Əsas Səhifə > Hadisə, Manşet > Neçə müddətdir şikayətçi düşən universitet müəllimi həyatının təhlükədə olduğunu bildirir

Neçə müddətdir şikayətçi düşən universitet müəllimi həyatının təhlükədə olduğunu bildirir


6-11-2014, 11:21
Neçə müddətdir şikayətçi düşən universitet müəllimi həyatının təhlükədə olduğunu bildirir
DİA.AZ: - Gəncə dövlət universitetinin başıbəlalı müəllimi yeni müraciət yayıb. Bildirək ki, haqqı tapdanan müəllim DİA.AZ-a yolladığı müraciətində hətta həyatının belə təhlükə altında olduğunu bildirir.

DİA.AZ olaraq həmin müraciəti təqdim edirik:

“Mən Hacıyev Fikrət Bala oğlu, Gəncə Dövlət Universitetinin ümumi fizika kafedrasının baş müəllimiyəm. Xocalı faciəsindən sonra könüllü milli orduya gedən tək GDU əməkdaşıyam. 1976-cı ildə Heydər Əliyevin təşəbbüsü ilə Moskva Energetika İnstitunun elektron texnikası fakültəsinə qəbul olunmuş və 1982-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişəm. Tələbə illərində adım bir neçə dəfə Heydər Əliyevin çıxışlarında çəkilmişdi.

Tam məsuliyyət ilə bildirirəm ki, Gəncə Məhkəmələrində kütləvi rüşvətxorluq baş alıb gedir. Rüşvət verməyən ən günahsız bir insana da ömürlük həbs cəzası verməyə hazır olan Zərbəli Zərbəliyev kimi hakimi olan millətə erməni kimi məkrli düşməni neyləyirdin İlahi (M.Ə.Sabir yəqin ki, belə deyərdi)? Bu şəxs nəinki Ali Məhkəmədən, heç Respublika Prezidentindən də qorxmur. Tanışlarım vasitəsi ilə mənə arxası möhkəm olduğunu bildirən bu şəxsin və onun kimi cinayətkar hakimlərin məhkəmə sistemindən uzaqlaşdırılması üçün imza toplanması kompaniyası başlatmağı təklif edirəm.

Axı 16 yaşlı Almaz Kərimlinin özünü yandırmağa səbəb olmuş bu şəxsin HAKİM kimi müqəddəs bir vəzifədə nə işi var. Şəxsən mən Gəncə Məhkəmələrinin qanunsuz qərarlarına etiraz olaraq 52 və 29 günlük 2 aclıq aksiyası keçirmiş və sağlamlığımı itirmişəm. Faktiki olaraq həmin hakimlər sayəsində mən ölüb, yenidən dirildim. Özü də 52 günlük aclıq aksiyası zamanı 6 gün heç su da içməmişdim. Bu hakimlər daha nə cinayətlər etməlidirlər ki, layiq olduqları həbsxana kameralarına göndərilsinlər. Respublika Prezidentinə, Ali Məhkəməyə, Məhkəmə Hüquq Şurasına və Baş Prokurora etdiyim şikayətlər nəticəsiz qalır.

3.11.2014 tarixində Fuad Ələsgərovun qəbulunda oldum. Mənə bildirdilər ki, ancaq Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Ancaq Zərbəli Zərbəliyev artıq Ali Məhkəmənin göstərişlərini yerinə yerirməməklə MPM-in 420-ci maddəsini kobud şəkildə pozur. Deməli Ali Məhkəmədə kassasiya şikayəti təmin olunan müharibə veteranı itirilən əmək haqqını ala biləcək deyə bankdan kredit götürür və Zərbəli Zərbəliyev isə GDU-nun saxta diplomlu hüquqşünası ilə cinayət əlaqəsinə girib, əmək haqqımın verilməməsi qərarına gəlir. Bu üsulla neçə müharibə veteranının intihara sövq olunduğun xatırlayın. Çox təsirli üsuldur.

Doğrudanmı bir müharibə veteranının əmək haqqını verməmək üçün bu qədər fırıldaqlara əl atan hakimlərin olması Sizə də təəccüblü gəlmir? Xahiş edirəm bu müraciətimi dərc edin.

Bildirim ki, son vaxtlar yollarda avtomobillərlə məni qorxutmaq istəyirlər. Əgər "təsadüfən" avtomobil qəzası və başqa bir hadisə olarsa, bunun Zərbəli Zərbəliylev və GDU məmurları tərəfindən təşkil olunduğunu bildirmənizi xahiş edirəm. Onu da bildirirəm ki, yenə aclıq aksiyası keçirməyə başlamam da çətin olacaq, axı sağlamlığım çətin ki buna imkan verə”.

Bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...

Geri qayıt