Əsas Səhifə > Hadisə, Manşet > İsmayıllıya sığınan laçınlı ailənin faciəsi

İsmayıllıya sığınan laçınlı ailənin faciəsi


11-11-2016, 08:56
İsmayıllıya sığınan laçınlı ailənin faciəsi
“Bir adamın ki ayağının altında döşəmə, başının üstündə tavan yoxdur, səncə, onun yaşayışına insan yaşayışı demək olarmı? Dediyim odur ki, mənim qaldığım paslanmış, çürümüş vaqona məmur öz itini də bağlamağı qıymaz”.

Bənövşə Quliyeva Laçın rayonundan məcburi köçkün düşüb. 16 ildir ki, İsmayıllının Diyallı kəndində vaqonda yaşayır. Vaqon həyatı Bənövşə xanımın və iki övladının canına “qənim kəsilib”. Ananın ayaqları tutulub, övladlarının böyrək və ciyərləri sıradan çıxıb.

Ailənin başçısı 7 il əvvəl, elə bu vaqonda xəstəlikdən canını tapşırıb. Əziyyətin gerisi Bənövşə xanımın çiyinlərinə düşüb. O, illərdir, yarıqaranlıq, sınıq-salxaq vaqonda övladlarıyla bərabər yaşam mücadiləsi verir:

“Hərdən düşünürəm, biz elə ölənəcən beləmi yaşayacağıq? Bu qədər allahsızlıqmı olar?! Gedirəm icra hakimiyyətinə, deyirəm, gəlin, görün nə vəziyyətdə yaşayırıq!.. İnanın ki ərindiklərindən hələ də gəlib çıxmayıblar. Yağış yağanda vaqonun içində corablarımızacan suya batırıq. Su vaqonun çürük yerlərindən içəri – döşəməyə axır. Odun alıb canımızı isitməyə pulumuz yoxdur”.

Ailənin ev əşyaları da qohumların evindədir. Bənövşə xanım vaxtilə ona cehiz verilən avadanlıqdan gözüdolusu yararlanmayıb. Deyir, məşəqqətli vaqon həyatı onu ruhən çox qocaldıb:

“Hərdən o qədər bezirəm ki... Məcburi köçkünlərə hər dəfə ev tikiləndə aldadırlar ki, “evdən qalmadı, səbirli ol, gələn dəfə sənə də düşər”. Aldana-aldana həyatımızı yola veririk. Heç olmasa, övladlarımı nəzərə alsınlar, onların gələcəyini düşünsünlər”.

İsmayıllı rayon İcra Hakimiyyətindən bildirilib ki, Bənövşə xanımı yaşayış yeri ilə təmin etmək “Qaçqınkom”un vəzifəsidir. Komitədənsə isə bildirilib ki, yaxın günlərdə köçkün ailəsinin durumu ilə maraqlanacaqlar.

Suallar qalır

İsmayıllıya sığınan laçınlı ailənin faciəsi

Geri qayıt