Əsas Səhifə > Hadisə, Manşet > Onlar hamıya nəzarət edir, bəs onlara kim nəzarət edir?

Onlar hamıya nəzarət edir, bəs onlara kim nəzarət edir?


4-07-2016, 09:40
Onlar hamıya nəzarət edir, bəs onlara kim nəzarət edir?
Artıq xeyli müddətdir ki, bizimdovr.az-a daxil olan məlumatlarda Şamaxı rayonu Maliyyə İdarəsinin müdiri Seyran Alcanovun işində müşahidə olunan çeşidli qanun pozuntularından bəhs edilir. Açıqlamalarda bildirilir ki, Seyran Alcanov tərəfindən vətəndaşların hüquqlarının pozulması, külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi, müxtəlif maliyyə maxinasiyalarının törədilməsi və sairə bu kimi neqativ hallara davamlı olaraq yol verilir. İddialara görə, Şamaxı rayonunun xüsusən təhsil və səhiyyə sahələrnin inkişafı üçün ayrılmış dövlət vəsaitləri heç də tam həcmdə ünvanyönlü xərclənmir. Belə ki, Seyran Alcanov rəvac verdiyi müxtəlif maxinasiyalar vasitəsilə bu vəsaitlərin külli-miqdarda mənimsənilməsinə yol açır. Mənbələr iddia edirlər ki, Seyran Alcanov Şamaxının təhsil və səhiyyə müəssisələrinin tələbatlarının ödənilməsi məqsədilə keçirilən satınalma tenderlərinə müdaxilələr edir. Nəticədə müsabiqələrdə məhz onun təqdim etdiyi müəyyən şirkətlər “qalib” olurlar. Bundan sonra isə, maliyyə vəsaitləri əslində heç bir maddi-texniki bazası olmayan həmin müəssisələrin hesablarına köçürülür və ardından da, klassik “nağdlaşdırma” maxinasiyaları həyata keçirilir. Bu vasitə ilə təkrar hesablardan çıxarılan vəsaitlərin müəyyən bir hissəsi də, məhz Seyran Alcanova təqdim olunur.Bu xüsusda yeni aldığımız məlumatlarda da vurğulanır ki, yuxarı instansiyalara təqdim olunan hesabat və məruzələrdə şişirdilmiş rəqəmlər göstərilir. Yerli mənbələr tərəfindən xüsusi olaraq qeyd olunur ki, idarənin fəaliyyətində “Dövlət büdcəsi haqqında” qanunun bir çox maddələri də kobud şəkildə pozulur.

Məlumatlarda həmçinin vurğulanır ki, hazırda Seyran Alcanov rayonda fəaliyyət göstərən əksər idarə, müəssisə, habelə büdcə təşkilatları rəhbərlərinə qəti tapşırıq verib ki, onun icazəsi olmadan işə bircə adam belə qəbul edilməməlidir. Eyni zamanda da hamıya xəbərdarlıq edilib ki, bu qadağanı pozan məmurun rəhbərlik etdiyi qurum maliyyə idarəsi tərəfindən ciddi və obyektiv yoxlamaya məruz qoyulacaq. Başqa sözlə desək, Seyran Alcanov faktiki olaraq rayonda işədüzəltmə məsələlərində əsil monopoliya yaradıb. Bunun isə, birbaşa maliyyə məsələlərinə aid olan bir səbəbi var. Məlumdur ki, rayonlarda bir çox büdcə təşkilatlarının rəhbərləri öz qohumlarının adını “ölü canlar” qismində işə yazdırıb, sonra da onların əmək haqqlarını mənimsəyirlər. O cümlədən, Şamaxı rayonunun müəssisə və qurumları da belə maxinasiyalardan xali deyillər. Maliyyə İdarəsinin müdiri isə, bundan xəbər tutduqdan sonra həmin işə götürənlərə şərik olmaq qərarına gəlib. Belə ki, açıqlamalara görə Şamaxının maliyyə şefi müəssisə rəhbərlərinin bu yolla mənimsədikləri əmək haqlarının yarısını özünə istəyir. Əks təqdirdə, Seyran Alcanov həmin müəssisədə yoxlama aparacağı ilə qarşı tərəfi hədələyir. Bundan başqa, daxil olan məlumatlarda Seyranın Alcanov Şamaxının bəzi dövlət idarələrində rəhbər vəzifələrdə çalışan məmurlarla əlbir olaraq dövlət vəsaitlərinin mənimsənilməsi məqsədilə həyata keçirdiyi başqa növ maxinasiyalara dair maraqlı açıqlamalar da təqdim olunmaqdadır. İddialara görə, Şamaxı rayon Maliyyə idarəsinə rəhbərlik edən Seyran Alcanov özünü sözün əsil mənasında bu idarənin bütün resurs və vəsaitlərinin sahibi hiss edir. Bəzi mənbələr isə, israrla belə bir məqamı da vurğulayırlar ki, məlumatlarda bəhs olunan nöqsanlardan bir çoxu müxtəlif vaxtlarda Maliyyə Nazirliyi tərəfindən aparılmış yoxlamalar zamanı aşkar olunsa da, nədənsə təqsirkarların cəzalandırılması istiqamətində bu günədək konkret addımlar atılmayıb.

Qarşı tərəfin də mövqeyini əks etdirə bilərik.

Geri qayıt