Əsas Səhifə > Dünya > Rusiya və İranın birgə əməkdaşlığı Xəzərdə hərbi fəallığı artırır

Rusiya və İranın birgə əməkdaşlığı Xəzərdə hərbi fəallığı artırır


23-10-2015, 12:31
Rusiya və İranın birgə əməkdaşlığı Xəzərdə hərbi fəallığı artırır
İranın Hərbi-Dəniz Qüvvələrinin üç gəmisi Rusiyanın Xəzər dənizi sahillərində yerləşən Həştərxan limanına daxil olub.

ANS PRESS-in məlumatına görə, bu barədə Rusiyanın Müdafiə Nazirliyinin rəsmi “facebook” səhifəsində qeyd edilib.

Məlumata görə, "Dəmavənd" hərbi gəmisində, həmçinin "Cuşan" və "Peykan" adlı iki raket katerində olan İran hərbçiləri Maxaçkala Xəzər donanmasının nümayəndələri tərəfindən qarşılanıb.

"Dəmavənd" hərbi gəmisində helikopter meydançasından tutmuş, hava hücumundan müdafiə raketləri və ağır artilleriya silahları var.

"Cuşan" və "Peykan" adlı iki raket katerində isə orta uzaqlığa uça bilən qanadlı raketlərlə təchiz edilib. Amma İran gəmilərinin Rusiyaya səfərinin məqsədinin futbol və voleybol üzrə hərbi yoldaşlıq matçlarında iştirak etməsi göstərilir.

Bütün bunlar isə dəniz ətrafında son vaxtlar “Xəzərdə hərbi fəallığın" artırılması fonunda baş verir. Amma hələ ki, ətrafda yerləşən 5 dövlət Xəzərin statusu ilə bağlı ortaq məxrəcə gələməyiblər. Bu razılaşdırılmayan məsələlər arasında Xəzər dənizinin hərbi statusunun qəbul edilməsidir. Amma ərtaf dövlətlərin əksəriyyəti Xəzəri “sülh dənizi”nə çevirmək istədiklərini bəyan ediblər. Son vaxtlar Rusiya və İran Xəzər dənizində hərbi əməkdaşlığı genişləndirməyə cəhd edirlər.

Sabiq dövlət müşaviri Qabil Hüseynlinin sözlərinə görə, bu fəallaşma Xəzər dənizinin hərbiləşdirilməsinə gətirib çıxara bilər: “Rusiya və İran gəmiləri Xəzər dənizində mütəmadi olaraq sahil limanlara səfər edirlər. Həmçinin bu iki Xəzəryanı dövlət Suriya ərazisində birgə fəaliyyət göstərirlər. Hətta İran Rusiyaya Suriyanı Xəzər dənizindən vurmağa kömək etib. Bütün bunlar dünyada olduğu kimi Xəzər dənizində də vəziyyəti gərginləşdirə və dənizidə hərbi fəallığı artıra bilər”.

Xəzər dənizi ilə bağlı ilk müqavilələrdə - Peterburq (1723), Rəşt (1731), Gülüstan (1813), Türkmənçay (1828) müqavilələrində Xəzərin statusu göstərilməsə də, bu sənədlərdə Rusiyaya verilən böyük imtiyazlar öz əksini tapırdı. 1921-ci il fevralın 26-da imzalanan Rusiya-İran müqaviləsində 1881-ci ildə sərhəd komissiyası tərəfindən müəyyən edilmiş sərhəd xəttinin İran və Rusiya arasında su sərhədi kimi qəbul olunması razılaşdırılır.

1935-ci ildə İran-SSRİ arasında imzalanmış “Ticarət, dənizçilik və məskunlaşma haqqında”, 1940-cı ildə “Ticarət və dənizçilik haqqında” imzalanmış müqavilələrdə də Xəzərə Sovet-İran dənizi kimi baxılırdı. Həmçinin 1991-ci ilə kimi İrandan başqa dənizin ətarfında yerləşən bütün dövlətlər Sovet İttifaqının tərkibinə daxil idi.

