Əsas Səhifə > Hadisə, Manşet > «Megafun» müştərilərinə bir kartı bir neçə dəfə satır - Qafqazın ən böyük əyləncə mərkəzinin ən kiçik tamahkarlığı

«Megafun» müştərilərinə bir kartı bir neçə dəfə satır - Qafqazın ən böyük əyləncə mərkəzinin ən kiçik tamahkarlığı


7-07-2014, 11:51
«Megafun» müştərilərinə bir kartı bir neçə dəfə satır - Qafqazın ən böyük əyləncə mərkəzinin ən kiçik tamahkarlığı
DİA.AZ: - Özünü Avropanın ənböyük əyləncə mərkəzi kimi təqdim edən «Megafun» deyəsən, böhranlı günlərini yaşayır. Hər halda, belə olmasaydı, kifayət qədər prestijli hesab olunan bu əyləncə mərkəzi müştərilərinə fırıldaq gəlmək barədə düşünməzdi.

Bu barədə DİA.AZ-a şikayətçi düşən Bakı sakinlərindən biri bildirir ki, davamlı şəkildə «Megafun»da övladlarını əyləndirməyə imkanı olmasa da, ara-sıra ziyarət edirmiş:

«Bu məqsədlə də şirkətin təklif etdiyi 10 və 20 manatlıq əyləncə kartlarından ucuz olanını almışdım ki, uşaqlarımı heç olmasa, hər dəfə 10 manatlıq əyləndirə bilim. Deyim ki, kartın birinin qiyməti 1 manatdır. Bəlkə də bu qiymət kimlər üçünsə ucuz görünə bilər. Amma dolanışığını zar-zor təmin edən vətəndaşlar üçün böyük puldur».

Vətəndaş bildirir ki, keçən bazar günü «Megafun»a getsə də, orada sürprizlə qarşılaşıb: «Mən əyləncə üçün 10 manatlıq depozit yükləmək istəsəm də, mənə bildirdilər ki, əlimdə olan kart etibarsızdır. Səbəbini soruşduqda, bildirdilər ki, bəs, kartlar yenisi ilə dəyişib. Etiraz etdim və kartımın onlar tərəfindən geriyə satın alınmasını təlb etdim. Amma məni dinləmədilər».

Vətəndaş bildirir ki, hətta bu barədə rəhbərlik də məlumatlandırıldı: «Amma xeyri olmadı. İndi bu adamlar istədikləri vaxt əhaliyə kart satıb, sonra da yenisini çap edib, yenisini də satacaqlar? Bu nə özbaşınalıqdır? Nədən öz kartlarına sahib çıxmırlar?»

Bəlkə də Bakı sakininin qaldırdığı bu 1 manatlıq iddia kimlərəsə çox kiçik yeyinti kimi gələ bilər, amma qeyd edək ki, «Megafun»un qeyri-rəsmi rəqəmlərinə görə, bu əyləncə mərkəzi 10 və 20 manatlıq köhnə kartlardan təxminən 150 minə yaxınını sata bilibmiş. Və indi də ən azından o qədər kartı yenidən satacaq. Bir sözlə, 1 manatların hesabına 300 min manatlıq yeyinti… Necədir?

Qeyd edək ki, sözügedən Əyləncə mərkəzi 2002-ci ildən əsası qoyulan Yeni Həyat Şirkətlər Qrupuna daxildir. İnşaat sektorunun liderlərindən olan Yeni Həyat Bakıda bir neçə komplekslərinin müəllifidir. Bunların arasında ”Yeni Hayat Residence”, “Yeni Hayat Plaza”, “Azure” komplekslərinin adları xüsusilə vurğulana bilər. Hal-azırda şirkət bir neçə mühüm inşaat obyektlərinin inşasını həyatakeçirməkdədir. Bunlar “Park Azure”, “Grand Hayat” və “Hayat Palace” yaşayış kompleksləridir.

2012-ci ildə yaranmasının 10-cu ildönümündə Yeni Həyat Şirkətlər Qrupu Azure kompleksdə Avropanın ən böyük Qapalı Əyləncə Mərkəzi “Megafun”-ın fəaliyyətinə start verdi. Açılış müddətində əyləncə mərkəzi kompleksin sadəcə 3-cü mərtəbəsində məskunlaşaraq 200- dən çox atraksion, oyun apparatı, təbii buz meydançası, Bakıda ən böyük boulinq (14-ü böyüklər, 2-si uşaqlar üçün olmaqla cəmi 16 xəttli), 4,5,6 D kinotetatrlar, lazer oyunları, qorxu tunneli, çarpışan arabalar, qayıqlar və daha bir çox digər əyləncə vasitələrindən ibarət idi. Daim yenilənən, müasirləşən Yeni Həyat ənənəsinə sadiq qalan Megafun 2013 ci ilin dekabırın 24-də özünün 1 yaşında iki dəfə böyüyərək “Azure” kompleksin 3 mərtəbəsini əhatə etdi. Yenilənən megafun hal hazırda 17 coğrafi zonadan ibarətdir. Ümumi sahəsi 30000 m2-ə çatmışdır.

DİA.AZ bildirir ki, hər halda, görünəni odur ki, ilk baxışdan bu şirkətin həmin 1 manatlara ehtiyacı olmamalı idi. Əksinə, normal ölkələrdə olduğu kimi, depozit kartları da müştərilərə pulsuz verilməli idi. Amma burada nəinki kartlar pulsuz verilmir, əksinə, kartlardan pul qazanma bəhanəsi kimi də istifadə olunur.

Qarşı tərəfi də dinləməyə hazırıq…


Geri qayıt