa buraxa bilər. “Mən ona bu qədər pulum olmadığnı dedim. Amma həmin məbləği düzəldəcəyimə söylədim. Ürəyimdən əməliyyat olunmaq üçün yığdığım bir miqdar pulun üstünü qohum-əqrabadan aldığım borclarla düzəldib 10 min manat hazırladım. Sonra aparıb Anar Şirinova verdim. Lakin o, məni aldatdı və pulumu alaraq oğlumun işinə heç bir köməklik etmədi. Pulumu geri istəyəndə isə “Get kimə istəyirsən şikayət elə. Başına oyun açaram” deyib, məni təhdid etdi. Bu günə qədər də pulumu geri ala bilmirəm”.

Rasilə Şirinova vurğulayır ki, onun Anar Şirinova pul verməsini təsdiq edən sübutları var. Bu da müstəntiqə yazdığı SMS-lərdən ibarətdir. “Həmin vaxt Anar mənə dedi ki, bu pul Şirvanın polis rəisi, prokuroru və məhkəmənin sədri arasında bölüşdürüləcək”.

Qeyd edək ki, Şirvan sakini oğlunun işinə yenidən baxılmasını, müstəntiqin ondan aldığı pulun geri verilməsini tələb edir. Bizə göndərdiyi videoları isə yaymağımızı xahiş edib.

Həmin videoları olduğu kimi təqdim edirik.





Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt