Əsas Səhifə > Hadisə, Manşet > Rəsmi Bakının Kremlə yaxınlaşması Ermənistanın maraqları ilə ziddiyyət təşkil edir

Rəsmi Bakının Kremlə yaxınlaşması Ermənistanın maraqları ilə ziddiyyət təşkil edir


23-09-2014, 11:04
Rəsmi Bakının Kremlə yaxınlaşması Ermənistanın maraqları ilə ziddiyyət təşkil edir
DİA.AZ: - Azərbaycanın xarici siyasətdə tutduğu dəst-xətt artıq bir çox parametrlər üzərə özünü doğrultmaqdadır. Hər halda, görünəni odur ki, rəsmi Bakı indiki şəraitdə və hazırki şərtlər altında ən mükəmməl olanına üstünlük verib. Yəni istənilən bir yanlışın təkcə bu hakimiyyətə yox, bütünlükdə olaraq Azərbaycan dövlətinə nələrə mail olacağını təxmin etmək o qədər də çətin deyil.

Bu gün iqtidara opponentlik edən müxalif qüvvələr Gürcüstanı və Ukraynanı Azrbaycana nümunə kimi təqdim edirlər. Təbii ki, belə bir NÜMUNƏLƏRİ görən Azərbaycan seçicisinin bu hakimiyyətə hansı səbəblə nifrət edəcəyini düşünmək çox çətindir. Kimsə iddia edə bilməz ki, keçmiş prezident Saakaşvilinin dar ağacından asılmasından və Gürcüstanın tamamının Rusiya tərəfindən işğalından zar-zor özlərini qurtaran qonşularımız bu gün Avropa və ABŞ-dan gələn qəpik-quruşu xərcləyərək firavanlıqlarına qovuşublar.

Gürcüstanı bu gün Azərbaycandan fərqli olaraq Avropa və ABŞ tam olaraq dəstəkləyir. Gürcüstanın həm də xristian bir ölkə olması faktoru da burada mühüm rol oynayır. Amma Gürcüstan bu gün «İKİ QARABAĞ PROBLEMİ» ilə üz-üzə qalıb. Və nə ABŞ, nə də Avropa Gürcüstanın həmin problemlərinin həllinə hansısa formada dəstəklərini nümayiş etdirmirlər. Yalnız quru bəyanatlar və heç bir təsiri olmayan açıqlamalar. Amma buna əvəz olaraq bu gün faktiki olaraq Gürcüstanın olmuş Cənubi Osetiya və Abxaziya əraziləri Gürcüstansız inkişaf yolunu, yaşam yolunu tutublar.

Eləcə də Azərbaycan müxalifətinin nümunə kimi təqdim etdiyi Ukraynaya baxıb hansısa Azərbaycan seçicisinin hakimiyyətə qarşı əlinə dəyənək yox, bir seçici bülletenini alacağı da inandırıcı görünmür. Çünki bu gün həmin Avropa və ABŞ faktiki olaraq Ukraynanı tam işğaldan qurtarmaqdan başqa bir şansa malik deyillər. Eynən Gürcüstanda olduğu kimi, bu gün Ukraynada daha geniş miqyasda anoloji hadisələr təkrarlanmaqdadır. Bir neçə il əvvəl gürcülər Tiflisin işğalını problem kimi görürdülər, indi də Ukrayna Kiyevin işğal oluna biləcəyindən narahatdır.

Yox, biz iddia etmirik ki, Azərbaycan Rusiyanın köləsinə çevrilməlidir. Bu, heç belə də deyil. Əgər bunu iddia edən varsa, o zaman əks arqument kimi onlara qarşı deyilə bilər ki, onlar da Azərbaycanı Qərbin köləsinə çevirmək istəyirlər. Əgər yön tutma köləlikdirsə, bu təkcə Rusiya ilə anlaşmaya şamil oluna bilməz.

Nədən bizə Rusiya lazımdır?

Əslində biz Rusiyaya lazım olduğumuzdan daha çox, onlar bizə lazımdır. Çünki bizi bir millət və dövlət olaraq düşündürən başlıca problemin YARADICISI elə Rusiyanın özüdür. Onlar buna qədər də açıq şəkildə Qarabağın açarının ciblərində olduqlarını bəyan ediblər. O zaman biz özümüzü daha da təhlükəli duruma salma risqini göz önünə alıb da, daha da təhlükəli və absurd ideyaların arxasınca sürünməkdə nə qədər haqlıyıq?

Azərbaycan dövləti də məhz buna görə, bu gün dəyənəyi bizə daha yaxın olan bir qüvvə ilə hesablaşmaq zorunda qaldı. Bu bir faktdır. Biz dünyanın taleyini həll edən qüdrətli gücə sahib bir ölkə deyilik. Bunu etiraf etməliyik. Yəni bizim bu gün donkixotluq edib, Rusiyaya qarşı savaş açmağımız yalnız bir-iki psevdocegevaraçının avara zövqünü oxşaya bilər. Əvəzində isə Azərbayca bir dövlət və millət olaraq itirəcək.

Burada Ermənistan faktoru da unudulmamalıdır. Azərbaycan-Rusiya münasibətlərindəki istənilən bir gərginliyin faydasını məhz düşmənlərimiz görür. Bu gün ermənilər Kreml-Bakı yaxınlaşmasını narahatçılıqla müşahidə edirlər və yaxşı görürlər ki, bu xoş münasibətlər rəsmi İrəvana müsbət nəyisə vəd etmir.

Yekun…

Təbii ki, Azərbaycanın dövlət müstəqilliyi hər birimiz üçün əzizdir. Amma biz dövrü xarakterli manevr imkanından imtina edib, hansısa absurd və idealist maraqlara söykənərək rəsmən dövləti taran siyasətinin qurbanına çevirməli deyilik.

Ən azından ortada bir Ukrayna nümunəsi var… Dağılmış, xarabalığa dönmüş, dövlətçiliyi belə bu gün bir-iki avropalının ümidinə buraxılmış Ukrayna... Bəli, belə bir nümunə var və bu nümunə bizi Avropaya yaxınlaşdırmır… Əksinə, bizi Avropadan uzaqlaşdırır… Azərbaycan naminə… Çünki bizim üçün maraqlı olanı Azərbaycandır…

DİA.AZ – Aranlitik Araşdırma Qrupu

Geri qayıt