Əsas Səhifə > Hadisə, Manşet > Azərbaycandan ilginc qərar gəldi: Şah İsmayıl dövrü ilə bağlı serial çəkiləcək

Azərbaycandan ilginc qərar gəldi: Şah İsmayıl dövrü ilə bağlı serial çəkiləcək


17-02-2014, 10:39
Azərbaycandan ilginc qərar gəldi: Şah İsmayıl dövrü ilə bağlı serial çəkiləcək
DİA.AZ: - Qardaş Türkiyədə yayımlanan və dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da böyük maraqla izlənilən «Möhtəşəm Yüz İl» serialının son bölümü əksər izləyicilərdə böyük həyəcan yaradıb. Xatırladaq ki, son bölümdə Sultan Süleymanın oğlu Mustafanın qətlinə fərman verməsi və bu fərmanın icrası səhnələşdirilib.

Amma görünəni o oldu ki, serialdan təsirlənən Türkiyə ictimaiyyəti sanki hadisələr bu gün baş verirmiş kimi davranan reaksiyası ilə diqqətə gəldi. Kimi «Sultan Süleymandan şikayətçiyəm» deyərək polisə şikayət ərizəsi ilə müraciət etdi, kimi Sultan Süleymanın bu gün həyatda olan törəmələrindən biri Orxan Osmanoğlunun telefonuna təhdid mesajları göndərib, onu və nəslini «Hürrəminin toxumusunuz, hələ hakimiyyətdə olsaydınız, daha neçə oğlunuzu öldürəcəkdiniz» kimi ittihamların hədəfinə çevirdi, kimi də Mustafanın Türkiyədəki türbəsinə qoşaraq, onun ziyarətinə tələsdi. Bir sözlə, «Möhtəşəm Yüz İl» serialı 461 il əvvəl baş verən bir hadisəyə yenidən ictimai diqqət qazandırdı. Və özü də necə…

Azərbaycandan ilginc qərar gəldi: Şah İsmayıl dövrü ilə bağlı serial çəkiləcək

Deyəsən, bu məsələ Azərbaycanda da film yaradıcılarını həvəsə gətirib. Bu barədə DİA.AZ-a Mədəniyyət və Turizm Nazirliyindəki qaynaqlardan daxil olan informasiyada bildirilir ki, birbaşa olaraq nazir Əbülfəs Qarayevin göstərişinə əsasən Azərbaycanda Şah İsmayıl dövründə Səfəvi-Azərbaycan xanədanının sarayında baş verən hadisələrin serial şəklində çəkilməsi üçün tədarük görülməyə başlayıb.

Daxil olan məlumatlarda deyilir ki, nazirin göstərişinə əsasən bu serialı çəkəcək telekanal və yaxud da şirkət üçün bütün maliyyə dəstəyinin dövlət tərəfindən qarşılanması üçün qaynaqlar da müəyyənləşdirilib: «Əslində bu ideyanın nazirdən yox, daha üst dairələrdən gəldiyi şübhəsizdir. Çünki Şah İsmayıl dönəmindən çəkiləcək serialın maliyyələşdirilməsi üçün təxminən 4 milyonluq büdcənin ayrılması nəzərdə tutulub ki, bu da Azərbaycan bazarı üçün çox ciddi vəsait hesab olunur».

Qeyd edək ki, serialı kimin çəkəcəyi də bəlli deyil, ssenari də: «Amma əsas odur ki, ideya var və yaxın günlərdə hər iki istiqamətdə hərəkətlənmə müşahidə olunacaq».

Onu da bildirək ki, əslində Şah İsmayıl dönəminin səhnələşdirilməsi olduqca mühüm bir qərar kimi dəstəklənməlidir. Ən azından Azərbaycan türkünün tarixinin başqa yad qüvvələr tərəfindən qələmə alınmasının qarşısının alınması məqsədilə. Həm də kino dili ilə artıq Şah Babamızın yenidən sevdirilməsi baxımından bu qərar əhəmiyyətlidir…

Geri qayıt