Əsas Səhifə > Hadisə, Güney Press, Manşet > Sabirabad Rayon Mərkəzi Xəstəxanasının baş həkimini həbsə aparan faktlar

Sabirabad Rayon Mərkəzi Xəstəxanasının baş həkimini həbsə aparan faktlar


15-08-2014, 18:34
Sabirabad Rayon Mərkəzi Xəstəxanasının baş həkimini həbsə aparan faktlar
Son zamanlar başverənlər göstərir ki, Azərbaycan səhiyyəsinin vəziyyəti günü-gündən pisləşir. Paytaxt daxil olmaqla regionlarda səhiyyənin vəziyyəti heç də ürəkaçan deyil. Artıq xeyli vaxtdır ki, bu sahədə olan problemləri işıqlandıraraq diqqətinizə çatdırırıq. Məqsədimiz isə tibb sahəsindəki mövcud problemlərin aidiyyəti qurumlar tərəfindən həllinə nail olmaqdır. Lakin çox təəssüf ki, bu sahədəki çatışmazlıqlar həddən artıq çox olduğundan yazmaqla bitmir. Bu gün səhiyyəmizdə ən aktual problemlərdən biri son illər ana və uşaq ölümlərinin baş verməsidir. Artıq hər gün ana və uşaq ölümü faktına rast gəlirik. Xüsusilə də ana və uşaq ölümü regionlarda baş verir. Ana və uşaq ölümü ən çox Sabirabad rayonunda baş verir. Son zamanlar bu rayonda ana və uşaq ölümü halları pik səviyyəyə çatıb. Sabirabad Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əziz Mikayılovdur.

Bu şəxsdən öncə də rayon səhiyyəsinin vəziyyəti heç də ürəkaçan deyildi. Rayon sakinləri ümid edirdilər ki, Əziz Mikayılovun rəhbərliyi zamanı tibb sahəsində mövcud problemlər az da olsa həllini tapacaq. Lakin bu şəxsin rəhbər təyin olunmasından sonra vəziyyət heç də yaxşılığa doğru dəyişmədi. Əksinə bərbad vəziyyətdə olan rayon səhiyyəsini daha da pisləşdirdi. Adıçəkilən rayonun səhiyyə sistemindəki çatışmazlıqlarla bağlı qəzetimizi bilgiləndirən rayon sakinlərindən biri bildirdi ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanasında Səhiyyə Nazirliyinin xəstələrin ərzaq və dərman preparatları ilə təminatlarına dair verdiyi təlimatlar kobud şəkildə pozulur. Hətta vərəm və şəkərli diabet xəstələri belə pulsuz dərmanla təmin olunmurlar. Yalnız bir neçə adda ucuz və az effektli həb preparatları xəstələrə pulsuz verilir. Digər tərəfdən Əziz Mikayılov dərman preparatlarının satın alınması əsasında dövət tərəfindən ayrılan vəsaitləri mənimsəyir. Bundan əlavə, rayon mərkəzi xəstəxananı lazımi tibbi avadanlıqlarla təmin etmir.

Bu gün Sabirabad Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinin ən böyük problemlərindən biri də peşəkar olmayan şəxslərin adıçəkilən tibb ocağında fəaliyyət göstərməsidir. Həmin şəxslər xəstəxanaya işə düzəlmək üçün Əziz Mikayılova "şirinlik" veriblər. Bundan başqa xəstəxana heyəti Əziz Mikayılovu saymırlar. Orada çalışan həkimlər xəstələrə istədikləri qiyməti oxuyurlar. Ona görə də Sabirabad səhiyyəsi uçuruma sürüklənir. Baş verən bütün neqativ halların səbəbi isə xəstəxanada hökm sürən özbaşınalıq, qanunsuzluq və rüşvətxorluqdur. Kim nə istəyir edir. Bir sözlə, bəzi həkimlər xəstəxanada "at" oynadırlar. Bir neçə həkim bir-biri ilə hətta yola belə getmirlər.

Sabirabad Rayon Mərkəzi Xəstəxanasında az sayda peşəkar kadr var. Adıçəkilən xəstəxanada həkimlər süni doğuşa üstünlük verirlər. Ki, pasiyent başqa həkimin növbəsində doğmasın. Lakin hər kəsə bəllidir ki, bu, uşağın qüsurlu doğulmasına səbəb olur. Bu həmçinin cinayət hesab olunur. Rayondakı etibarlı mənbələrdən redaksiyamıza çox maraqlı məlumatlar daxil olub. Verilən bilgilərə görə, xəstəxananın doğum evində ginekoloq-həkimlərin səhvi üzündən yeni doğulan körpələrin əksəriyyəti ölürlər. Belə ki, xəstəxanaya müraciət edən hamilə qadınlar normal doğuş üsulu ilə dünyaya uşaq gətirmək istədikləri halda, həkimlər onları qeysəriyyə üsulu ilə doğmağa məcbur edirlər. Bu yolun ağrısız və asan olduğunu düşünən həkimlər, doğuşu həyata keçirən vaxt uşaqların ölümünə səbəb olurlar. Mənbənin sözlərinə görə, həkimlərin səhvindən bir neçə ailə gözüyaşlı qalıb. Həkimlər törətdikləri cinayətlərin üzə çıxmaması üçün özlərindən bəhanələr gətirirlər. Guya ki, doğuş zamanı uşaq ananın bağırsaqlarına dolanıb boğulub, yaxud da hava çatışmazlığı olub. Bu bəhanələr Sabirabad MRX-nin doğum evində sanki şablon şəklinə düşüb. Xəstəxanada təkcə uşaqların ölümünə rast gəlinmir. Doğum zamanı hamilə qadınlar da həyatlarını itirirlər. Həkimlərin düzgün aparmadığı əməliyyatda analığa namizədlər dünyadan köçürlər. Bir sözlə, Sabirabad Rayon Mərkəzi Xəstəxanasında həkimlər puldan başqa heçnə düşünmürlər. İnsan həyatı onlar üçün o qədər də əhəmiyyətli deyil.

Ümid edirik ki, Səhiyyə Nazirliyi Sabirabad Rayon Mərkəzi Xəstəxanasında baş verən neqativ halları araşdıracaq və yoluna qoyacaq.

Geri qayıt