Əsas Səhifə > Hadisə, Manşet > Rəsmən Vasif Talıbovun atasına RƏHMƏT OXUTDURUR...

Rəsmən Vasif Talıbovun atasına RƏHMƏT OXUTDURUR...


13-10-2023, 09:51
Rəsmən Vasif Talıbovun atasına RƏHMƏT OXUTDURUR...
Vasif Talıbovun istefasından sonra Naxçıvanda hər şeyin yaxşıya doğru dəyişiləcəyinə böyük ümidlər yaranmışdı. Muxtar respublika sakinləri hesab edirdi ki, nəhayət, 30 illik əzab-əziyyətdən sonra onların problemlərinin həlli istiqamətində ciddi addımlar atılacaq. Təəssüf ki, Naxçıvan əhalisinin gözləntiləri hələ özünü doğrulmayıb. Hər gün TNS-in redaksiyasına onlarla şikayət məktubu göndərilir. Bu gün redaksiyamıza daxil olan məlumatlarla tanış olarkən “bu qədər də olmaz” dedik. Bir neçə mənbədən dəqiqləşdirmə apardıq, həmin mənbələr də bizə göndərilən faktları təsdiqlədi.

Deməli belə. Bir neçə aydır ki, muxtar respublikada dövlət büdcəsindən maliyyələşən qurum və təşkilatlara təəsərrüfat xərci, dəftərxana ləvazimatları alınması üçün vəsait ayrılmır. Muxtar respublikanın Maliyyə Nazirliyindən deyirlər ki, pul yoxdur. Naxçıvanın büdcədən maliyyələşən mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, digər təşkilat və qurumların işçiləri sabunu, kağızı, qələmi və digər təsərrüfat və dəftərxana ləvazimatlarını özləri alırlar. Naxçıvanın 2023-cü il büdcəsində bu orqanlar üçün təsərrüfat və dəftərxana xərci nəzərdə tutulub. O zaman sual yarınır. 2023-cü ilin bitməsinə 3 ay qalmış vəsait niyə qurtarıb? İşçilər nəyə görə öz əməkhaqlarından kağız-qələm, yuyucu vasitələr almalıdırlar?

Əldə etdiyimiz məlumata görə, Naxçıvanın əksər mərkəzi icra hakimiyyəti orqanları, təşkilat və qurumları üçün ayrılan təsərrüfat və dəftərxana xərci təyinatı üzrə istifadə edilməyib. Bu vəsait muxtar respublikada keçirilən kütləvi tədbirlərə xərclənib, onun da bir hissəsi kimlərinsə cibinə gedib. Bu vəziyyəti görən muxtar respublika sakinlərini Naxçıvanın dəyişdiyinə necə inandıraq?

Hələ bu harasıdır. Digər məlumatla tanış olanda əməkdaşlarımızın matı-qutu quruyub, gözləri bərələ qalıb.

Təqribən bir ay öncə Naxçıvanın Maliyyə Nazirliyi muxtar respublikanın yuxarı rəhbərliyinin tapşırığı ilə ziyarətgahlardakı, məcsidlərdəki nəzir qutularını qıfıllayıb, açarlarını da verib yüksək vəzifəli bir şəxsə. Növbəti suallar yaranır. Nəzir qutularının Maliyyə Nazirliyinə nə dəxli var? İanə pullarına nə vaxtdan dövlət orqanı nəzarət edir? Bu məntiqsiz, özlərinə görə məntiqli (ona görə məntiqli deyirik ki, o vəsaitin hara getdiyi bəllidir) “qərarlarla” Azərbaycan dövlətini niyə gözdən salırlar?

Yəqin ki, bu sualların cavabını Azərbaycanın mərkəzi hakimiyyəti Naxçıvan rəhbərliyindən soruşacaqdır.

Vasif Talıbov kimi acgöz belə nəzir qutularına göz dikməmişdi.

Naxçıvan Azərbaycanın strateji bir bölgəsidir. Muxtar respublika ilə bağlı dövlətimizin strateji planları var. Zəngəzur dəhlizi açıldıqdan sonra Naxçıvan logistik mərkəzə çevriləcəkdir. Biz o regionu indidən həmin dövrə hazırlamalıyıq. Təəsüf ki, muxtar respublikada görülən işlər Azərbaycan Prezidentinin qarşıya qoyduğu tələb və tapşırıqlara, yeni çağırışlara adekvat deyil.
//ovqa.com//
Geri qayıt