Əsas Səhifə > Hadisə, Manşet > Elmar Vəliyev hakimiyyətə əlavə problemlər yaratmaq üzərədir

Elmar Vəliyev hakimiyyətə əlavə problemlər yaratmaq üzərədir


29-07-2014, 12:08
Elmar Vəliyev hakimiyyətə əlavə problemlər yaratmaq üzərədir
DİA.AZ: - Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin işdən çıxarılması məsələsi Prezident Administrasiyasında müzakirə edilir. Bu barədə DİA.AZ-ı bilgiləndirən mənbənin dediyinə görə, artıq E.Vəliyevin vəzifəsindən götürüləcəyi ilə bağlı hakimiyyətin üst qatında başlayan müzakirələr intensiv xarakter almağa başlayıb.

Dia.az-a çatan məlumatlarda bildirilir ki, Gəncə əhalisi icra başçısının fəaliyyətindən çox narazıdır. Hər halda parlament semkiləri ərəfəsində ölkənin ikinci böyük şəhərinin əhalisinin narazılığı siyasi hakimiyyəti ciddi narahat edir. Ən azı ona görə ki, Gəncədə bu gün yerli əhalini hər an ayaqlandıra biləcək problemlər yaşanmaqdadır -söyüşcül icra başçısı, sakinlərin sosial və mülkiyyət hüququnun tapdalanması və s.

Mənbəmiz bildirir ki, artıq Prezident Administrasiyasında xalqla kobud davranan, ağzı söyüşlə açılan məmurların vəzifədən götürülməsi ilə bağlı müəyyən qərarlar qəbul olunub. Belə məmurların içində Elmar Vəliyevin başda gəldiyi deyilir. O, həm də artıq xalqın gözündə döyülən, sındırılan məmur obrazına malikdir. Ona görə də “xarizması çizilmiş” rəhbərin Gəncə kimi böyük bir şəhərə başçılıq etməsi mümkün hesab edilmir.

Gəncədə sosial təlatümlər baş verərsə, bu avtomatik bir milyona yaxın əhalinin məskunlaşdığı Gəncəbasar zonasını əhatə edə bilər. Ötən əsirin 80-ci illərinin sonunda başlanan xalq hərəkatının əsas hərəkatverici qüvvəsi olan Gəncə yenidən barıt çəlləyini xatırladır. Siyasi hakimiyyəti ən çox narahat edən də məhz bu amildir.

Yada salaq ki, E.Vəliyev 2011-ci ilin fevralında Gəncə şəhər İcra Hakimiyyətinin başçısı postunda Eldar Əzizovu əvəzləyib. Həmin andan başlayaraq o, köhnə başçıdan qalan hər şeyə – sahibkarlara, məmurlara və sakinlərə müharibə elan edib. Gəncədəki qanunsuzluqlarla bağlı mütəmadi olaraq KİV-lərdə məlumatlar dərc edilir – özəl obyektlərin “abadlıq” adı ilə sökülməsi, dindarların və siyasi fəalların təqib edilməsi, yüksək postlarda çalışan təcrübəli kadrların elliklə təcrübəsiz və rüşvətxor kadrlarla əvəzlənməsi və s. Görünür, siyasi hakimiyyət barıt çəlləyini xatırladan Gəncəni sosial təlatümlərdən qorumaq üçün hərəkətə keçməyə başlayıb. Ancaq illərdir üst-üstə yığılan problemlərin icra başçısının işdən çıxarılması ilə həllini tapacağını da düşünmək sadəlövhlük olardı. Bu, ən yaxşı halda indiki gərginliyin nisbətən azalmasına xidmət edə bilər. Parlament seçkiləri kimi mühüm bir siyasi dönəmin astanasında...

Geri qayıt