Əsas Səhifə > Hadisə, Manşet > Kərəm Həsənovun adamının adı qaranlıq işlərdə hallandırılır

Kərəm Həsənovun adamının adı qaranlıq işlərdə hallandırılır


29-05-2014, 11:21
Kərəm Həsənovun adamının adı qaranlıq işlərdə hallandırılır
Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) 7 saylı ərazi idarəsinin rəisi Məhəmməd Qanbayev barəsində mətbuata verdiyi açıqlamalara görə İmişi bələdiyyəsinin üzvü Ağasəlim Hadıyevi məhkəməyə verib.

İddia “ikimərtəbəlidir”: həm “ağır cinayətlərdə ittiham etməklə böhtan atmaya görə” həbsli cəza, həm də “şərəf və ləyaqətin, işgüzar nüfuzun ləkələnməsinə görə” 50 min manat təzminat ödənilməsi tələbi irəli sürülüb.

Tərəflər arasında mübahisə İmişli şəhəri ərazisindəki 40 kv.m.-lik torpaq sahəsi üstündə yaranıb. Ağasəlim Hadıyev bələdiyyə qərarı ilə həmin torpaq sahəsini alsa da, ƏMDK 7 saylı ərazi idarəsi onu başqa şəxsin mülkyyətinə verib.

Bundan sonra A. Hadıyev idarə rəisini ifşa edən açıqlamalarla çıxış edib. O, M. Qanbayevi saxta sənədlər tərtib etməkdə, dövlət əmlakını talmaqda, narkotik aludəçisi olmaqda ittiham edib.

İmişli sakininin ölkə başçısına ünvanlanan davamlı şikayətlərində Bakı Apeliyasiya Məhkəməsinin hakimi Azad İmanovun qardaşı Fuad İmanovun və Bəhrəmtəpə Hidroqovşağı İstismar İdarəsinin rəisi Mirqoca Mirişovun da adı hallanır.

Bu barədə çap və elektron KİV-lərdə dərc olunan yazılarda 7 saylı ərazi idarəsinin rəisi, el arasında “Məhi” kimi tanınan Məhəmməd Qanbayevin Komitə sədri Kərəm Həsənovla tələbə yoldaşı olmağı və elə bu səbəbdən vəzifəsini qoruyub saxlaya bilməyi qabardılıb.

Artıq İmişli Rayon Məhkəməsi mayın 19-da iş üzrə ilk prosesi keçirib. Növbəti məhkəmə iclası iyunun 4-nə təyin olunub.

Yerli mənbələrdən infom.az-a sızan məlumata görə Qanbayev-Hadıyev çəkişməsi rayonun bəzi oliqarxlarını üz-üzə qoyub.

Ağasəlim Hadıyevin İmişli bələdiyəsinin üzvü olmaqla yanaşı, “Ümid” partiyasının və Qarabağ Azadlıq Təşkilatının rayon şöbələrinin rəhbəri olmağına görə proses siyasi dairələr tərəfindən də izlənilir. infom.az

Geri qayıt