Əsas Səhifə > Hadisə > ARDNŞ özünü yandırmaq istəyən işçisi ilə bağlı açıqlama verdi

ARDNŞ özünü yandırmaq istəyən işçisi ilə bağlı açıqlama verdi


30-12-2013, 14:15
ARDNŞ özünü yandırmaq istəyən işçisi ilə bağlı açıqlama verdi
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) özünü şirkətin binası qarşısında yandıracağnı bəyan edən işçisi ilə bağlı mövqeyini açıqlayıb. Bu barədə Trend ARDNŞ-ın rəsmi saytına istinadən xəbər verir.
Dövlət Neft Şirkətinin yaydığı məlumatda deyilir: "Dekabrın 29-da müxtəlif elektron informasiya sayt və portallarında ARDNŞ-nin "Kompleks qazma işləri" tresti "Abşeron" Qazma İşləri İdarəsinin qazmaçı köməkçisi Əliyev Bəhruz Malik oğlunun açıqlamasında göstərilən məlumatlar araşdırılıb. Məlum olub ki, Bəhruz Əliyev həqiqətən də 2010-cu ildən ARDNŞ-nin Kompleks Geoloji Kəşfiyyat və Topoqrafiya İdarəsində işə götürülüb, 2012-ci ilin oktyabrından fəaliyyətini "Kompleks qazma işləri" tresti "Abşeron" Qazma İşləri İdarəsinin 8 saylı briqadasında 4-cü dərəcəli qazmaçı köməkçisi kimi davam etdirib, hazırda da həmin işdə çalışmaqdadır. 8 saylı briqadanın işlədiyi Şıxıqaya sahəsində qazma işi aparılmadığından briqadanın əməkdaşları, o cümlədən Bəhruz Əliyev boşdayanmadadır və bununla əlaqədar əmək qanunvericiliyinə uyğun olaraq, onlara əməkhaqlarının üçdə ikisi həcmində maaş ödənilir.

Beləliklə, Əliyev Bəhruz Malik oğlu bu gün də ARDNŞ-nin işçisidir, öz ifadəsi ilə desək, "ixtisara salınması" haqqında ona heç kim tərəfindən heç bir xəbərdarlıq edilməyib. Odur ki, onun guya "ixtisara salınması" haqqında dedikləri və bunu səbəb göstərərək, özünü ARDNŞ-nin binası qarşısında yandıracağı barədə açıqlama verməsi, yumşaq desək, təəccüb doğurur".

Qeyd olunur ki, ARDNŞ-nin müəssisələrində, o cümlədən B.Əliyevin işlədiyi "Kompleks qazma işləri" trestində aparılan struktur dəyişikliklərinə dair şirkətin rəsmi saytında 29 dekabr 2013-cü il tarixində yerləşdirilmiş müvafiq xəbərdə də bildirildiyi kimi, həmin dəyişikliklər nəticəsində istehsalatda çalışan işçilərin ixtisara salınması nəzərdə tutulmayıb:
"Azərbaycan Respublikası Dövlət Neft Şirkəti struktur dəyişikliyi aparılan idarə və müəssisələrin əməkdaşlarına müraciət edərək, onları bu dəyişikliyin nəticələri haqqında şayiələrə uymamağa, tələsik açıqlamalar verməkdən və beləliklə, özləri də bilmədən siyasi oyunların alətinə çevrilməkdən çəkinməyə çağırır. Şirkətimiz, həmçinin müəyyən siyasi mülahizələrlə ARDNŞ-nin əməkdaşlarının adından istifadə edərək, onun işgüzar nüfuzuna zərbə vurmaq istəyən qüvvələrdən bu çirkin oyunlara son qoymağı tələb edir və əminliyini bildirir ki, onlar həmişə olduğu kimi, bu dəfə də öz məkrli niyyətlərinə çatmayacaqlar".

Geri qayıt