Əsas Səhifə > Hadisə, Manşet > Abbas Abbasov Moskvada Ayaz Mütəllibovu əvəzləyir - Vətənə gələn yolları bağlanıb

Abbas Abbasov Moskvada Ayaz Mütəllibovu əvəzləyir - Vətənə gələn yolları bağlanıb


29-01-2014, 11:19
Abbas Abbasov Moskvada Ayaz Mütəllibovu əvəzləyir - Vətənə gələn yolları bağlanıb
DİA.AZ: - Son prezident seçkilərinə qədər rəsmi Bakı ilə münasibətləri kifayət qədər gərilən Azərbaycanın baş nazirinin sabiq müavini, AST Şirkətlər Qrupunun vitse-prezidenti, «Milyarderlər İttifaqı» kimi tanınan Rusiya Azərbaycan Təşkilatları İttifaqının sədri, «Azerros» Ağsaqqallar Şurasının rəhbəri Abbas Abbasov bu günlərdə Bakıya gəlmək istəsə də, onun anoloji növbəti niyyəti puça çıxdı. Belə ki, Abbas Abbasovun yanvar ayının 24-də Bakıya gələcəyi söylənilirdi, amma aydın oldu ki, RATİ sədrinin Bakı yolu bağlanıb.

Xatırladaq ki, bu gəlişlə əlaqədar mətbuata açıqlama verən Abbas Abbasovun deputat oğlu Aydın Abbasov bildirmişdi ki, onun atasının Azərbaycana gəlişində qeyri-adi nəsə yoxdur və kimsə ona belə bir qadağa qoymayıb. Amma anlaşılanı odur ki, baş nazirin sabiq müavini hələ uzun müddət vətəndən kənarda qalmalı olacaq.

Bu barədə DİA.AZ-a məlumat verən bilgili qaynağın söylədikləri: «Əslində Abbas Abbasov özü də bilmədən bu gün Ayaz Mütəllibovun yerinə keçid edib. 20 il Mütəllibov Azərbaycana gələ bilmədi. Rusiya dövlətinin himayəsi altında yaşadı. Kimliyi, vətəndaşlığı olmadan. İndi isə Abbas Abbasov Azərbaycandan kənarda yaşamaq zorunda qalacaq. Çünki o, rəsmi Bakı üçün arzuolunmaz şəxsdir və qeyri-leqal olaraq onun Azərbaycana dönüşü əngəllənib».

Xatırladaq ki, Abbas Abbasovla bağlı Azərbaycanın hakimiyyətə yaxın mediasında çox ağır ittihamlar da səsləndirilib. Zaman-zaman bu kimi məlumatlarda Kremlin əlaaltısı, hətta Azərbaycan hakimiyyətinin opponentləri olan Bakı müxalifətinin işbirlikçisi kimi təqdim olunan Abbas Abbasova qarşı münasibətin birmənalı şəkildə pis olduğunu ayrı-ayrı iqtidar təmsilçilərinin köhnədən dostluq münasibətlərində olmalarına rəğmən Abbas Abbasovdan imtina etmələrindən də aydın şəkildə görünməkdədir.

Bu barədə verilən məlumatlarda qeyd olunur ki, hətta Abbas Abbasovla canbir-qəlbbir olan nazirlərdən biri dəfələrlə onun görüşlərinə rədd cavabı verib.

Geri qayıt