Əsas Səhifə > Hadisə, Manşet > “Zaminbank”ın filial müdiri Qarabağ əlilinin ailəsinə müsibət yaşadır

“Zaminbank”ın filial müdiri Qarabağ əlilinin ailəsinə müsibət yaşadır


4-12-2014, 10:33
“Zaminbank”ın filial müdiri Qarabağ əlilinin ailəsinə müsibət yaşadır
DİA.AZ: - Özü ikinci qrup Qarabağ əlili olan Qənimət Rəhmanova ilə “Zaminbank”ın Göyçay filialının müdiri Ilqar Fərzəliyev arasında hazırda məhkəmə çəkişməsi gedir. Səbəb də budur ki, Qənimət Rəhmanovanın və ailənin digər üzvlərinin razılığı, imzası olmadan girov qoyulmuş və dəyəri təxminən 90-100 min manat olan evi əlindən alınıb. Indi Qənimət Rəhmanova bilmir ki, kirayə pulunu versin, birinci qrup Qarabağ əlili olmuş, evlənəndən cəmi il yarım sonra dünyasını dəyişən oğlunun həyat yoldaşı və körpə uşağını saxlamaq üçün çörək pulu tapsın, yoxsa notariat kontoru və digər qurumlarla əlaqələr vasitəsilə qanunsuzluq edib evini əlindən alanların cəzalandırılması, mülkünün geri qaytarılması üçün hüquq-mühafizə orqanlarının, məhkəmələrin yolunda qalsın...

Qənimət xanım deyir ki, Qarabağ döyüşlərində yaralanmış oğlu faktiki acından ölürdü. Ona görə də dövlət tərəfindən verilmiş torpaq sahəsində kiçik bir köşk tikdirib, xırda ticarətlə çörəkpulu qazanmaq istəyib. Bu məqsədlə də atası “Zaminbank”ın Göyçay filialının müdiri Ilqar Fərzəliyevin qəbulunda olub:

“Yoldaşım deyib ki, oğlumun və özümün pensiya kartlarımızı girov qoyaq, bizə kredit ayırın. Ilqar Fərzəliyev deyib ki, yox, mümkün deyil. Yoldaşıma təklif eləyib ki, evini oğlunun adına keçir, girov qoyaq, pul verim. Yoldaşım deyib ki, mənim evimdə o qədər külfətim var, necə eləyim? Ev kitabında 16 nəfərin qeydiyyatı var. Deyib ki, sən sadəcə, razılıq ərizəsi yaz, notarius-filan məsələləri mənlikdi. Beləcə, ev kitabında qeydiyyatda olanların heç birinin razılığı, imzası olmadan ev üç illik baş etibarnamə ilə oğlumun adına keçib və girov qoyulub, amma evdə qeydiyyatı olanların heç birinin imzası, razılığı olmadan. Evə Bankın sənədlərindən görünür ki, evimə 60 min pul qoyulub, 25 min verilib. O 25 minin də 500-ünü elə pulu götürəndə xidmət haqqı adıyla alıblar. Iki aylıq kredit ödənişini də elə pulu götürən kimi ödəyib. Köşk yarımçıq tikilmişdi ki, oğlum tamamilə yatağa düşdü, tikili yarımçıq qaldı. Materiallara verdiyimiz pul da arada getdi. 8 ay oğlum yataqda qaldı, bulyonu qaynadıb süzüb verməklə həmin müddətdə onu saxlayırdım. Oğlum evlənəndən düz il yarım sonra dünyasını dəyişdi. Onu da deyim ki, bankda ödəniləndən əlavə, sonradan da müəyyən məbləği banka ödəmişdik. Oğlum rəhmətə gedəndən sonra Ilqar Fərzəliyevə gedib yalvardım ki, qurban olum, cavan gəlinlə, körpə uşaqla bizi küçəyə atma, pulu ödəyəcəyik. Axı o körpənin atası bu vətənin yolunda canını qoyub... Dedim ki, həyat yoldaşım Əmək veteranıdır, yaxşı pensiya alır, həm onun, həm də özümün pensiya kartımı qoyum, banka olan borcumuz qurtarana qədər götürməyəcəm. Evimdə də nəyim varsa, satıb, pulunu ödəyəcəm. Dedi ki, sən nə danışırsan, evdən çıxmalısız. Hazırda 90-100 min qiyməti olan, bankın özünün də 60 minə dəyərləndirdiyi evimi 20 min 500 manata guya, satdı. Bizi polislər sürüyə-sürüyə evimizdən çıxarıb atdılar. Ilqar Fərzəliyevin yanına getdim, mənə dedi ki, get, kimə istəyirsən şikayət elə, lap elə prezidentinə də, mən heç kimdən qorxmuram...”

Dia.az bildirir ki, Qənimət Rəhmanova Göyçay rayon məhkəməsinin onun evinin əlindən alınması haqda qərarından Şəki Apellyasiya Məhkəməsinə şikayət verib. Şəkidə bu iş üzrə qərar çıxarılana qədər baş prokuror Zakir Qaralov Ismayıllıda vətəndaşları qəbul edib. Qənimət xanım da onunla görüşə bilib, dərdini danışıb, sənədləri təqdim edib. Həmçinin ədliyyə naziri Fikrət Məmmədovun da qəbuluna düşə bilib. Bundan sonra Şəki Apellyasiya Məhkəməsi onun xeyrinə qərar çıxarıb. Qarşı tərəf - “Zaminbank”ın Göyçay filialının rəhbərliyi bu qərardan Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə işi yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərib. Şəkidə bu dəfə də - bu il avqustun 28-də Qənimət Rəhmanovanın xeyrinə qərar çıxarılıb və iş yenidən baxılması üçün Göyçay rayon məhkəməsinə qaytarılıb. Burada noyabrın 27-də iş üzrə hazırlıq iclası keçirilib və məhkəmə iclası dekabrın 15-nə təyin olunub.

Dia.az qeyd edir ki, Qənimət Rəhmanova banka olan borcunu qaytarmaqdan boyun qaçırmır: “Mənim oğlum ölüb, haqq dünyasındadır, ilk növbədə onun ruhuna görə mən borclu olduğu pulu qəpiyinə qədər qaytaracam. Məni yandıran Ilqar Fərzəliyevin insanlara qarşı bu dərəcədə qəddarlığıdır. O adamın qurbanı təkcə bizim ailə deyil, Göyçayda nə qədər mənim günümə saldığı ailələr var. Saxtakarlığın həddinə baxın ki, ikimərtəbəli, 5 sot həyəti olan, özünün 60 minə qiymətləndirdiyi evimi məhkəmə sənədlərində 2 otaqlı kiçik ev kimi göstərib. Mən o evi 3 uşağın ağzını evdə bağlayıb, pambıqda işləyə-işləyə tikdirmişdim, əlimdən aldılar. Belə Allahsızlıq olar?! Artıq 4-cü ildir ki, kirayələrdə qalmışam, o atasız körpəni, cavan gəlini küçələrdə necə qoyum?”

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt