Əsas Səhifə > Hadisə, Manşet > Fazil Məmmədovun Gəncədəki adamı meydan sulayır - Sahibkarlar üsyan həddində

Fazil Məmmədovun Gəncədəki adamı meydan sulayır - Sahibkarlar üsyan həddində


5-06-2014, 13:31
Fazil Məmmədovun Gəncədəki adamı meydan sulayır - Sahibkarlar üsyan həddində
Bir müddət əvvəl təqdim etdiyimiz “Gəncəli sahibkarlar İham Əliyevdən kömək istəyir” başlıqlı yazıda Gəncə Vergilər Ərazi İdarəsinin apardığı qanunsuz təkrar yoxlamalardan bəhs etmişdik.

Qısa xatırlatma üçün bildirək ki, redaksiyamıza daxil olan məlumatdan bəlli olurdu ki, Vergilər Nazirliyinin illik qanuni yoxlamalarından sonra Gəncə Vergilər Ərazi İdarəsi təkrar olaraq müəssisələrdə yoxlamalar həyata keçirir, külli miqdarda cərimələr tətbiq edir və qarşılığında rüşvət alırlar. Bu isə istər-istəməz sahibkarları, iş adamlarını ölkədə yeridilən iqtisadi siyasətdən narazı salır.

Bütün bunlara aydınlıq gətirmək üçün dəfələrlə Gəncə Vergilər Ərazi İdarəsinin rəhbərliyi ilə telefon əlaqəsi saxlamağa çalışsaq da, ancaq idarənin “Operativ nəzarət” şöbəsinin müdiri Azər Seyidovla danışmaq mümkün oldu. Bizimlə söhbətində Azər müəllim bildirdi ki, illik yoxlamadan sonra təkrar yoxlamanın həyata keçirilməsi qanunsuzdur. İl ərzində yalnız bircə dəfə yoxlama ola bilər. Şöbə rəisi onu da bildirdi ki, mən şəxsən qanunsuz yoxlamaya imza atmaram, əgər belə hal varsa, qoy sahibkarlar bizim idarəyə müraciət etsinlər, qanuni tədbir görək, onlara kömək edək.

Biz də, Qafqaz Xəbər Agentliyi ( qafqaznews.az ) olaraq sahibkarlara bəyan elədik ki, hüququnuz pozulacağı təqdirdə cənab Azər Seyidova müraciət edin. Ancaq “köhnə dəyirman yenə də bildiyini eləyir”.

Belə ki, redaksiyamıza daxil olan məlumatdan bəlli olur ki, Gəncə Vergi İdarəsinin rəisi Şahin Əyyubovun göstərişi ilə yenidən “yığım kampaniyası” başlayıb. Və sahibkarlardan 10 min manat pul tələb olunur. Bu işdə idarənin Audit şöbəsinin rəisi Elnur Hacıyev kassir rolunu yerinə yetirir. Bəyyanamə şəbəsinin rəisi Cabir Rzayev isə bu qanunusuz yoxlamalarda əsas fiqurlardan biridir.

Daxil olan məlumatdan o da bəlli olur ki, idarə rəisinin sahibkarlardan yığdığı pullar Gəncədə yerləşən “ Qaya “ restoranının təmirinə xərclənir. “ Qaya “ restoranının tikintisinə-təmirinə bir neçə milyon manat xərclənsə də nədənsə Gəncə camaaatı ailəvi olaraq ora istirahətə getmirlər.

Biz Gəncə Vergi Ərazi İdarəsində baş verən qanunsuzluqlarla bağlı bir neçə yazı yazsaq da qurumun rəisi Şahin Əyyubov heç bir tədbir görməyib. Əksinə gəncəli sahibkarların dediyinə görə mətbuatda gedən yazılardan sonra Şahin Əyyubov pul yığımını biraz da sərtləşdirib. Sahibkarların verdiyi məlumata görə Şahin Əyyubov Prezidentin şəxsi mühafizə xidmətinin rəisi hörmətli Bəylər Əyyubovun qardaşı oğlu olduğu üçün, heç Vergilər naziri cənab Fazil Məmmədov da onun işinə qarışa bilmir.

Biz ümid edirik ki, hörmətli Bəylər Əyyubov özü mətbuat vasitəsilə bu məlumatlarla tanış olandan sonra qardaşı oğlunu deyil, sahibkarları, iş adamlarını müdafiə edəcək. Çünki bunu ölkə başçısı hörmətli İlham Əliyev cənablarının yeritdiyi siyasi kurs da tələb edir.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.


Geri qayıt