Əsas Səhifə > Hadisə, Manşet > Azərbaycanda etiraz edən vətəndaşlara silah çəkdilər...

Azərbaycanda etiraz edən vətəndaşlara silah çəkdilər...


26-07-2016, 09:09
Azərbaycanda etiraz edən vətəndaşlara silah çəkdilər...
Zöhrab Həsənov ləngimədən şəxsi avtomobilindəki odlu silahını çıxarır və etiraz aksiyası keçirənlərin üzərinə də şığıyır Ötən günlərin birində “Gündəm Xəbər” qəzetinin redaksiyasına olduqca diqqəti cəlb edən, əksəriyyəti şoka sala biləcək məlumat daxil olmuşdur. Daxil olan məlumata və təqdim edilən video çəklişə diqqət yetirdikdə o da məlum olur ki, Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində məskunlaşan çoxsaylı xocalılar, üz-üzə qaldıqları sosial problemlərin varlığına etiraz əlaməti olaraq, ərazidən keçən yolu bağlayırlar. Yəni, qəsəbə sakinləri ümumi etiraz aksiyasında Xocalı rayon İH-dən tələb edirlər ki, onların yol və digər əhəmiyyət kəsb edən sosial problemləri həllini tapsın. Həmin vaxt şəxsi avtomobili ilə “RİYAD” Təhlükəsizlik Xidmətinin Göranboy rayonu üzrə rəhbəri Zöhrab Həsənov hadisə yerinə gəlir və xocalıları etiraz aksiyasından çəkindirməyə çalışır. Amma, o, nə qədər çalışsa da, sosial problemlərdən təngə gələn xocalılar fikirlərindən dönmürlər. Belə olan halda Zöhrab Həsənov ləngimədən şəxsi avtomobilindəki odlu silahını çıxarır və etiraz aksiyası keçirənlərin üzərinə də şığıyır. Düzdür, “RİYAD” əməkdaşının bu cür addımı heç cür gözlənilməz olur və aksiya iştirakçıları onun atdığı addımdan ehtiyat da edirlər. Çox keçmir ki, aksiyada iştirak edən ağsaqqallar Zöhrab Həsənovla danışığa başlayıb, onu sakitləşdirməyə da çalışırlar. Bütün bunlar çatdırılan məlumatlarda və təqdim olunan çəklişə baxmaqla hazırladığımız açıqlamaların varlığıdır. Aksiya iştirakçılarının “Gündəm Xəbər”ə çatdırdıqları başqa bir məlumatda o da bildirilir ki, həmin vaxt Zöhrab Həsənova məxsus avtomobildə olan həyat yoldaşı da, çox keçmir ki, “Makarov” markalı silah çıxarır və ona köməklik də etməyə başlayır. Bu haqda heç bir çəkliş təqdim olunmadığından, yaşanan son olayın nə dərəcədə həqiqət olub-olmaması barədə bir söz deyə bilmərik.
“Gündəm Xəbər” olaraq daxil olan məlumatları əsas tutub 18 iyul 2016-cı il tarixdə, saat 22:30-da Zöhrab Həsənovla əlaqə saxlamağı, yaşanan problemlərin varlığına münasibət bildirməsini özümüzə borc bildik. Çünki, həmin məlumatlar əsasında açıqlama hazırlayıb, geniş ictimaiyyəti bu yöndə məlumatlandırmalı idik. Qarşı tərəf olaraq o, ünvanladığımız sualları cavablandıraraq bildirdi ki, “mən həmin vaxt yol keçirdim, aksiyaçılar yolu bağlamışdılar. Nə qədər çalışsam da, aksiya iştirakçıları yolu açmadılar. Hətta, onlara onu da bildirdim ki, hava istidir, avtomobilimdə ailəmlə birlikdəyəm. Amma, yolu bağlayan biqeyrət, oğrac, şərəfsizlər, nə qədər çalışsam da yolu açmadılar. Mənə söyüş söydülər və belə olan halda gözü ilə görən qeyrətsizlərdən özümü qorumaq üçün, qanuni adıma olan balaca silahımı avtomobilimdən