Əsas Səhifə > Hadisə, Manşet > İqbal Ağazadənin müavinindən prezidentə şok müraciət

İqbal Ağazadənin müavinindən prezidentə şok müraciət


28-03-2014, 11:49
İqbal Ağazadənin müavinindən prezidentə şok müraciət
DİA.AZ: - Ümid partiyası sədrinin Siyasi məsələlər üzrə müavini Bakir Həsənbəyli ölkə prezidentinə müraciət edib. Prezident İlham Əliyevə ünvanlanan müraciətin DİA.AZ-a daxil olan mətnində deyilir:

“Cənab Prezident! Jurnalistikaya və siyasətə gəlişimin tarixi 20 ildən çoxdur. Bu müddət ərzində həmişə aktiv fəaliyyətdə olmuşam, bir neçə mətbu orqanda müxtəlif vəzifələrdə çalışmışam. Dövlətimin və millətimin taleyüklü məsələlərinə heç zaman biganə qalmamışam.

Cənab Prezident!

Mən ictimai tanıtımı olan insanlardanam. Çox təəssüf edirəm ki, 20 illik jurnalist və siyasi fəaliyyətim dönəmində dövlətimin və hökumətin qayğısını öz üzərimdə bir dəfə də olsun hiss etməmişəm. İllərdir ki, ömürlük xəstə olan ailə üzvümü müalicə etdirmək üçün dəfələrlə evimin əşyalarını satmaq məcburiyyətində qalmışam. Bir qəpik belə bu dövlətdən sosial yardım almıram. Aylardır ki, oxuduğu təhsul müəssisəsini bitirən övladıma nəinki ixtisası üzrə müəllim, hətta sıradan bir iş tapmaq üçün döymədiyim qapı qalmayıb.

Axı Siz bütün rəsmi tədbirlərdə ölkədə 1 200 000 iş yeri açıldığını fəxrlə deyirsiniz. Necə ola bilər ki, bu qədər yeni iş yerindən birində çalışmaq mənim övladım üçün əlçatmazdır? Təsis etdiyim “Vətəndaş Hüquqlarına və Demokratiyanın İnkişafına Yardım” İctimai Birliyin qeydiyyatından Ali Məhkəmə belə imtina etdi. Nazirlər Kabineti hər dəfə hesabat verərkən ölkə vətəndaşlarının gəlirlərinin müəyyən faizlərlə artdığını qeyd edir.

Cənab Prezident! Sizin təyin etdiyiniz bu Nazirlər Kabineti mənim və ailəmin nə yeyib, içdiyimizi, necə dolandığımızı bilirmi ki, mənim gəlirimin artdığı haqqında da hesabat verir? 20 milyard dövlət büdcəsindən bir manat belə mənim olduqca kiçik ailə büdcəmə daxil olmur. Belə olan təqdirdə həmin büdcənin hətta 40 milyard manat olmasının mənim üçün bir anlamı qalırmı? Atasının maddi sıxıntılarını görən azyaşlı övladım belə sanki zamanından tez böyüyüyb. Hətta dərs vəsaiti, geyimlə və s. bağlı ehtiyaclarını da məndən saxlamağa çalışır. Sanki əlavə problemlərin məni bir az da üzməsindən ehtiyat edir. Amma çox təəssüf olsun ki, Sizin təyin etdiyiniz məmurların hətta həddi-buluğa çatmış övladları mənim övladlarım üçün fantastik hesab olunan həyatlarını sosial şəbəkələrdə nümayiş etdirməkdən xüsusi zövq alırlar. Hardandır bu qədər vəsait onlarda, cənab Prezident? Onların atalarının məndən, övladlarının isə övladlarımdan hansı fərqli cəhətləri var? Öz həyatlarını və Sizin təyin etdiyiniz məmurların övladlarının yaşamını görən, müqayisə edən övladlarımı necə vətənpərvər ruhda tərbiyə edim? 200-300 min manatlıq maşınlar sürən, bir neçə milyonluq villalarda yaşayan məmur və onların övladlarını görən, iki şəraitsiz panel otaqlarda yaşayan, cüzi ailə büdcəsi ilə dolanan övladlarıma bunun səbəbini necə izah edim? Onların ataları, həmin məmur övladlarının atalarından hansı keyfiyyətləri ilə fərqlənir deyim? Və ya həmin məmurların övladları hansı fövqəladə nələrə malikdirlər ki, sizdən də fərqli yaşayırlar deyim?

Cənab Prezident!

Problemimlə bağlı PA-nın ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənova 27.01.2014-cü il tarixdə hətta xəbərnamə ilə rəsmi müraciət etdim. Lakin bu günə qədər Əli Həsənov hətta bir parça kağızla belə məktubuma cavab verməyi özünə rəva bilməyib. Qəbuluna yazıldım. Məlum oldu ki, hətta cənab Həsənov vətəndaşları da özü qəbul etmir. Çünki bu şəxs özü üçün illərdir doğmalar və ögeylər kateqoriyası müəyyən edib. Amma unudur ki, mərhum atanız, eks-prezdent, Əli Həsənovun da yolunu davam etdirdiyini iddia etdiyi Heydər Əliyev deyirdi ki, “bir adam ömür boyu qalib ola bilməz”.

İnanıram ki, Sizin sərəncamınızla PA-da şöbə müdiri olan Əli Həsənovun və onun kimi düşünənlərin də bu qalibiyyətləri bir ömür sürməyəcək. Dövlət vəzifələri o vəzifələri daşıyanlar üçün həm də Tanrı əmanətidir. Dövlətin ən sıravi vətəndaşının belə, bu dövlətin hətta ən kiçik məmurnun boynunda da haqqı var. Nə siyasətçi, nə də jurnalist kimi, sadəcə sıradan bir vətəndaş olaraq haqlarımın bərpa olunmasında məhz Sizin müdaxilənizi istəyirəm, cənab Prezident.

Hörmətlə,
Bakir Həsənbəyli
Ümid partiyası sədrinin siyasi məsələlər üzrə müavini”

Geri qayıt