Əsas Səhifə > Hadisə, Manşet > Bakı Apelyasiya Məhkəməsində mübhəm mülk davası
Bakı Apelyasiya Məhkəməsində mübhəm mülk davası16-07-2019, 11:18 |
Binəqədi Məhkəməsinin arxivindən sənədlərin oğurlanması haqda ciddi iddialar var. Bundan əlavə, 2007-ci ildə məhkəmə qətnaməsi ilə Kamil İsmayılovun sənədlə mülkü olan evinə belə göz dikiblər: “Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsi, 12 A saylı mülk 12 il əvvəl məhkəmə qətnaməsi əsasında mənim mülkiyyətimə verilib. Hələ 2007-ci ildə anam Binəqədi Rayon Məhkəməsinin bu haqda qətnaməsini alıb. Həmin qətnamə üzrə mülk mənə anam Gülbəniz İsmayılovanın iştirakı ilə təhvil verilib. Həmin vaxt məhkəmə sənədlərində də bu öz əksini tapıb. Lakin bu gün biz Bakı Apelyasiya Məhkəməsində böyük bir cinayətlə üz-üzə qaldığımızı görürük. Deməli, 11 il sonra Binəqədi Məhkəməsi qətnamə çıxarıb. Həmin qətnamə alınandan 1 ay müddətində şikayət vermə müddəti var. Həmin müddətin bərpa olunması üçün böyük bir cinayət törədilib. Apelyasiya şikayəti verilməsi üçün arxivə girib anamın şikayət verməsi üçün onun qətnaməni almasını təsdiq edən sənədləri aradan çıxarıblar. Hansısa yolla Binəqədi Rayon Məhkəməsinin arxivinə yol tapıblar, qətnamənin anama təqdim olunmasını təsdiq edən sənədləri - məktub, qəbz, xəbərnamə, zərfi yoxa çıxarıblar, bunu hüquq-mühafizə orqanları araşdırmalıdır. İşin içindəki sənədlərin siyahısına əlavə məlumatlar daxil edilib. Həmin əlavəyə 1 il əvvəl Binəqədi Rayon Məhkəməsində hakim Kamran Əsədovun katibi vəzifəsinə işə götürülən Tural Bayramov imza atıb. Siyahıya əlavəni isə arxiv müdiri Ruslan Adıgözəlov edib. Bunu ona görə ediblər ki, apelyasiya şikayəti verilməsi üçün əsas yaransın. Böyük bir cinayətə yol verməklə belə bir şikayət ediblər. Mən ədliyyə naziri Fikrət Məmmədovdan, baş prokuror Zakir Qaralovdan xahiş edirəm ki, Binəqədi Rayon Məhkəməsinin arxivində baş verən böyük qanunsuzluqlarla bağlı ölçü götürsünlər. Bu adamlar belə qanunsuzluqlar etməklə, Azərbaycan məhkəməsinin adına xələl gətirirlər, bütövlükdə məhkəmələrdə çıxarılmış qətnamələri şübhə altına alırlar”. Kamil İsmayılov deyir ki, G.İsmayılova tərəfindən verilmiş apelyasiya şikayəti 11 il sonra - 27 iyun 2018-ci ildə Binəqədi Rayon Məhkəməsinə daxil olub, baxılması üçün mülki işlərlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilib: “Mən ötən il keçirilən prosesdə hakimlərin diqqətinə çatdırdım ki, məhkəmə qətnaməsi çıxarıldıqdan 11 il sonra cavabdeh G.İsmayılova tərəfindən apelyasiya şikayətinin verilməsi qanunsuzdur. Çünki 11 il əvvəl qətnamə çıxarılarkən anam və atam Ənvər İsmayılov qətnamə ilə razılaşıblar. Qətnamə qəbzinə imza edilməklə valideynlərim tərəfindən qəbul edilib. Lakin bu barədə xəbərnamə, qəbz iş materiallarından çıxarılaraq mülki iş yenidən siyahıya alınıb və siyahıda həmin qətnamə göstərilməyib. Mənim bu izahatımdan sonra məhkəmə şikayəti geri qaytardı. Çünki Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən, apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətinə verilə bilər. Eyni zamanda məhkəmə bu qənaətə gəlib ki, G.İsmayılova məhkəmə qətnaməsini 6 iyun 2018-ci il tarixində təkrarən alıb. Bu hal da apelyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi üçün əsas ola bilməz. İş materiallarında qətnamənin alınmasına dair poçt xəbərnamələrinin sıralandığı səhifələrə nəzər yetirdikdə müəyyən olunur ki, orada 118 nömrəli səhifə çıxarılıb. Şikayət geri qaytarılandan sonra Binəqədi Rayon Məhkəməsində sənədlərin itirilməsi ilə bağlı şikayətimi davam etdirmədim. Düşündüm ki, qanunsuzluq dövlət qurumları tərəfindən nəzərə alınar və cinayəti etmiş şəxslər cəzaya çatdırılar. Amma belə aydın olur ki, səhvə yol verib qanunsuzluğun araşdırılmasını, həmin qanunsuzluğun icraçıları ilə yanaşı sifarişçilərinin də cəzaya çatdırılmasını tələb etməli idim. İndi səhvimi düzəltmək qərarını vermişəm. Məhkəmə qərar çıxardıqdan sonra G.İsmayılova Binəqədi Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verib. Halbuki əvvəlki qərarda hər şey çox aydın şəkildə yazılıb”. Kamil İsmayılov bir daha hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət etməklə ona qarşı törədilən qanunsuzluqların araşdırılmasını istəyib. “Yeni Müsavat” Geri qayıt |