götürdüm və onlardan özümü qorudum. Mən də onlardan şikayət etmişəm, hal-hazırda araşdırılmaqdadır” dedi. Hətta, Zöhrab Həsənov onu da bildirdi ki, “onlar hökumətə, icra başçısına söyüş söyərək təhqir edirdilər. Mənə də bildirdilər ki, “sən də boynu yoğunlardansan, onların bir tayısan” deməklə, məni təhqir etməkdən də çəkinmədilər. Bu cür təhqirlərə dözməyib, adıma olan qanuni silahı çıxarıb onların üstünə çəkdim. Bir sözlə aksiyada olanlar, sizə çatdırdıqlarını tamam yalan çatdırıblar. Sizdə olan çəklişdən iki-üç dənəsi məndə də var və həmin çəklişdən də görünür ki, avtomobildən silahı mən yox, sakinlər götürürlər”. Onun bu cür açıqlamasına cavab olaraq bildirdik ki, “bizdə olan çəklişdə, məhz silahı sizin çıxartdığınız açıq-aydın görünür”. Bütün bunlardan əlavə, Zöhrab Həsənova sizin həyat yoldaşınız da sakinlərə “Makarov” markalı silahla hədə-qorxu gəlib deyə sual verdikdə o, “camaat çox şey danışa bilər, onu bilin ki, həyat yoldaşımla bağlı şatdırılan məlumatlar da, ağ-yalandan başqa bir şey deyil” deməklə kifayətləndi. Amma onu da nəzərə almaq lazımdır ki, xidməti və mülki silahdan hansı şəraitdə, hansı məqamda istifadə etmək, “Xidməti və Mülki Silah Haqqında Qanun” 30 dekabr 1997-ci il tarixdə mərhum prezidentimiz Heydər Əliyev tərəfindən imzalanarkən, bütün məqamlar tam aydınlığı ilə izah olunub. Xidməti və mülki silah haqqında Azərbaycan Respublikasının Qanunu VII. İnsanların toplaşdığı və ya kənar şəxslərin ziyan çəkə biləcəyi yerlərdə, qadınlara, yanında azyaşlı uşaqlar olan şəxslərə, açıq-aşkar əlillik və ya sağlamlıq imkanlarının məhdudluğunun əlamətləri olan şəxslərə, azyaşlı olduğu aşkar görünən və ya məlum olan şəxslərə qarşı onlar tərəfindən silahlı və ya qrup şəklində basqın hallarından başqa odlu silahın tətbiq edilməsi qadağandır . P.S. Ümumiyyətlə, belə bir olayların yaşanması heç də yaxşı əlamət deyil. Çünki, əldə etdiyimiz məlumatlara görə “RİYAD” Təhlükəsizlik Xidməti ölkə rəhbəri cənab İlham Əliyevin əmisi oğlu İlqar Əliyevə məxsusdur. Bu cür addımların atılması da, istənilən halda nə ölkə rəhbərinə, nə də ki, prezidentə yaxınlığı ilə seçilən şəxslərə heç də başucalığı gətirməz. Baxmayaraq ki, ölkə rəhbəri keçirdiyi müşavirələrdə, bir çox toplantılarda daim vəzifə sahiblərinə, onların övladlarına (söhbət qudurğan məmur övladlarından gedir) barmaq silkələyib “hər kəs davranışına, daha çox sadə vətəndaşlarla münasibətlərinə diqqət yetirməlidir” deyə, lazımi tapşırıqlarını da verir. Təəssüflər olsun ki, bu cür tapşırıqların verilməsinə baxmayaraq, hələ də vəzifə səlahiyyətindən suiistifadə edən, sadə sakinləri aşağılamağa çalışanlar da var. Araşdırmamız davam edəcək. Qarşı tərəfin mövqeyini bir daha dinləyə bilərik. P.S Redaksiyamıza təqdim olunan VİDEO çəkilişi çoxsaylı oxucularımızın ixtiyarına buraxırıq. Qoy hər kəs həmin çəkilişə baxıb, “RİYAD”ın əməkdaşı Zöhrab Həsənovun atdığı addımlara vətəndaş münasibətini bildirsin.



Geri qayıt