Əsas Səhifə > Hadisə, Manşet > Sumqayıtda TƏHLÜKƏLİ VƏZİYYƏT...

Sumqayıtda TƏHLÜKƏLİ VƏZİYYƏT...


5-12-2020, 10:27
Sumqayıtda TƏHLÜKƏLİ VƏZİYYƏT...
Sumqayıtın Kimyaçılar qəsəbəsinin sakinlərinin şikayəti var. Onlar Səməd Vurğun küçəsidəki 7-ci binada yaşayırlar. Deyirlər ki, binaları yataqxana tiplidir və ümumi istifadədə olan yerləri var. Məsələn, hamam, ayaqyolu, mətbəx kimi... Bu ümumi yerlərdən 13 ailə istifadə edir. Onlar Cəbrayıl və Zəngilandan olan məcburi köçkünlərdir.

DİA.AZ-ın məlumatına görə, sakinlər bildirirlər ki, koronavirusun yayıldığı zamanda bu, çox təhlükəlidir. Xəstələnən insanlar olur və ortaq yerlərdən istifadə zamanı yayılma təhlükəsi var.

“Dəfələrlə yataqxananın dərmanlanması, dezinfeksiya olunması üçün aidiyyatı qurumlara müraciət etmişik, vecinə alan olmayıb”, - sakinlər bildirilər.

28 ildir yataqxanada yaşayan Zəngilan köçkünü Maral Babayeva da şikayətçidir. Deyir, koronavirus birgə yaşayış yerlərində daha çox yayılır. Odur ki, hamı kimi o da narahatdır. Qorxur ki, yataqxanada bir nəfər virusa yoluxsa, hamıya keçirəcək: “Burada nə az, nə çox – düz 51 nəfər yaşayırıq. Onlardan da 12-si uşaqdır. Bu yaxınlarda qonşumuzun 18 yaşlı oğlu Şuşa uğrunda gedən döyüşlərdə şəhid oldu. Ailəyə baş çəkənlər, yəni gələn-gedən olur. Nəticədə təhlükə də böyüyür. Hamımızın təhlükəsizliyi üçün istəyərdim ki, yataqxananı dərmanlasınlar. Bunu bir dəfə yox, vaxtaşırı, heç olmasa 10 gündən bir etsələr, yaxşı olar”.

Yataqxananın bir hissəsində məcburi köçkünlər məskunlaşıb, bir hissəsi isə bağçadır. Sakinlər deyirlər ki, 1-ci mərtəbənin yarısı, 2-ci mərtəbə isə bütövlükdə uşaq bağçasıdır.

“Bizə çətindir, qorxuruq. Əksəriyyəti məcburi köçkün olan sakinlərin çoxu işsizdir. 60 manat çörəkpulu ilə birtəhər dolanırlar. Yəni bu insanlar pul yığıb yataqxananı dərmanlada bilməz. Buna imkanımız çatmaz”.

Sakinlər deyirlər ki, yataqxananın otaqları o qədər kiçikdir ki, bura hər şeyi sığdırmaq mümkün deyil. Odur ki, hamam, mətbəx və ayaqyolu bir dənədir, ümumidir.

Elə buna görə də yataqxanada koronavirusun yayılmasının qarşısını almaq çox çətindir. Bəlkə də artıq gecdir. Belə ki, son günlər bu yataqxanda kütləvi yoluxma müşahidə olunsa da, sakinlərin imkanları olmadığına görə test də verə bilmirlər”, - Maral Babayeva bildirir.

Sakinlər isə deyirlər ki, yataqxana pandemiya dövründə bir dəfə də olsun dezinfeksiya olunmayıb. Bu, təhlükəlidir: “Sumqayıt Şəhər İcra Hakimiyyətindən, sanitar epidemoloji idarədən xahiş edirik ki, bu barədə bir tədbir görsünlər. Əks təqdirdə yataqxana bütünlüklə infeksiya mənbəyinə çevriləcək. Bu da bizim həyatımız üçün təhlükədir”.

Sumqayıtda TƏHLÜKƏLİ VƏZİYYƏT...
Sumqayıtda TƏHLÜKƏLİ VƏZİYYƏT...
Sumqayıtda TƏHLÜKƏLİ VƏZİYYƏT...

Geri qayıt