Əsas Səhifə > Dünya > NATO Türkiyənin havadan müdafiə sistemini gücləndirir

NATO Türkiyənin havadan müdafiə sistemini gücləndirir


2-12-2015, 08:44
NATO Türkiyənin havadan müdafiə sistemini gücləndirir
"NATO Türkiyənin hava müdafiə sistemini gücləndirməyə davam edəcək və qarşıdakı həftələrdə bu istiqamətdə əlavə dəstək ölçüləri həyata keçiriləcək." ANS PRESS-in məlumatına görə, bu bəyanatı NATO xarici işlər nazirlərinin Brüsseldə keçən toplantısının yekunları ilə bağlı keçirilən mətbuat konfransında alyansın baş katibi Yens Stoltenberq səsləndirib. Rusiya və Türkiyəni münasibətlərdəki gərginliyi azaltmağa və sakitliyə çağıran Stoltenberq, müdafiə sistemi ilə bağlı ölçülərin hələ rus təyyarəsi vurulmazdan əvvəl planlaşdırıldığını əmin edib.

“Türkiyənin müdafiəsi ilə bağlı bizim uzunmüddətli planlarımız var. Həmin planları müntəzəm olaraq götürqoy edir və daha da gücləndiririk. Son bir neçə ildə NATO Türkiyənin hava müdafiəsini əhəmiyyətli dərəcədə genişləndirib. Bunu davam etdirəcəyik, habelə müttəfiqlər Türkiyə üçün bir sıra əlavə dəstək ölçülərini nəzərdən keçirir. Onlar qarşıdakı həftələrdə yekunlaşdırılacaq.”

NATO-nun baş katibi nəzərdə tutulan planlar barədə, İngiltərənin bu çərçivədə Türkiyəyə təyyarə, Almaniya və Danimarkanın Aralıq dənizinə hərbi gəmilər göndərəcəyini bildirib. Stoltenberq çıxışında eyni zamanda İŞİD məsələsinə toxunaraq, ali diplomatların Suriyada terrorçulara qarşı hərbi kampaniyanın gücləndirilməsi yollarını müzakirə etdiklərini diqqətə çatdırıb.

Bu tədbirlərin bölgədə Rusiya təyyarəsinin vurulması ilə heç bir əlaqəsinin olmadığını deyən Stoltenberq, hazırda Türkiyədə olan İspaniya Patriotlarının və ABŞ hərbi təyyarələrinin dəstək məqsədi ilə burda olduqlarını qeyd edib.

Geri qayıt