Əsas Səhifə > Hadisə > Sabunçu sakini evini qoruya bilməsi üçün 254 saatdır ki, acdır

Sabunçu sakini evini qoruya bilməsi üçün 254 saatdır ki, acdır


7-01-2014, 10:37
Sabunçu sakini evini qoruya bilməsi üçün 254 saatdır ki, acdır
Sabunçu rayon Bakıxanov qəsəbəsi, Səmədbəy Mehmandarov küçəsi ev 26/1 ünvanda yaşayan Həsən Camalov FaktXəbər-ə yaşadığı rayonun icra başçısı Adil Vəliyevlə bağlı redaksiyamıza şikayət məktubu ünvanlaması barədə məlumat vermişdik. Şikayət məktubunun üzərindən bir neçə günün keçməsinə baxmayaraq hələ ki, 20 nəfərdən ibarət ailənin fəryadına cavab verən olmayıb. Baş verənlərə heç bir rəsmi qurumun və media orqanlarının reaksiya vermədiyini görən ailə başçısı Həsən Camalov 245 saatdır aclıq aksiyası edir. O, bununla bağlı ölkə başçısı İlham Əliyevə müraciət edib.

“Hər vaxtınız xeyir. Yeni 2014 iliniz mübarək olsun.

Mən və 13 övladım, dekabr ayının 25-dən etibarən aclıq aksiyasına başlamışıq. Artıq 254 saatdır ki, aclıq aksiyasını davam etdiririk.

Səbəbi: Sabunçu rayon İcra başçısı Adil Vəliyev, bütün qanuni sənədləri və çıxarışı olan 3 mərtəbəli evimizə bitişik 11 mərtəbəli bir bina inşa etdirib, evimizi yaşanmaz və çox təhlükəli hala salıb. Evimizi çox ucuz almaq istədiyi qiymətə satmadığıma görə, ayrı bir ünvanda qanuni sənədimiz olan başqa bir torpaq sahəmizi də zəbt edərək başqasına satıb. Özü də deyir ki, get kimə şikayət edirsən et. Tək çarəmiz, səsimizi Prezident İlham Əliyevə çatdırmağa qalıb.

Keçən hər dəqiqə əleyhimizə işləyir. Mən az-çox möhkəməm, amma, xanımlarıma və böyük uşaqlarıma yazığım gəlir. Onlar ağır keçirir aclığı. Onu da deyim ki, uşaqlarım çox mətindir. Deyirlər: "Ata biz çəkilmərik bu yoldan, bu bihesab və haqqımızı yeyənlərə boyun əyməkdənsə ölmək daha yaxşıdır" Elə bu iki ailə rəsminin arasındakı fərqə özünüz dəyər verin.

Ancaq, gücümüz də yavaş-yavaş bizi tərk etməkdədir, artıq iki gündür, evdən heç yerə çıxmıram, daha doğrusu çıxa bilmirəm, heyim qalmayıb. Bütün günü kompüterin arxasında, internetdə. Düzü yemək artıq heç ağlımın ucundan belə keçmir. Sizə deyim ki, gözəl hissdir, hürsən, mədədən azadsan, beyin ildırım sürəti ilə işləyir, ağı qaradan həmən seçirsən. Mən indi başlamışam anlamağa ki, Peyğəmbərimiz hz. Məhəmməd salavatullah niyə çox az yemək yeyərmiş. Bir tək su içirəm, bol su. Su gözəl nemətdir, hətta ən gözəl nemətdir. Adamı elə doydurur ki.
Ac ikən, həyat və içindəkilərin rəngi də bambaşqa görünür. İnsanlar da çox fərqli görünür. Dünən dostlarım qonaq gəldilər, iş otağımda bir xeyli oturub söhbət etdik, bu işdən vaz keçməyə təhrik etdilər, canımız yanır səninçün dedilər. Dostlarımdan biri:

"Ay Həsən gəl dayandır bu aclığı, bax görürsən, dekabrın 25-indən aclıq edirsən, ailən də səninlə bərabər. Başa düşürük, haqlısan, haqqını tələb edirsən, amma kimdən ? Bu adamların heç vecinə də deyil, öz keflərindədirlər. Rəsmi dövlət idarəsidir, icra hakimiyyətidir, amma özün görürsən ki, evinin qiymətində razılaşmamısan səninlə ədavət aparırlar, çünki əllərində hakimiyyət var, ac olub olmamağın veclərinə deyil. Heç gör bircə dəfə zəng edib sən vətəndaşın halı ilə maraqlanıblar ? Sanki icra hakimiyyəti bunlara atalarından qalma mülkləridir" deyə sitəm etdi.O biri dostum isə:

