Əsas Səhifə > Hadisə, Manşet > Nüfuzlu məmur tarixi abidəni həyətyanı sahəsinə qatıb - Prezidentə müraciət edən sakinlər müdaxilə tələb etdi

Nüfuzlu məmur tarixi abidəni həyətyanı sahəsinə qatıb - Prezidentə müraciət edən sakinlər müdaxilə tələb etdi


17-03-2014, 11:23
Nüfuzlu məmur tarixi abidəni həyətyanı sahəsinə qatıb - Prezidentə müraciət edən sakinlər müdaxilə tələb etdi
DİA.AZ: - Redaksiyamıza maraqlı bir müraciət daxil olub. Qaradağ rayon sakinləri adından edilən müraciətdə bildirilir ki, bu gün rayonda tarixi abidələr rəsmən təhlükə altındadır. Konkret olaraq Mədəniyyət və Turizm Nazirliyinin balansında olan və tarixi baxımdan kifayət qədər əhəmiyyətli olan bir qədim mağaranın bu gün məmurlardan birinin həyətyanı torpaq sahəsinə çevrildiyini iddia edən Qaradağ sakinləri DİA.AZ-a müraciətlərində bildirirlər ki, bu işə dövlət başçısı müdaxilə etməlidir: «Yoxsa bu ölkənin tarixi dəyərləri məhv ediləcək».

Vətəndaşlar dia.az-a yazırlar: «Qaradağ rayonunun köhnələrdə «Primorski» deyilən ərazisində eradan əvvəl 5-4-cü əsrlərə aid olduğu ehtimal olunan qədim mağara var. Bu mağara Mədəniyyət və Turizm Nazirliyinin balansındadıdr və bir tarixi -mədəniyyət abidəsi kimi qorunmaqdadır.

Amma qorunurmu? Təbii ki, yox, Prezident Administrasiyasının çox nüfuzlu simalarından biri həmin abidənin də daxil olduğu 4 hektarlıq ərazini hasara aldıtdırıb və tarixi abidə də hasarın içində qalıb. Yalnız mağaranın giriş hissəsi çöldədir».

Sakinlər bildirir ki, artıq bu barədə dəfələrlə Əbülfəs Qarayevə müraciət etsələr də faydası olmayıb: «Təbii ki, bu işdə yerli icra strukturları da çarəsizdir. Düşündük ki, bəlkə nazirlik Prezident Administrasiyasının bu nüfuzlu adamına bata bilər. Amma alınmadı.

Odur ki, prezident İlham Əliyevdən kömək istəyirik. Bu ölkənin tarixi abidəsi hansısa məmurun həyətyanı sahəsinə düşüb. Abidələrimizin məhv olmasına imkan verməyin, cənab prezident».

Daha sonra sakinlər bildirir ki, zamanında İlham Əliyev onların deputatı olub: «Cənab prezident, biz sizi hələ deputatımız olduğumuz illərdən tanıyırıq. Hər zaman nüuzunuzu hiss etmişik. Bu gün də Sizin müdaxilənizə ehtiyac var».

Onu da bildirək ki, sakinlər tarixi abidəni hansı «nüfuzlu məmurun» hasarai aldığını açıqlamayıblar və bu barədə qeyd ediblər ki, əks halda mətbuat həmin məmurdan ehtiyatlanıb, onların müraciətini dərc etməz.

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq.

Geri qayıt