Qalib Hüseynli qeyd edir ki, Rusiya ilə İranın Xəzərdə və digər regionlarda birlikdə əməkdaşlıq etməsi sənəd üzərində olmasa da, onların yeni ittifaq yaratdıqlarını ortaya çıxarır: “Bu ittifaq Xəzər ətrafında digər dövlətləri şıxışdırıb, dənizdə öz hegemonluqlarını yaratmağa çalışırlar. Bu isə Xəzər dənizinin siyasi statusuna mənfi təsir etməyə bilməz. Çünki Rusiya və İranın birliyinə ətrafdakı digər dövlətlərin müdaxiləsi real görünmür”.

Sabiq müşavir Qalib Hüseynli bildirir ki, Xəzər dənizinin hərbiləşdirilməsində Azərbaycan da maraqlı deyil. Buna görə də Azərbaycan dənizdə hərbi fəallığın artırılmaması ilə bağlı təkliflərini gündəmdə saxlayır.

Bu dünyada su hövzələrində hərbi fəallığın artırılması ilə bağlı ilk təcrübə deyil. 1962-ci ildə Sovet lideri Nikita Xruşov ani və çox fikirləşmədən verdiyi qərarla Kubaya hərbi gəmilərlə Sovet nüvə silahlarının yerləşdirilməsi üçün əmr verdi. Əməliyyat gizli həyata keçiriləcək və dünya ictimaiyyətinə məlumat verilməyəcəkdi.

Amma ABŞ-in kəşfiyyat təyyarələri SSRİ-yə məxsus nüvə silahı ilə dolu gəminin Karib dənizinə yaxınlaşmasını müəyyən etdi.

Bu isə hərbiləşməkdə olan dənizdə dünyanı nüvə müharibəsinin astanasına gətirən “Karib böhranı”na səbəb oldu. Amma son anda əldə edilən razılaşmadan sonra Sovet hərbi gəmiləri geri çəkildi.

İndi isə Xəzər dənizi hərbiləşdirilməsi ətrafında hadisələr baş verir. Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar Putini vəziyyətdən yeni çıxış yolları tapmağa sövq edir. Oktabrın 7-də Rusiyanın Suriyanı Xəzərdən vurması isə dənizdə hərbiləşdirmə ilə bağlı ilk addım kimi qiymətləndirmək olar.

Rusiya illərdir ki, ətraf dövlətlərə hərbi sahədə əməkdaşlıq təklif edir. Amma Azərbaycan və Qazaxıstan ABŞ-ın bu hövzədəki “Xəzər keşikçisi” layihəsindən faydalanır və bu əməkdaşlığa “yox” deyir. Rusiya Xəzərə "kənar dövlətlərin nüfuz etməsinə" qarşı çıxış edir, sahilyanı ölkələrə hərbi əməkdaşlıq təklif edir. Qərbin sanksiyalarından canını qurtaran İran isə Rusiyanın Xəzərdəki hərbi əməkdaşlıq təklifinə “hə” deyir.

Bu isə Xəzər ətrafında yerləşən dövlətlərin daha böyük donanma saxlaması ilə nəticələnə bilər. Məsələn Rusiyanın Xəzərdə 2 hərbi gəmisinin üzdüyünü görən Türkmənistan dənizdən gələ biləcək təhlükənin qarşısını almaq üçün yeni hərbi gəmi sifariş edəcək. Bu addımı atmağa Türkmənistanın timsalında Xəzəryanı dövlətlərin hər birinin hüququ var.

Çünki hər bir dövlət milli təhlükəsizliyinə qarşı çıxacaq bütün hədələrə cavab vermək üçün silahlanır. Bütün bunlar dənizin hərbi gəmilərlə və ağır silahlarla dolması ilə nəticələnə bilər. Xəzər qapalı dəniz olduğu üçün qonşu ölkələr onun təhlükəsizliyinə tamamilə nəzarət edə bilirlər.

Xəzər dənizinin hərbiləşdirilməsi ətraf dövlətlər üçün əlavə xərcdir. Amma bütün baş verənlər tarixdə mövcud olan İran-Sovet dənizi termininin dilimizə İran-Rusiya dənizi adı altında qayıdacağını deməyə əsas verir. Azərbaycan isə güclü ordulara malik dövlətlərin arasında yerləşən yeganə ölkədir.

Geri qayıt