Əsas Səhifə > Hadisə, Manşet > Fətullah Gülən Azərbaycanda mövcudluğunu qoruyur

Fətullah Gülən Azərbaycanda mövcudluğunu qoruyur


4-06-2016, 09:37
Fətullah Gülən Azərbaycanda mövcudluğunu qoruyur
Beyləqanda Rayon Təhsil Şöbəsinin müdiri postu uğrunda uzun müddətdən bəri davam edən savaş nəhayət ki, sona çatdı. Tarixdən də məlumdur ki, adətən əksər müharibələrin sonu, dağıntılara məruz qalmış ölkələrdə sonrakı sürətli inkişafa təkan verir. Lakin bizimdovr.az-a Beyləqanda olan mənbələrdən daxil olan məlumatlarda bildirilir ki, şərti olaraq “kürsü müharibəsi” kimi adlandırıla biləcək bu savaşın sonu, rayonun təhsilinə nə inkişaf, nə də ümumiyyətlə heç bir pozitiv dəyişiklik vəd etmir. Səbəb də budur ki, rayonda hər kəsin ehtimal etdiyi, lakin inanmaq istəmədiyi və hələ də inana bilmədiyi halda, bu savaşın nəticəsində Beyləqan Təhsil Şöbəsi müdirinin kürsüsünə Beyləqan şəhər 3 saylı orta məktəbin direktoru Xuraman Rüstəmova əyləşmiş oldu. Bu isə, Beyləqan təhsilində yalnız və yalnız tənəzzülün sürətlənməsinə, mövcud problemlərin dərinləşməsinə və yenilərinin yaranmasına səbəb ola bilər.

Xatırlayırsınızsa, qəzetimizin ötən saylarında Beyləqan şəhər 3 saylı orta məktəbinin fəaliyyətində müşahidə olunan bir çox neqativ hallardan, xüsusən də məktəbin direktoru Xuraman Rüstəmovanın öz işində yol verdiyi çeşidli özbaşınalıqlardan bəhs edən bir neçə tənqidi material dərc olunmuşdu. Qeyd edək ki, həmin materialların hazırlanmasında istinad etdiyimiz açıqlamalarda xüsusilə diqqəti cəlb edən maraqlı bir məqam bundan ibarət idi ki, hətta Beyləqan RTŞ-nin rəhbərliyi də 3 saylı məktəbdə cərəyan edən hadisələrə müdaxilə etmək imkanlarına malik olmadığını bəyan etmişdi. Həmin yazılardan birində qeyd olunmuşdu ki, bir müddət əvvəl Beyləqan rayon 3 saylı orta məktəbin bir qrup müəlliməsi Xuraman xanımın davamlı olaraq yol verdiyi özbaşınalıqlar səbəbindən RTŞ-yə şikayət etmişdilər. Lakin şöbənin müdiri (artıq keçmiş müdiri) Tofiq Sadıqov buna cavab olaraq bildirmişdi ki, o, Xuraman xanıma “bata bilmir” və yaxşı olar ki, müəllimələr öz şikayətlərini Rayon İcra Hakimiyyətinə təqdim etsinlər. Lakin hadisələrin sonrakı inkişafı və xüsusən də bu günkü nəticələr göstərdi ki, Beyləqan RİH başçısı Vaqif Abdullayev şəxsən özü Xuraman Rüstəmovanın fəaliyyətindən heç də narazı deyil. Bəzi mənbələr isə, məktəb direktorunun malik olduğu bu “toxunulmazlıq statusunu”, qismən də onun iki oğlunun rayonda kifayət qədər nüfuzlu vəzifələrə sahib olmaları ilə izah edirdilər. Belə ki, Xuraman Rüstəmovanın bir oğlu, Yasin Əliyev Beyləqan rayon məhkəməsində sədrin köməkçisi, digər oğlu Elgün isə, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin Beyləqan rayon şöbəsində çalışırlar. Qeyd etmək lazımdır ki, bundan əvvəl aldığımız açıqlamalarda Xuraman xanımın övladlarının da yol verdikləri özbaşınalıqlar səbəbindən rayon ictimaiyyətinin diqqətni daim özlərinə cəlb etdikləri vurğulanmışdı.

Lakin bütün bunlar, son nəticədə Xuraman Rüstəmovanın RTŞ müdiri postuna təyinatını əngəlləyəcək məqamlar kimi çıxış edə bilmədi. Yeri gəlmişkən, bir müddət əvvəl, hələ bu təyinata hazırlıq işləri aparılarkən, ölkə mətbuatında bəlkə də daha ciddi ittihamlar yayımlanmışdı. KİV-ə açıqlama verən mənbə bildirmişdi ki, Beyləqanda nurçuluq təriqətinin təbliğatı ilə məşğul olan bir qrup şəxs tərəfindən Xuraman Rüstəmovanın RTŞ müdiri postuna təyinatını təmin etmək üçün 70 min manat pul ayrılıb. Görünür, təriqətçilər həmin məbləği vaxtında tələb olunan ünvana çatdıra biliblər...

Qarşı tərəfin də münasibətini öyrənməyə hazırıq.

Geri qayıt