Əsas Səhifə > Hadisə, Manşet > Yardımlılılar Səlim Müslümovdan imdad diləyir

Yardımlılılar Səlim Müslümovdan imdad diləyir


4-02-2014, 13:19
Yardımlılılar Səlim Müslümovdan imdad diləyir
“Yardımlıda asan gəlir əldə etməyin yolu təqaüd və sosial yardım almaqdan keçir. Bu gün bir çoxları heç bir xəstəliyi olmadan təqaüdə çıxır və ya maddi imkanı yüksək olduğu halda sosial yardım alırlar”. DİA.AZ bildirir ki, bu sözlər bir qrup Yardımlı sakini tərəfindən Editor.az-a daxil olan şikayət məktubundə öz əksini tapıb.

Bəlli səbəblərdən adlarını açıqlamaq istəməyən rayon sakinləri bildirir ki, Yardımlı rayon Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzi ehtiyacı olan vətəndaşlara sosial yardım ayırmaqdan imtina edir. Oxucuların marağını nəzərə alaraq, məktubu olduğu kimi diqqətinizə çatdırırıq:

“Qanunda da göstərilir ki, heç bir gəliri olmayan, ailə üzvlərindən heç kimin işləmədiyi və işləmək imkanı olmayan ailələlərə sosial yardım ayrılır. Amma Yardımlıda bu qəbildən olan ailələrin sosial yardımla bağlı müraciətini rayon Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzi dinləmək belə istəmir. Qanunu saxtalaşdıraraq, guya bizim sosial yardım almaq üçün tələblərə cavab vermədiyimizi söyləyirlər. Əslində isə bu qətiyyənm belə deyil. Təkidimizi və israrımızı gördükdə isə bizi get-gələ, süründürməçiliyə salırlar. Bizə verilməli olan adi arayışları bir-iki ay yubadır, bu yolla bizi bezdirməyə və sosial yardım almaq niyyətimizdən daşındırmağa çalışırlar. Sonda da bildirirlər ki, sosial yardım almaq üçün əlini cibinə atmalı və aylıq sosial yardımların altı ayını Yardımlı rayon Sosial Müdafiə Mərkəzinin rəhbəri ilə bölməliyik. Rayonda xüsusi adamlar var ki, bu işlə məşğuldur. Guya onlar “ağsaqqal” adı ilə bu prosesə qoşulur və Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzi yalnız bu adamlara “yaşıl işıq” yandırır. Əgər biz işləmiriksə, dolana bilmiriksə, niyə bizim sosial yadrımlarımız hansısa rüşvətxor məmurlar tərəfindən mənimsənilməlidir. Bu gün Yardımlıda elə adamlara sosial müavinət verilir ki, onların maddi durumu ən yüksək səviyyədədir. Həmin ailələrdən ən azı iki-üç nəfər Rusiyadadır və bahalı mülklərə və avtomobillərə sahibdirlər. Dövlətin kasıblara ayırdığı pula da göz qoyublar və bunu da özlərinə qənimət bilirlər. Yardımlıda asan gəlir əldə etməyin yolu təqaüd və sosial yardım almaqdan keçir. Bu gün bir çoxları heç bir xəstəliyi olmadan təqaüdə çıxır və ya maddi imkanı yüksək olduğu halda sosial yardım alırlar. Biz buradan üzümüzü Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümova tutub, onu bizə hayan durmağa, Yardımlı rayon Sosial Müdafiə Mərkəzinin özbaşınalıqlarına son qoymağa çağırırıq. İnanırıq ki, yeni təyin olunmasına baxmayaraq, kifayət qədər sərt açıqlamaları və şəffaf fəaliyyəti ilə seçilən Səlim Müslümov bizim səsimizə səs verəcək və Yardımlı rayon Sosial Müdafiə Mərkəzinin qanunsuz əməllərinə son qoyub, tabeliyindəki rüşvətxor məmurlar haqqında ciddi ölçü götürəcək”.

Geri qayıt