"Qardaş dünya malından ötrü edirsən sən bu işi ? Canına qəsd edirsən ? Ailən də sən edirsən deyə, canına qəsd edir, bu günahdır. Olmaz belə, get mülkünə nə verirlər al, nə etmək olar, torpağını da satıblar artıq, nə olsun ki sənədlə sənin adınadır. Bir şey edə bilməyəcəksən, axı neyniyə bilərsən sən Adil Vəliyevə ? Adamın əlində vlast, mal, pul, polis, prokuror, KQB, məhkəmə. Qağa bütün güclər sənin əleyhinədir. Axı sən tək adam, nə olsun ki, ailən böyükdür, nə olsun ki 13 uşağın var, nə olsun ki hacısan. Razində az-çox tanınırsan, hörmətin var.......və.s və.il" Nəisə çox danışdılar. Sonda dilləndim:

Dedim ki: "Sizə qurban olum ay dostlarım. Siz məni tanımırsınız ? Yoxsa doğrudanmı belə düşünürsünüz mənim haqqımda. Qardaşlarım, Mənim davam, mənim etirazım, dünya malına, evimə, mülkümə, torpağıma görə deyil ki !!!

Mənim davam o yazığınız gələn balalarımın, xanımlarımın, nəhayətində öz Haqq və Hüququmun davasıdır.

Dostlarım indi azacıq da olsa anlayırsınız ki, mən niyə məhz Aclıq Aksiyası keçirməklə etirazımı bildirməyə çalışıram" "Mən bu gün onlara boyun əysəm, mənim böyüyən 7 oğlumdan gələcəkdə nəyin hesabını sora bilərəm. Mən bu gün o məmurların çoxsaylı basqıları və təhdidlərinə boyun əyərsəm, sabah bu oğullarımdan hansı hünər və cəsarət tələb edib, gözləyə bilərəm. Bu Oğulların hər biri gələcəyin potensial Əsgəri, Generalı, Prokuroru, Hakimi, Alimi, Ziyalısı, nəhayətində şərəfli bir Azərbaycan vətəndaşıdır. Qızlarım olsun, 6 qız böyüdürəm, onlara nə deyim mən ? deyim ki, qızlarım atanız getdi hansısa bir özbaşınalıq edən məmura boyun əydi ?" "Nə deyirsiniz, və ya gedim dava-dalaş salım, xuliqanlıq edir deyib, tutdurub saldırsınlar türməyə? Onlar üçün bu göydən düşmə olar ki" deyə bir az hirsləndim.

"Mən övladlarımı, Vətənpərvərlik, Dövlətçilik, Hürriyət, Heydər Əliyev ruhu, yolu, Prezidentini hər zaman sevmək lazımdır düşüncəsi - ruhunda böyütmüşəm və o cür də davam edəcəyəm əzizlərim, məni belə şeylər, belə məmurlar yolumdan döndərə bilməz" deyə Dostlarıma cavabımı tamamladım. Açıqcası heydən düşdüm, səbrimi daşdırmışdılar çünki, boşqarına danışmaq xeyli çətinmiş, yazı yazmağıma baxmayın. Bu sözlərimdən sonra ikisi də ayağa qalxıb " Qardaş daha bizim sənə heç bir sözümüz yoxdur, sən niyə anlamırsan ki, sənə yalnız İlham Əliyev kömək edə bilər, yalnız Onun müdaxiləsi məsələnin dərhal həllinə gətirib çıxarar, o da ki, ya bəxt. Qoymurlar axı şikayətin gedib Ona çatsın" deyib evimi tərk etdilər.

"Bax o yerdə Kərəmi ağlamaq tutdu" sözü gəlib düşdü lap yerinə. Oturub xeyli qara-qara düşündüm. Bəs mən necə edim. nə cür edim ki, səsimi Prezidentim eşitsin. Xeyli düşündükdən sonra belə qənaətə gəldim ki, güc verməliyəm internetə, KİV-lərə. Yəqin ki, Prezident İlham Əliyev, bəzən də olsa KİV-lərə nəzər salır. Başqa çarəmiz də yoxdur əzizlərim. Bizə dəstək verin, insanlıq naminə bizə dəstək verin.”

Geri qayıt