Əsas Səhifə > Hadisə, Manşet > Azərbaycan gözlərini Ukrayna-Rusiya savaşına dikib - Bu gün həmin meydanda bizim də taleyimiz müəyyən olunur

Azərbaycan gözlərini Ukrayna-Rusiya savaşına dikib - Bu gün həmin meydanda bizim də taleyimiz müəyyən olunur


27-05-2014, 11:48
Azərbaycan gözlərini Ukrayna-Rusiya savaşına dikib - Bu gün həmin meydanda bizim də taleyimiz müəyyən olunur
DİA.AZ: - Son günlər iqtidar daxilində müşahidə olunan olaylar ənənəvi qüvvələrin üstün mövqedə olmalarından xəbər versə də, əks cinah da hərəkətdədir. Və DİA.AZ-a bu barədə daxil olan informasiyalardan belə anlaşılır ki, qarşıdan gələn parlament seçkiləri ərəfəsində çox ciddi təlatümlü hadisələr hakim düşərgəni içindən silkələyə bilər.

Məlumatlı mənbənin dia.az-a söylədikləri: «Qarşıdan parlament seçkiləri kimi ciddi bir proses gəlir. Əslində iqtidar daxilindəki qüvvələr balansı Azərbaycanın xarici siyasət kursu ilə birbaşa bağlı olduğundan parlament seçkilərinin məzmunu da məhz regiondakı ab-havaya uyğun olaraq müəyyənləşəcək.

Bu gün Rusiyanın mövqeləri güclü kimi görünsə də, təhlükəli məcradadır. Kreml Ukrayna siyasətinin iflasını aşkar surətdə görür. Rusiyanın nə qədər hərbi əməliyyatlara həvəs göstərirmiş təsiri bağışlamağından asılı olmayaraq, Kremlin aşkar surətdə böyük hərbi əməliyyatlardan, yəni müharibədən qaçdığı da kifayət qədər sezilməkdədir. Bu isə Rusiyanın Azərbaycan siyasətindəki təsirinin də həddinə birbaşa təsir edəcək».

Məlumatlı mənbə dia.az-a bildirir ki, ona görə də bu gün Azərbaycan iqtidarı daxilində və ümumiyyətlə, Azərbaycan siyasətində müşahidə olunanları qəti hökm kimi də qəbul etmək olmaz: «Yəni hər an hər şey baş verə bilər. Olduqca oynaq bir dönəmi yaşayırıq. Təkcə biz yox, bütövlükdə olaraq region.

Lakin burada Azərbaycan iqtidarı toplu olaraq vahid maraq qoyduğundan baş verənlər ölkəmizin Qarabağ siyasətində özünü daha çox nəzərə çarpdıracaq. Azərbaycan bu gün onu hədəfə alan beynəlxalq təşkilatları belə Qarabağ problemi açısından qiymətləndirdiyindən bu gün məlum münaqişə kifayət qədər aktual rıçaq kimi regionda həlledici rol oynayacaq. Yəni Azərbaycan hakimiyyəti Qarabağı Azərbaycana qaytaracaqi qüvvənin yanında olacaq. Bu qərar net şəkildə ifadə olunub. Elə bu səbəbdən baş verə biləcək bütün dəyişikliklər də məhz Azərbaycana qeyd olunan müstəvidə təsirini göstərəcək».

Parlament seçkilərinə gəlincə isə mənbəmiz iddia edir ki, Rusiyanın Ukrayna ilə bağlı siyasətinin sonucu ən uzağı yay aylarının sonuna yaxın bəlliləşəcək: «Bu durulma fonunda iqtidar daxilindəki qüvvələr balansı da qəti müəyyənləşmiş olacaq. Ən azından qarşıdan gələn parlament seçkilərinin aqibətinə təsir edəcək səviyyədə»…

Geri qayıt